!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 dəqiqə ərzində baş verənlər və Lamiyənin ölümü – Fotolar,Video

!Reklam – Yazi

lemiyeHadisədən sonra şübhə doğuran məqamlar ortaya çıxıb. Ən əsası da gənc qızın ailəsi 19 yaşlı Lamiyənin intihar etmədiyini, onun iki nəfər tərəfindən hündürmərtəbəli binadan yerə atıldığını iddia edir. Ailə bunu sübut edən faktların olduğunu deyir.

Hadisənin təfərrüatlarını dinləmək üçün Lamiyənin Xırdalan qəsəbəsində yaşayan ailəsi ilə görüşdük. Yaşasa idi aprelin 21-də Lamiyənin 19 yaşı tamam olacaqdı. Qızlarının doğum gününə hazırlaşan ailə heç ağıllarına belə gətirə bilmədikləri faciə ilə qarşılaşdılar. Hüseynovlar ailəsi qızlarının doğum günündə onları ziyarət edənlərə ehsan verirdi.

Lamiyənin ailə üzvləri qızlarının ölümündən əvvəl və sonra baş verənləri musavat.com-un əməkdaşına danışıblar.

Əvvəlcə qısa olaraq Lamiyə haqda məlumat verək. 1997-ci il təvəllüdlü Lamiyə 9-cu sinifi bitirdikdən sonra orta məktəbdən çıxıb. Ailəsi deyir ki, dizayner kurslarına gedən Lamiyə bu sahədə özünü qismən doğrulda bilib. 5-6 ay əvvəl isə evlərinin yaxınlığındakı “Mega City Abşeron” ticarət mərkəzindəki mağazalardan birində satıcı işləməyə başlayıb. Elə böyük bacısı Nuranə kimi. Lamiyə evin ən kiçiyidir. Onun bir də qardaşı var.

10 dəqiqə ərzində baş verənlər və lamiyənin ölümü…

Lamiyə ticarət mərkəzində işə düzəldikdən bir müddət sonra Ramil adlı şəxslə tanış olub. Ramil eyni ticarət mərkəzində mağazalardan birini icarəyə götürərək işlədirmiş. Lamiyə ilə Ramil arasında sonradan yaranan münasibətdən gənc qızın anası Yeganə Hüseynova da xəbər tutub. Bunu gənc qızın özü anasına deyib.

Daha sonra Lamiyəni həmin ticarət mərkəzində geyim mağazası işlədən Xəyyam Məcidov adlı başqa bir şəxs sevib. 24 yaşlı Xəyyam qısa tanışlıqdan sonra bu niyyətini Lamiyəyə bildirib.

Lamiyənin anası bu iki oğlan haqda bunları deyir: “Hər ikisinin qızımı istədiyini bilirdim. Ancaq onun ailə həyatı qurmasını istəmirdim. Hələ 19 yaşı tamam olmamışdı. Ramilin kobud adam olduğunu görəndə mən də hiss etmişdim. Bundan qızım da gileylənirdi. Xəyyamın da qızımdan xoşu gəldiyini bilirdim. Bunu da mənə qızım demişdi. Ancaq qızım sonrdan Xəyyamı sevdi. Lamiyə bu iki oğlanın aralarında yaranan mübahisənin, söz-söhbətin qurbanı oldu. Qızımla son görüşdə Xəyyam və Ramil bir yerdə olublar. Hadisə baş verən binaya Lamiyə onlarla birlikdə gedib”.

Gənc qızın həyatını sonlandıran hadisələr bir neçə dəqiqə ərzində baş verib. Hadisə baş verməmişdən bir neçə dəqiqə əvvəl olanlar yaxınlıqdakı nəzarət kamerlarına da düşüb. Bu görüntüləri Lamiyənin atası əldə edə bilib.

Hadisə baş verən gün Lamiyənin atası Nemət Hüseynov evdə olmayıb. Neftçi olan N.Hüseynov hadisə baş verən günün səhəri Neft Daşlarından evinə gələ bilib.

Nemət Hüseynov bu dəqiqələr ərzində baş verənləri və qızın ölümə aparan yolu belə danışır: “Ticarət mərkəzinin qarşısında olan marketdə nəzarət kamerası var. Görüntüləri sizə də təqdim edəcəm. Xəyyam qızıma zəng edərək onunla görüşmək və danışmaq istədiyini deyib. İş vaxtı saat 19-da bitir. 18:21-də qızım mağazanı qonşu satıcılara tapşıraraq çölə çıxıb. Aşağıda Xəyyamın maşınında görüşüblər. Bir neçə dəqiqə sonra Ramil də ora gəlib. Maşından düşən Xəyyamla söhbət edib sonra maşına əyləşiblər. Maşında nə danışıldığını bilmirəm. Qısa söhbətdən sonra qızım maşından düşüb və hadisə baş verən binaya doğru gedib. Xəyyam maşınla, Ramil isə piyada onun arxasınca gediblər. Bundan sonrası kameralarda yoxdur. Ticarət mərkəzindən ayrılandan 4-5 dəqiqə sonra Lamiyənin bacısına Xəyyam zəng edib ki, bacın intihar edir, gəl”.

Nemət Hüseynovun bizə təqdim etdiyi görüntülərdən Lamiyənin bacısını qaçaraq hadisə yerinə getdiyi görünür.

Lamiyənin bacısı bundan sonra baş verənləri danışmağa başlayır: “Məni Xəyyam zəng edib çağırdı. Lamiyənin özünü atmaq istədiyini dedi. Mən ora çatanda Ramili gördüm. Əli cibində mənə baxaraq yanımdan keçdi. Mən də sevindim ki, yəqin aralarında söhbət bitib və bu gedir. Binaya yaxınlaşanda Lamiyənin qan içində yerdə uzandığını gördüm. Xəyyamı binanın mühafizəçisi tutmuşdu. Xəyyam məni görəndə qışqırdı ki, Lamiyəni Ramil öldürdü, günahkar odur. Mən Lamiyənin cansız bədəninə baxanda dəhşətli vəziyyətdə idi. Biləkləri çıxmışdı, alt dodağı tamamilə parçalanmışdı, sinəsi sanki daşa sürtülmüş kimi idi”.

Xəyyamı binanın mühafiəçisi niyə tutub?

Lamiyə binaya qalxarkən yanında Ramil və Xəyyamın olduğunu görən yoxdur. Həmin vaxt binanın mühafiəçi orada olmayıb. Mühafizəçi daha sonra Lamiyənin ailəsinə və polisə bildirib ki, həmin vaxt o digər binanın liftinə baxmağa gedib. Çöldən bir qızın qışdırdığını eşidib və qaçaraq ora gəlib.

“Mən çıxanda qızın səsi kəsildi. Sonra binanın blokunun qarşısındakı tikiliyə dəyərək bir neçə metr yaxınlığıma düşdü. Həmin an binaya daxil oldum. Gördüm bir nəfər blokda telefonla danışaraq aşağı düşür. Telefonda deyirdi ki, Ramil, məni necə işə saldın, gəl elə də qurtar. Mən onun qolundan tutub saxladım. Səs-küyə camaat da yığışdı. Başqa da heç kimi görmədim. Sonra polislər gəldi və onu saxladı”- deyə binanın mühafizəçisi Hüseynovlar ailəsinin üzvləri ilə söhbətində deyib.

Lamiyənin anası deyir ki, hadisə baş verən günə qədər qızı heç bir təhdid və ya hədə-qorxu mesajı almayıb. Bu barədə ailə üzvlərindən heç kimə də deməyib.

“Qızım mənimlə çox səmimi idi. Nə olsa mənimlə dərdləşirdi, deyirdi. Mən də bilirdim ki, qızım da Xəyyamı bəyənir. Ramil də ondan əl çəkmirdi. Yəqin ki, bunlar bir-birlərinə nəyisə sübut etməyə çalışıblar. Lamiyə heç vaxt intihar edəcək bir qız deyildi. Həmişə deyib-gülən, heç bir məsələni problem edən bir insan deyildi. Bacısı ilə də bir yerdə işləyirdi. Həmin gün də bacısı ilə bir yerdə olublar. Onun hərəkətlərində nə həmin gün, nə də başqa vaxt fərqli hal müşahidə etməmişik. Heç bir problemi də yox idi. Nə oldusa, həmin bir neçə dəqiqə ərzində oldu. Mən bilirəm ki, qızım intihar etməyib. Onu həmin binadan, doqquzuncu mərtəbədən atıblar”- deyənYeganə Hüseynova istintaqın ədalətli şəkildə davam etməsi və haqlı qərar verilməsini istəyir.

Müəmmalı məqam: Lamiyənin telefonu hadisədən 5 gün sonra necə tapıldı…

Lamiyənin atası heç bir araşdırma aparılmadan qızının intihar etməsi versiyasının səsləndirilməsini heç cür qəbul edə bilmədiyini deyir. Nemət Hüseynov bir neçə faktın qızının intihar etmədiyini sübut etdiyini iddia edir: “Qızım həmin binaya tək getməyib. Yanında Ramil və Xəyyam da olub. Böyük qızım ora gedəndə Ramili və Xəyyamı orada görüb. Ancaq Xəyyam polisə ifadəsində Ramili tanımadığını deyib. Lakin bir neçə dəqiqə əvvəl bir maşında söhbət ediblər və eyni ticarət mərkəzində işləyirlər. Bunların yalan danışdığı məlumdur. Deyirlər ki, Ramil hadisə baş verən yerdə olmayıb. Böyük qızımın yalan dediyini deyirlər. Guya qızım həmin vaxt həyəcanlı olub və yanlış görüb. Hadisə baş verən yerə baxdıq. Balaca boyu olan qızım mümkün deyil ki, özü çıxa bilsin. Ayaqqabısının bir tayı orda qalmışdı. Digəri binanın həyətində idi. Ayaq izləri də divarın içəri tətəfində idi. Həm də binadan xeyli aralıya düşmüşdü. Necə olub ki, qızım bu qədər məsafəyə tullanıb? Mühafizəçi Xəyyamın telefonda Ramillə danışdığını da polisə deyib. Ancaq Ramilin bu işdə günahının olmadığını sübut etməyə çalışırlar”.

Ailə üçün başqa bir müəmmalı məsələ lamiyənin telefonun hadisədən bir neçə gün sonra tapılmasıdır. Başqa bir maraqlı məqam isə Lamiyə öldükdən sonra onun telefonunda Xəyyamın nömrəsindən iki dəfə zəng gəlməsidir.

Bu haqda əvvəlcə Lamiyənin bacısı Nuranə danışır: “Hadisə baş verən gün adını intihar qoydular. Araşdırma aparılmadı. Binanın həyətindən bacımın ayaqqabısını biz tapdıq. Bilərziyini xalam tapmışdı. Sırğası, boyunbağısı da üstündə idi. Ancaq telefon yox idi. Dəfndən bir neçə gün sonra Xəyyamdan bir gün ara ilə iki dəfə zəng gəlib”.

Telefonu daha sonra Lamiyənin atası tapıb. Nemət Hüseynov deyir ki, telefonu yaxınlıqdakı mağazada işləyən bir qadın tapıb: “İlk günlərdə biz nə qədər axtardıq, amma tapa bilmədik. Sonra yenə həmin əraziyə getdim. Onda məlum oldu ki, telefon mağazanı işlədən qadındadır. Ondan soruşandan sonra telefonu mənə verdi. Telefonun heç bir zədəsi yox idi. Hadisə baş verəndə telefon Lamiyənin üstündə olmayıb. Daha sonra telefonu həmin əraziyə atıblar. Biz baxnda gördük ki, bəzi danışıqlar və mesajlar silinib”.

“Qızımı dəfn etdiyim gün öldüm”

Yeganə Hüseynova deyir ki, qızının ölümünün səbəblərinin dəqiq araşdırılması üçün bütün dövlət qurumlarına, ölkə başçısına və birinci xanıma müraciət edib. Yeganə Hüseynova hadisənin günhakarlarının cəzalandırılması üçün sona qədər mübarizə aparacağını bildirir: “Mən bir ana kimi artıq ölmüşəm. Qızımı dəfn etdiyim gün öldüm. İndi məni öz anam ayaqda saxlayır. İki övladım da var. Məcbur onlara görə yaşamalısan deyir. Əgər qızım hansısa bir bədbəxt hadisə və ya qəza zamanı dünyasını dəyişsə idi, dərdimi çəkib, oturardım. Amma mənim gül kimi balamı əlimdən aldılar. Bir insan niyə heç nə olmadan özünü öldürmək istəsin? Axı cavabsız qalan bu qədər suallar var. Bunlara cavab tapana qədər, son nəfəsimə qədər mübarizə aparacam. Ramil və Xəyyam namərd kimi qızımı məndən aldılar. Anaları belə övlad böyütdüyü üçün nə düşünürlər?”.

Hüseynovlar ailəsi istintaqın gedişindən narazı olduqları üçün müstəntiqin dəyişdirilməsini istəyiblər. Nemət Hüseynov deyir ki, bu səbəblə etdikləri müraciətləri cavablandırılıb. İşin istintaqı bir neçə gün əvvəl başqa bir müstəntiqə verilib. N.Hüseynovun bundan sonra işin daha ədalətli şəkildə araşdırılacağına inandıqlarını deyir.

Qeyd edək ki, ölüm faktı ilə bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci, yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.(Musavat.com)

www.yenicag.az

2317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv