"15 iyul çevriliş cəhdinin arxasında ABŞ vardı və hədəf təkcə Türkiyə yox, həm də Rusiya idi " - Duqin

“15 iyul çevriliş cəhdinin arxasında ABŞ vardı və hədəf təkcə Türkiyə yox, həm də Rusiya idi ” – Duqin

Müəllif: Redaktor

Editor

Rusiyalı ictimai xadim, filosof, politoloq, sosioloq, Aleksandr Duqin Türkiyədə baş verən 15 iyul çevriliş cəhdi barədə Yenicag.Ru-ya müsahibə verib.

– Bu günlərdə Türkiyədə 15 iyul 2016-cı il çevrilişə cəhd gecəsi ilə bağlı bir sıra tədbirlər keçirilir. Siz həmin məlum hadisədən sonrakı Türkiyəni və Ərdoğanın son bir ildəki siyasətini necə dəyərləndirirsiniz?

– Ərdoğan bu uğursuz cəhddən sonra bütüb qərarları alıb. O, çox gözəl bilir ki, Gülən təriqətinin arxasında ABŞ dayanır və bunda heç bir şübhə yoxdur. Bu səbəbdən Ərdoğan öz siyasətini Türkiyənin suverenliyini möhkəmləndirmək istiqamətində yenidən, lakin başqa şərtlər altında qurub. Məsələ burasındadır ki, Türkiyə NATO-nun üzvüdür və öz suverenliyini qorumaq üçün ABŞ-la sıx əlaqədədir.

Çünki II Dünya Müharibəsindən sonra Stalinin Türkiyəni işğal etmək təhlükəsi var idi. Müvafiq olaraq, Sovet işğalının qarşısında suverenliyini qorumaq üçün Türkiyə NATO-ya üzv oldu. Belə ki, əvvəldən Türkiyənin NATO-ya üzvlüyü və Qərblə münasibətləri, bu ölkənin suverenliyini qorumağa yönəldilmişdir. SSRİ dağılanda (Rusiyanın daha Türkiyənin geosiyasi düşməni olmadığı və Türkiyəyə daha heç bir təhlükə yarada bilməyəcəyi aydın olduqda) Ankaranın tədricən süverenliyinin bərpası üçün yeni modellərə keçidi başladı.

Bu uzun proses idi və amerikalıların İraqı işğal etməsi ilə bağlı idi, kürdlərin İraqın şimalında kiçik dövlət yaratması, türklərin fikrincə bu, Türkiyənin ərazi bütövlüyünə birbaşa təhlükədir. Beləcə, məlum oldu ki, ərazi bütövlüyünü bərpa edən güc əsas təhlükəyə çevrilib. Ərdoğan bir sıra ciddi strateji səhvlər etdikdən sonra başa düşdü ki, Qərblə yaxınlıq ölkənin ərazi bütövlüyünə təhdiddir. Nəticədə, Türkiyə prezidenti müstəqil siyasət yürütməyə başladı. Qərb də öz növbəsində buna dövlət çevrilişinə cəhdlə cavab verdi.

Ərdoğan başa düşdü ki, Türkiyənin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün Qərbdən uzaqlaşıb, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq lazımdır. Çünki Rusiya Türkiyənin ərazi bütövlüyünə heç bir təhlükə yaratmır, əksinə, müəyyən dərəcədə Türkiyənin ərazi bütövlüyünü qorumaq üçün təminatçıdır, ABŞ isə birbaşa təhlükədir. Bununla paralel olaraq, Türkiyəyə və Ərdoğana qarşı neqativ mövqedə olan Trampın qələbəsi bu ölkə üçün yaxşı heç nə vəd etmir. Trampdan fərqli olaraq, Putin Ərdoğana və türk xalqına qarşı isti münasibət bəsləyir. Bu gün ABŞ və Türkiyə münasibətləri heç də ürəkaçan deyil. Beləcə, Ərdoğan bir sıra mühüm qərarlar verərək, tədricən Avrasiya İttifaqına doğru addımlar atmağa başladı. Mən hesab edirəm ki, bu doğru qərardır.

– Türkiyədə və Rusiyada bir çox ekspertlər sizin məlum hadisə ilə bağlı Türkiyə hökumətinə dəfələrlə etdiyiniz xəbərdarlığı vurğulayıb…

– Əslində, onda Türkiyə və Rusiyanın münasibətləri soyuq idi. Putin və Ərdoğan Suriya ilə bağlı danışıqlarda razılığa gələndə, Rusiya prezidenti müəyyən güzəştlərə getdi. ABŞ öz növbəsində bu prosesə mane olmaq və Ərdoğanı yalançı çıxartmaq niyyəti ilə Rusiyaya məxsus təyyarəni vurdu. Rusiyanın bu zaman Ərdoğana qarşı reaksiyası sərt və radikal oldu, çünki Putin bunu Ərdoğanın xəyanəti kimi qəbul etmişdi.

Bütün digər strukturlar bloklanmışdı və biz vəziyyəti anlamağa çalışırdıq. Bu zaman məlumat aldıq ki, təyyarəni Ərdoğana qarşı çevriliş hazırlayan qüvvələr vurublar. Yəni Ərdoğanın heç bir günahı yoxdur, o özü qurulan planın qurbanıdır. Yazda alınan bu məlumat hadisələri qismən dəyişdi. Putinin Rusiyada türk biznesinə qarşı qoyduğu sərt qadağalara görə, türk biznesi işləyə bilmirdi. Lakin alınan məlumat münasibətlərdəki vəziyyəti dəyişdi.

Bundan sonra Ərdoğan ictimai üzrxahlıq etdi. Mən Ankaraya gəldim və bildirdim ki, Türkiyə prezidentinin bu addımı zəiflik yox, mərdlikdir.

Sonradan ölkələr münasibətləri bərpa etməyə başladılar və məhz bu zaman çevriliş cəhdi baş verdi. Həmin vaxt mən TRT telekanalına Rusiya və Türkiyənin yaxınlaşmasının vacibliyi və Ərdoğa qarşı qurulan plan barədə müsahibə vermişdim. Bundan bir neçə saat sonra çevriliş cəhdi baş verdi və bu telekanalın binası üsyançılar tərəfindən tutuldu.

Belə çətin anlarda bir-birini düzgün anlamaq çox vacibdir. Nəticədə, həm Türkiyə tərəfi mümkün çevriliş cəhdi barədə xəbərdar oldu, həm də Rusiya barədə düzgün, obyektiv təsəvvür formalaşdı. Aydın oldu ki, Rusiya Türkiyənin ərazi bütövlüyünə heç bir hədə-qorxu təşkil etmir.

Bu çevriliş cəhdinin arxasında ABŞ dayanırdı və bu ölkə Türkiyədə kürd separatizmini dəstəkləyir. Bu mənada Rusiya daha düşünülmüş mövqedədir: kürdlərlə dost olmağımıza baxmayaraq, Yaxın Şərqdə, eləcə də Suriyada tamamilə sərhədlərin dəyişilməsi əleyhinəyik.

Belə vəziyyətlərdə əsas məsələ hadisələrə ayıq başla yanaşmaqdır. Hesab edirəm ki, bu, hansısa strateji məlumatdan daha vacibdir. Əgər hadisələrə düzgün nəzər nöqtəsindən baxırıqsa, məlumatı doğru anlaya biləcəyik. Əks təqdirdə, düzgün yanaşma formalaşdıra bilməyəcəyik. Ona görə də ən vacibi paradiqmal siyasi bilik və yanaşmadır. Ömrüm boyu mən bununla məşğul oldum və məhz bu biliklər 1 il əvvəl Türkiyə ilə münasibətdə böyük rol oynadı. Bu çevriliş cəhdi həm Ərdoğan, həm də Rusiya üçün uğurlu oldu. Çünki baş tutmadı. Bu qüvvələr təkcə Türkiyəyə və Ərdoğana qarşı yox, həm də Rusiyaya qarşı idilər.

– Bu gün Türkiyə, Rusiya, hətta Azərbaycanda ekspertlər iki cəbhəyə ayrılıb: çevriliş cəhdindən sonra Türkiyənin gücləndiyini düşünənlər və kadr dəyişikliklərinə (dövlət strukturlarından, xüsusilə də ordudan qovulmalara) görə Türkiyənin zəiflədiyini düşünənlər. Siz vəziyyəti necə qiymətləndirərdiniz? Dövlət çevrilişi cəhdindən sonra Türkiyə daha güclü yoxsa daha zəif oldu?

– Təbii ki, dövlətin qorunub saxlanılması faktı artıq onu deməyə əsas verir ki, Türkiyə daha güclü oldu. Çünki əgər bu cəhd baş tutsaydı, Türkiyədə vətəndaş müharibəsi başlayardı. ABŞ tərəfindən artıq məlumatlanan kürdlər üsyana qalxmağa hazır idilər. Bütün əks qüvvələr Türkiyədə bu prosesə cəlb olunmuşdu. Çevriliş cəhdinin iflasa uğramasının nəticəsi o oldu ki, Türkiyə bu gün mövcuddur. Bunun əksini düşünənlər Türkiyə, Rusiya və Azərbaycanın düşmənləridir.

İkinci önəmli məsələ… Ərdoğan bu il ötənlərə nisbətən öz siyasətini daha düzgün qurdumu? Tamamilə düzgün qurdu. Öz təcrübəsi əsasında çox şey öyrənən Ərdoğan daha düzgün istiqamətdə fəaliyyət göstərməyə başladı. Buna görə də o, birbaşa və ya dolayısıyla çevriliş cəhdini dəstəkləyən və Türkiyəni Əfqanıstan, Suriya, Liviya və İraqda qanlı qarma-qarışıqlığa cəlb etmək istəyənlərin tənqidinə tuş gəldi.

Yenicag.az

Dünya, Manşet, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti