!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"2 gün bayram edir, sonrakı 10 günü necə dolanacağımızı düşünürük"

!Reklam – Yazi

Elimizə, obamıza Novruz gəlir. Bayram aşı bişirir, süfrələrimizi çərəzlər, yaşıl səməni, xonça, boyanmış yumurta, rəngli şamlar, şəkərbura, paxlava, qoğal və müxtəlif yer-yeməli ilə bəzəyirik. Ya da… bəzəyə bilirikmi? Axı bayram süfrəsi üçün yaxşı bazarlıq olunmalıdır. Yaxşı bazarlıq da sözsüz ki, adamın cibinə bağlıdır. Biz də maraqlandıq görək, həmişə iqtisadi çətinlikdən, sosial problemlərdən yazan media mənsublarının özlərinin aldıqları maaş bayram süfrəsinə çatırmı?

Yeniçağ.az onların özünəməxsus maraqlı cavablarını təqdim edir:

Baku.ws-nin baş redaktoru Azad Əliyev bildirdi ki, baxır süfrənin üzərinə düzülən təamlara:

“Mənim ailəm kiçikdir. Ancaq ötən bayramlarla müqayisədə bu dəfə xərc daha çox çıxdı”.

Azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəriblinin sözlərinə görə, bayramqabağı bazarlarda süni qiymət artımın olması Azərbaycan üçün daha xarakterik hal alıb:

“Ancaq bugünkü mənzərə yalnız həmin faktora bağlı deyil. Dünyada baş verən iqtisadi böhranın təsiri bizim ölkədə də açıq-aşkar hiss edilməkdədir. Xüsusilə də, Novruz süfrəsi üçün lazım olan məhsulların qiyməti əhalinin real gəlirlərinə nisbətdə çox bahadır. Qoz, fındıq, badam ləpələrinin qiyməti kiloqramı üçün 35-40 manata satılırsa, məncə, əlavə şərhə ehtiyac qalmır. Konkret mənə gəldikdə deyim ki, qonorar almıram. Konkret əməkhaqqı əsasında çalışıram. İndiki real bazar şəraiti məcbur edir ki, bəzən iki və daha çox yerdə çalışasan. Jurnalistlər üçün təşkil olunan yazı müsabiqələrində də iştirak edirəm. Hərdən orda da qalib oluram və bunun müqabilində pul alıram. Dəbdəbəli olmasa da birtəhər dolanırıq. Şikayətim yoxdur”.

Fins.az-ın baş redaktoru Əli Əhmədov isə söylədi ki, anası dünyasını dəyişdiyinə görə bayramı həmişəki kimi qeyd etməyəcək:

“Amma ümumiyyətlə, götürəndə bir jurnalist olaraq gəlirim bayramı süfrəsinə çatır. Dəbdəbəli olmasa da, şükürlər olsun ki, adətə uyğun süfrə açırıq”.

Jurnalist İlkin Mustafayev dedi ki, mənim Azərbaycan reallığında bir ailənin maddi ehtiyaclarının əksər hissəsini qarşılayacaq qədər gəlirim var:

“Ancaq nəzərə alsaq ki, mart bayramlar ayıdır, bu zaman vəziyyət bir az çətinləşir. Çünki əvvəlcə 8 Martda ailəmizdə olan qadınları məmnun etmək üçün müəyyən qədər xərc çəkdik. Daha sonra çərşənbələr də bizi kifayət qədər xərcə saldı. Axı atılan papaqları boş qaytarmaq olmazdı. “Çərşənbələrdən qurtulduq” dediyimizdə Novruz bayramı qapımızı döyür. Təbii ki, ölkəmizdə bolluq-bərəkət rəmzi sayılan bu bayramda xərclərimiz digər bayramlara nisbətən daha çox olur. Açığını deyim ki, Novruz bazarlığını istədiyim şəkildə edə bilmədim. Çünki yuxarıda sadaladığım bayramlar bizi kifayət qədər xərcə salıb. Hazırda bir ailənin Novruz süfrəsi açması üçün ən yaxşı halda 150-200 manat pul xərcləməsi lazımdır. Çünki məhsullar kifayət qədər bahadır. Belə olduğu üçün də xərclərimiz dəfələrlə artır. Düzdür, mən bu xərci çəkmişəm, amma hələ ayın sonuna 14 gün qaldığını nəzərə alsaq, artıq xərcliyim tükənib. 2 gün bayram edib, sonrakı 10 günü necə dolanacağımızı düşünürük”.

Azvision.az-ın redaktoru Anar Rüstəmovun fikrincə, hazırkı durumda aylıq gəliri pis deyil:

“Çalışıram qənaət edim. Əlamətlər günlərdə, bayramlarda qabaqcadan ehtiyatımı görürəm. Novruzda ailə büdcəmizə uyğun süfrə açmağı düşünürük. Hələ ki ciddi maliyyə problemi yaşamamışam. Hesab edirəm ki, hər kəs öz büdcəsinə uyğun xərclərini müəyyən etməlidir. Fürsətdən istifadə edib, bütün həmkarlarımın bayramını təbrik edirəm. Xəbərlərimiz bol, qonorarlarımız həmişə yüksək olsun”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv