!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“20 Yanvarı daha nə qədər matəm günü kimi qeyd edəcəyik?” - Etiraz

!Reklam – Yazi

Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı qırğının hər il matəm ovqatında anılması birmənalı qarşılanmır.

Yeniçağ.Az xəbər verir ki, bu gün ölkənin hər yerində 20 yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunmuş mərasimlər keçirilir. Yüz minlərlə soydaşımız 20 yanvar qurbanlarının uyuduğu Şəhidlər Xiyabanına axın edərək, Azərbaycanın azadlıq rəmzinə çevrilmiş şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirirlər. Şəhidlər Xiyabanında bu gün səhər saatlarından başlayan anım mərasiminin ötən illərdə olduğu kimi, yenə də matəm ruhunda təşkil olunması 20 Yanvar hadisələrinin mahiyyətini yenidən aktuallaşdırır. Sovet qoşunları 27 il əvvəl Bakıya niyə yeridilmişdi? Minlərlə həmvətənimizin həlak olduğu, yaralandığı, itkin düşdüyü, həbs edildiyi və sovet repressiyasına məruz qaldığı qanlı müdaxilənin səbəbi nə idi? Cavab birmənalıdır: Sovet rəhbərliyi ermənilərin Dağlıq Qarabağ iddialarına etiraz dalğasında geniş vüsət alan milli-azadlıq hərəkatını boğmaq üçün Azərbaycana qoşun yeridərək, tarixi cinayətə əl atdı. Ancaq Kremlin bu “cəza tədbiri” Azərbaycanda milli hərəkatı nəinki durdurdu, əksinə, SSRİ-nin süqutu prosesini daha da sürətləndirdi. Təsadüfi deyil ki, əksər tarixçilər Sovet İttifaqının dağılmasında 20 Yanvar hadisələrinin həlledici təkan effektini açıq şəkildə etiraf edirlər. Belə olduğu təqdirdə, artıq 27 ildir ki, 20 Yanvar hadisələrinin hüzn əhvalında, matəm musiqisinin aramsız sədaları altında anılması nə dərəcədə doğrudur?

Bu barədə Yeniçağ.Az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, 20 yanvar qanlı hadisələrinin ildönümünün matəm ovqatında qeyd edilməsi təcrübəsindən artıq imtina edilməlidir:

Cümşüd Nuriyev ile ilgili görsel sonucu“Mən 20 yanvar mərasimlərinin matəm tədbiri formatında təşkilini düzgün saymıram. On minlərlə insan qəhrəman soydaşlarımızı anmaq üçün Şəhidlər Xiyabanına gəlirlər. Burada isə bir yas ortamı hökm sürür, matəm musiqisi bədbin ovqatı daha da artırır. Mərasimi bu formada təşkil edənlər sanki 20 yanvar hadisələrinin mahiyyətindən xəbərsizdirlər. 20 yanvar günü xalqımızın azadlıq mübarizəsinin ən mühüm səhifələrindən biridir, əsl qəhrəmanlıq nümunəsidir. Ancaq biz nədənsə, Xocalı Soyqırımını da, 20 yanvar hadisələrini də eyniləşdirib, matəm günü kimi qeyd edirik. Ancaq belə olmamalıdır. Başqa ölkələrin tarixində də analoji hadisələr – 1956-cı ildə Budapeşt, 1968-ci ildə Praqa və sair – baş verib, ancaq onlar həmin günü bu formada qeyd etmirlər. Başa düşmək lazımdır ki, 20 yanvar hadisələri xalqımızın mübarizə tarixinin qızıl səhifəsidir, dünyanı qorxuda saxlayan sovet imperiyası ilə baş-başa gəldiyi qəhrəmanlıq nümunəsidir. Bunu niyə matəmə çeviririk ki?

20 yanvar hadisəsini gələn il məhz Milli Əzm günü kimi qeyd etməliyik, bu mərasimlərin formatını da ona uyğunlaşdırmalıyıq. İnanmaq istəyirəm ki, qarşıdakı illərdə bütün bunlar nəhayət, nəzərə alınacaq”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv