!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2017: Azərbaycan müxalifəti sosial narazılıqdan mədət umur, iqtidar isə…

!Reklam – Yazi

15910229_788690867946088_337416494_nHakim partiyanın təmsilçisi 2017-ci ildə ölkədə xüsusi fəallığın olmayacağını, müxalifət nümayəndəsi isə sosial narazılığın siyasi etiraza çevriləcəyini iddia edir.

Ötən 2016-cı il Azərbaycanın müstəqillik dönəmində ən sönük təqvim illərindən biri kimi yadda qaldı. 2015-ci ilin parlament seçkilərindəki total uğursuzluqdan sonra yenidən toparlana bilməyən müxalifət düşərgəsinin siyasi meydanda hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə rəqabət qabiliyyətində olmadığı bir daha təsdiqləndi. Hətta ötən ilin sentyabrında keçirilmiş Konstitusiya referendumu da hakimiyyət əleyhdarlarını vahid mövqeyə gətirib, birgə mübarizəyə yönləndirə bilmədi. Müxalifətin mövcudluğunu hiss etdirə bilmədiyi şəraitdə siyasi meydanda təkbaşına “oynayan” YAP özünün bütün təşəbbüslərini demək olar ki, müqavimətsiz reallaşdırdı. Ancaq 2018-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə əsas hazırlıq mərhələsi kimi dəyərləndirilən 2017-ci ildə ölkənin siyasi həyatında müəyyən canlanmanın yaranacağı gözlənilir.

Mövzu ilə bağlı Yeniçağ.Az-a danışan Milli Məclisin YAP-çı deputatı Aydın Mirzəzadə təmsil etdiyi siyasi təşkilatın bu il də öz planlarına uyğun fəaliyyət göstərəcəyini deyib. Onun sözlərinə görə, müxalifətin öz varlığını sübut etmək üçün atacağı hansısa addımlar onları qəti maraqlandırmır:

“Açığı, hansısa ilin məhz siyasi baxımdan sönük, ya da qaynar keçməsi fikri ilə razı deyiləm. Çünki Konstitusiyamız və ölkədə yaradılan sərbəst, demokratik mühit bütün sahələrdə, o cümlədən, siyasətdə tam azad fəaliyyətə imkan verir. Ona görə də, ilin “qaynar” və ya “sönük” kimi ifadələrlə işarələnməsi doğru olmazdı. Mən öz adımızdan deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini plana uyğun qaydada qurur, cəmiyyətlə müntəzəm təmasda olur, sosial sifarişləri dəyərləndirir, zəruri işləri həyata keçirir. O ki qaldı siyasi rəqiblərimizə – müxalifət düşərgəsinə aid olan partiyaların meydanda görünmək üçün nə edəcəkləri bizi maraqlandırmır. Əgər onların diqqəti cəlb edən fəaliyyətləri olacaqsa, zəruri saydığımız hallarda münasib reaksiya verəcəyik”.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Yeniçağ.Az-a açıqlamasında 2017-nin Azərbaycan cəmiyyəti üçün bir tərpəniş ili olacağını deyib:

“Hesab edirəm ki, bu il təkcə müxalifətin deyil, ümumilikdə xalqın fəallığının yüksəlməsinin şahidi olacağıq. Çünki ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin doğurduğu narazılığın siyasi etiraz dalğasına çevrilmək ehtimalı çox yüksəkdir. O baxımdan, bu ilin ciddi proseslərlə seçiləcəyini düşünmək olar”.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə ölkədə siyasi fəallığın yüksəlməsinin bir sıra amillərdən birbaşa asılı olduğu qənaətindədir:

“Söhbət müxalifət qüvvələrinin bir araya gəlməsi və vahid qüvvə kimi mübarizə aparmasından gedirsə, hələ ki bu barədə nikbin danışmaq çətindir. Digər tərəfdən, ölkədə siyasi fəallığın yüksəlməsinin bir sıra kənar amillərdən asılı olduğunu da nəzərə almaq lazımdır. Beynəlxalq şərait, qlobal güclərin Azərbaycandakı vəziyyətə münasibəti, hakimiyyətdaxili durum və sair amilləri diqqətə almamaq mümkün deyil. Fikrimcə, Azərbaycan müxalifətinin bir araya gələrək, ümumxalq etirazının ifadəçisinə çevrilməsində hər hansı ciddi maneə yoxdur. Lakin dediyim kimi, bunun üçün münasib situasiya yetişməlidir”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

7564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv