2017-ci ilə iqtisadi baxış – Ekspert rəyi ürəkaçan deyil

2017-ci ilə iqtisadi baxış – Ekspert rəyi ürəkaçan deyil

Müəllif: Redaktor

Baş Redaktor

Dövlət Statistika Komitəsi pərakəndə qiymət statistikası ilə bağlı məlumatını açıqlayıb. 2016-cı ilin yanvarı ilə müqayisədə noyabr ayında qiymətləri ən çox bahalaşan 10 qida məhsulunun adları və bahalaşma faizləri bəlli olub.

Görəsən bu yoxlama nə qədər dəqiqdir və əslində, nə qədər bahalaşma olub?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirir ki, bu rəqəmlərdə uyğunsuzluq dərhal görünür:

“Bunu sezmək üçün heç iqtisadçı olmağa da ehtiyac qalmır. Məhsulların qiyməti bir qədər azaldılıb. Məsələn, hamı bilir ki, 2016-cı ilin əvvəlində mal əti 7-8 manat idi. İndi isə mal əti 10 manata satılırsa, deməli mal əti 33 faiz bahalaşıb. Ən cox bahalaşdığı göstərilən sarımsaq 3 manatdan 9-11 manata qədər bahalaşıb, yəni azı 3 dəfə – bu da 300 faiz deməkdir. Bu məhsullardan gündəlik istifadə olunduğu üçün onları misal göstərdim”.Akif Nəsirli ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, göstərilən statistikaya görə, guya bahalaşma orta hesabla 30 faizdir:

“Lakin reallıq onu göstərir ki, məhsulların qiyməti son bir ildə 50 faizə qədər bahalaşıb. Əməkhaqqı, pensiya və digər müavinətlər isə cəmi 3-8 faiz artıb. Deməli, əhalinin nominal gəlirlərinin real dəyəri azı 42 faiz azalıb. Bu il isə əməkhaqqı, pensiya və digər müavinətlərin 3-12 faiz artacağı gözlənilir. Deməli, 2017-ci ilin dövlət büdcəsi əhalinin 2016-ci ildəki itkilərini kompensasiya edə bilməyəcək. Ötənilki itki 42%, artım isə maksimum 12% oldu. 30% itki yenə də açıq qalacaq. Hələ builki itkilər də onun üstünə gələcək”.

İqtisadçı-ekspert Pərviz Heydərov isə qeyd edir ki, ötən il ölkəmizdə istehlak qiymətlərinin indeksi yüksək oldu:

“Məlumdur ki, istehlak qiymətləri indeksi ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçü vahididir. Bu ölçü vahidindən istifadə etməklə inflyasiya dərəcəsini tapırlar. İstehlak qiymətləri indeksi alıcı kütləsinin istehlak səbətinə daxil olan məhsul və xidmətlərin ümumi qiymət dinamikasını müəyyənləşdirir. 2016-cı ildə demək olar ki, hər şeyin qiyməti artdı. Ümumiyyətlə, keçən il iqtisadi cəhətdən çox ağır oldu. Ancaq eyni zamanda, cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin dünənki iclasında qeyd etdiyi kimi 2016 həm də iqtisadi islahatlar ili oldu. Çünki, iqtisadi sahədə çox önəmli addımlar atıldı. Yəni, demək istədiyim budur ki, əgər, müvafiq addımlar atılmasa idi, qiymətlər daha çox yüksələ bilərdi. 2016-cı ilin yekununa əsasən inflyasiya göstərici hələ açıqlanmayıb. Lakin Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr ayları ərzində inflyasiyanın illik səviyyəsi 12,1 % olub. Yeri gəlmişkən, bu diaqnozu hökumət əvvəlcədən bildirmişdi. Odur ki, yəqin, dekabr ayı da nəzərə alınmaqla sözügedən göstərici elə əsas etibarı ilə 12 % həddində qeydə alınıb”.Pərviz Heydərov ile ilgili görsel sonucu

Çox güman ki, cari il üçün hökumətin əsas hədəfi məhz inflyasiyanı birrəqəmli səviyyəyə endirmək olacaq:

“Və bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. O ki qaldı proqnoza, 2017-ci il üçün rəsmi olaraq 7,3 % səviyyəsində nəzərdə tutulub. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev də bəyan etdi ki, inflyasiya birrəqəmli səviyyəyə endirilməlidir. Vəziyyət isə belədir: manat keçənilki tempdə ucuzlaşmaqda davam edərsə, inflyasiya yüksək olacaq, yəni onu birrəqəmli səviyyədə cilovlamaq mümkün olmayacaq. Neft dünya bazarında qalxmaqda davam edərsə, manatın dəyəri sabitləşəcək. Başqa sözlə, inflyasiya cilovlanacaq! Çünki bizdə inflyasiyanı alovlandıran manatın dəyərsizləşməsi prosesidir. Bununla əlaqədar olaraq, idxal malları bahalaşır. İstehlak bazarımız isə təəssüf ki, idxaldan hələ ki, asılı vəziyyətdədir”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Xəbərlər, İqtisadiyyat, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti