2017-ci ildə manatı nə gözləyir?

Müəllif: Redaktor

Editor

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-9Hamıya bəllidir ki, milli valyutamız olan manat 2014-cü ildən üzü bəri öz dəyərini itirməkdə, dollar isə günü-gündən bahalaşmaqda davam edir…

Bəs görəsən, 2017-ci ildə manatı nə gözləyir?

“Manatın taleyi islahatların necə həyata keçirilməsindən asılıdır”.

Bunu Yenicag.az-a iqtisadçı-ekspert Qalib Toğrul söylədi.

“Əgər islahatlar uğurla həyata keçirilsə, manatın kəskin ucuzlaşması baş verməyəcək. İslahatlar öz bəhrəsini qısa müddətdə verməsə belə, yaxın bir ildə bunu həm manatın stabilləşməsi və aşağı inflyasiya göstəricisində hiss edə bilərik. Əsas amil Neft Fondunun bazara nə qədər dollar çıxarmasıdır. Çünki artıq Mərkəzi Bank əvvəlki kimi bazara intervensiya etmir, bu işi Neft Fondu həyata keçirir. Neft Fondu dövlət büdcəsinə transferlər həcmində bazara dollar çıxarıb, manata çevirir. Müşahidələr belə deməyə əsas verir ki, gələn il bu illə müqayisədə Neft Fondundan dövlət büdcəsinə transerflər azalacaq, bu da o deməkdir ki, artıq Fond bazara daha az müdaxilə edəcək”.

Ekspertin fikrincə, manat üçün arzuolunmaz ərəfələrdən biri adətən, ilin əvvəlində büdcə gəlirlərinin icrası ilə bağlı olan çətin dövrdür.

“İlk 3 ayda Neft Fondunun bazara nə qədər dollar çıxaracağını bilməsəm belə, hesab edirəm ki, ilin sonuna kimi və gələn ilin ilk 2-3 ayında manatın ucuzlaşması və dolların möhkəmlənməsi davam edəcək. Bu, daxili faktorlardır. Təbii ki, manatın kursuna xarici faktorlar da təsir edir. İki əsas faktor – neftin qiymətinin artması və uçot dərəcəsi ilə bağlı ABŞ Federal Ehtiyat Sisteminin qərarı da manatın kursuna təsir edən amillərdəndir. Birincisi, manatın xeyrinə olsa da, ikincisi milli valyutamızın kursuna neqativ təsir göstərir. Digər bir amil kimi xarici borclarla bağlı öhdəliklərin icrasını göstərmək olar. Bu da tədiyyə balansının kəsirini artırdığından neqativ amillərdəndir. Gördüyünz kimi manatın kursuna təsir edən amillər çoxdur. Qəti söz demək mümkün olmasa da, yaxın prespektivdə manatın ucuzlaşmasının davam edəcəyi daha realdır”.

 

Gülnarə Eynullaqızı
Yenicag.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır