2018-ci ildə Azərbaycanda prezident seçkilərinin keçirilməsi gözlənilir. Növbəti ildə keçirilən seçkilər öncəki seçkilərdən fərqlənəcək. İlk növbədə bu fərqlilik ondan ibarətdir ki, yeni Konstitusiyaya əsasən bu dəfə prezident 5 il deyil, 7 il hakimiyyətdə olacaq və o, əlavə səlahiyyətlər əldə edəcək.

Ənənəvi olaraq Azərbaycanın hakim partiyası (Yeni Azərbaycan Partiyası – YAP) bir il öncədən gözlənilən seçkilər üçün namizədini açıqlayır. Lakin bu dəfə YAP-dan hələ də heç bir açıqlama verilməyib. Hakim partiyanın bu susqunluğu çox şeydən xəbər verir. İlk növbədə bu, onu göstərir ki, Azərbaycanın siyasi establişmenti hələ öz namizədini müəyyən etməyib. Azərbaycan kuluarlarında müxtəlif adlar səslənilir və müəyyən mənada 2002-ci ilin ab-havası əsməkdədir. Adətən, yalnız Birincinin təbliğatı üzərində qurulan təbliğat maşını İkincinin də təbliğatına başlayıb.

Ancaq son günlərdə baş verən hadisələr, xüsusilə də Azərbaycan prezidentinin beynəlxalq və daxili arenada fəallığı onu deməyə əsas verir ki, hakim partiya namizədini seçib və həmin namizəd Azərbaycanın fəaliyyətdə olan prezidenti İlham Əliyevdir.

Olduqca qısa zaman ərzində Azərbaycan hakimiyyətinin Myanmadakı hadisələrə sərt reaksiya verməsi, daha sonra ora humanitar yardım tədarük etməsi, Azərbaycan prezidentinin Qazaxıstanda İslam Əməkdaşlıq Təşkilatının sammitində çıxışından belə aydın olur ki, İlham Əliyev YAP-ın 2018-ci il seçkiləri üçün namizədidir.

Digər tərəfdən son zamanlar Qərb KİV-ləri Azərbaycana və beynəlxalq arenada rəsmi Bakının mövqeyini uğurla ortaya qoya biləcək yeganə namizəd İlham Əliyevə qarşı kütləvi kampaniya başladıblar. Yəni, rəsmi mövqe açıqlanmasa da, Əliyevin yenidən vahid namizəd olacağı fikri Qərbin bəzi dairələrini narahat edir.

Digər mühüm hadisə “Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyevin, jurnalist Aleksandr Lapşinin, “Nardaran işi” üzrə 14 məhbusun vaxtından əvvəl azadlığa buraxılmasıdır.

Sözügedən addımları Qərb tərəfə reverans hesab etmək və hakim partiyanın İlham Əliyevin namizədliyi ilə təmsil olunacağı prezident seçkiləri kampaniyasının başlanması kimi qeyd etmək olar.

Mehman Əliyevin həbsdən azad edilməsi Qərbə, Lapşin məsələsi İsrail və Rusiyaya bir mesaj idi. Heç gözlənilmədən nardaranlıların azadlığa buraxılması isə həm bir gün öncə görüşülən İran prezidenti Həsən Ruhaniyə, həm də kənd küskünlərinə yaxşı bir jest oldu.

İlham Əliyevin “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması öncəsi həm Qərb, həm də Şərqə verdiyi mesajlar həm də 2018-ci ilə hesablanıb.

Bütün bunlar yaşanarkən, yalnız Birincinin ön plana çıxarılması yazmağa əsas verir ki, Prezident seçkilərinə start hakim partiya üçün elan edilib və namizəd məsələsində tərəddüd yoxdur. Müxalifətdə isə…

Mehman Əliyevin azad edilməsi ilə yenidən pessimizmə qapılan müxalifətin plan-proqramsızlığı məğlubiyyətlə artıq razılaşdıqlarının sübutudur. Saakaşvilinin dünənki jestinə bir çox müxalifin “şou” deməsi də göstərdi ki, müxalifətin oliqarx oğlu Rəsul Quliyevin cəsarətdən məhrumluğu bütövlükdə düşərgənin ruhuna təsir edib.

Qısacası, 2018-ci il vaxtından əvvəl başladı. Gərgin mübarizə isə Azərbaycan ilə Qərb dairələri arasında olacaq. Rusiya faktorunu da gözardı etməmək lazımdır. İstənilən halda İlham Əliyev mübarizəyə bu günki jestləriylə bir addım öndən başlayır.

Yenicag.az Analitik Şöbəsi

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1717
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."