!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“25 ildir ki, heç bir nəticəsi olmayan vasitəçilik görürük...” - Millət vəkili

!Reklam – Yazi

“İlk növbədə bu məsələdən razı deyilik. Heç bir plan yoxdur, hər hansısa plan olsaydı, onun nəticələrini görərdik”.

Bu sözləri Yeniçağ.az-a, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişə tərəflərinin siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalı olduğunu deməsinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan danışıqlar prosesinə son qoyub:

“Bundan öncə Ermənistan danışıqların imitasiyası ilə məşğul idi. Çox təəssüf ki, Minsk Qrupunun həmsədrləri Ermənistanı sülhə məcbur etmək üçün müvafiq planın hazırlamasının yerinə, yenidən onların siyasətinə dəstək verir. Artıq 25 ildir ki, heç bir nəticəsi olmayan vasitəçilik görürük. Səbəb də odur ki, beynəlxalq hüquq normalarına olan hörmətsizlik, qonşusunun ərazisini işğal edən Ermənistana qarşı hər hansı bir sanksiyalar və qınaq yoxdur. Bunun nəticəsində də münaqişənin həllində Minsk qrupu və onun həmsədrləri öz acizliklərini nümayiş etdirirlər”.

Politoloq Fikrət Sadıqov bildirdi ki, R. Hoqland yeni həmsədr kimi öz fəaliyyətində Ermənistanı masa arxasına əyləşdirməlidir:

“Ermənistan artıq neçənci dəfədir ki, müxtəlif bəhanələrlə danışıqlardan nəinki yayınır, həm də xüsusilə Dağlıq Qarabağda Azərbaycanı hədələyir. Əgər belə bir plan və istək varsa, yeni Amerika administrasiyası nəyəsə nail olmaq istəyirsə, 20-25 il ərzində artıq bütün variantlar müzakirə olunub: mərhələli plan, paket plan, ümumi dövlət paketi və s… Bunlar hansı təkliflərlə istəyirlərsə çıxış etsinlər. Reallıq budur ki, əsas məsələni yaddan çıxartmasınlar, bütün suallar və təkliflər Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasından başlanmalıdır. Əgər belə bir təklif varsa, bu, nəinki Azərbaycanın maraqlarını qane edən bir plan, hətta beynəlxalq hüquq normalarına da uyğun bir təklif olar. Çox istərdim ki, yeni həmsədr bütün məsələləri nəzərə alaraq, ilk növbədə bu təklifləri irəli sürsün”.

Millət vəkili Fazil Mustafanın fikrincə, hələlik, bu planın lehinə və ya əleyhinə danışmaq çətindir:

“Güman etmirəm ki, Azərbaycanın xeyrini və ya maraqlarını təmin edəcək bir plan olsun. Bu, planın daha çox Ermənistanı vəziyyətdən çıxartması ehtimal olunur. Danışıqlar masasını tərk edən Azərbaycan deyil, sadəcə Ermənistan bu istiqamətdə addım atmaq istəmir. Ermənistan hərbi ritorikanı artırmaqla məşğuldur. Bu da ciddi problemlər yaradır. Ona görə də bu məsələdə birinci Ermənistanı konstruktiv mövqeyə gətirmək gərəkdir, yoxsa Azərbaycanın elə bir problemi yoxdur. Azərbaycan deyir ki, “ərazimdən çıx, nə deyirsən danışıqlar aparaq. İşğal edəcəksən, oturacaqsan, sonra da deyəcəksən “danışıqlar aparaq”. Belə işğal olmur axı, bu məsələlər müzakirə olunmalıdır”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland münaqişə tərəflərinin siyasi iradə nümayiş etdirərək, danışıqlar masasına qayıtmalı olduğunu bildirib. Diplomat bildirib ki, dövriyyədə plan var və o, 3 hissədən ibarətdir: “Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.

Yeniçağ.az

Gülnarə Eynullaqızı

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv