www.sinerjipro.net

SinerjiProWide
Reklam

1525697_10202026942267870_1407505281_nTürkiyənin baş nazirinin dediyi “Təhcir” soyqırımmı?  

 Ərdoğan Türkiyə tarixində bir “ilk”ə imza atdı. Əslində, dünəndən bəri tənqid olunan Türkiyə baş nazirinin məktubunda iki mühüm məqam diqqət çəkir.

Birincisi, soyqırım deyil təhcir ifadəsinə üstünlük verilməsi.

İkincisi, tarixçilərdən ibarət komissiyanın yaradılması təklifi.

Öncəliklə qeyd etmək lazımdır ki, məsələyə siyasi deyil, obyektiv baxan tarixçilər və Türk dövləti “erməni soyqırımı” yalanı gündəmə gəldiyi gündən bəri soyqırımın yaşanmadığını, lakin təhcir qanununun icrası zamanı bəzi ermənilərin yolda müxtəlif səbəblərdən öldüklərini qeyd edirlər. “Savaş zamanı hökumətə qarşı çıxanlar üçün əsgər tərəfindən həyata keçiriləcək önləmlər” qanunu olan Təhcir onları “milləti sadıka” adlandıran Osmanlıya qarşı xəyanət edən erməniləri savaş bölgəsindən uzaqlaşdırmaq üçün çıxarılmışdı. 1 iyun 1915-ci ildə, dönəmin rəsmi “Takvimi Vekayi” qəzetində dərc olunan bu müvəqqəti qanun savaş gedən ərazilərdə erməni xəyanəti ilə üzləşməmək üçün şübhəli erməniləri Osmanlının savaş olmayan ərazilərinə köçürməyi hədəfləmişdi.

 

Hətta işin qərib tərəfi xəyanətkar olduqları üçün İttihadi Tərəqqi hökuməti Osmanlının bir vilayətindən o birisinə göndərilən erməniləri qorumaq üçün mühafizə alayı belə təsis etmişdi… Fəqət ya vəlvələdən, ya da zəlzələdən köç zamanı ermənilərdən əlbət ki, ölənlər oldu…

 

Bu günün deyil, o günün şərtləri ilə tarixə baxsaq, böyük köçlərdə tələfat qaçınılmazdı və bunu Türk hökuməti heç vaxt inkar etmədi. Tam əksinə, İttihadi Tərəqqi erməniləri xainliklərinin cəzasını verən əşirətlərdən yaxşı qorumadıqlarına görə, ən önəmli adamlarını belə dar ağacından sallandırdı… Yakup Cəmil, Doktor Rəşid kimi Təşkilati Mahsusanın önəmli isimləri Təchir zamanı ölən ermənilərin “qurban”ı oldular…

 

Osmanlının 2-ni Paşa, 22-ni nazir, 28-ni millət vəkili, 7-I səfir, 11-ni konsul etdiyi ermənilərin türk kəndlərinə qarşı verdikləri zülmün, körpüləri partladıb, teleqraf xəttlərini dağıdaraq Osmanlı ordusuna qarşı etdikləri xəyanətin müqabilində yenə də mərhəmət görmüşdülər.

 

Qısaca desək, istər Osmanlı, istərsə də xələfi Türkiyə heç bir zaman “Təhcir”I inkar etməyib, əksinə “biz təhcir etdik, soyqırım etmədik” demişdir. Yəni, baş nazirin başsağlığındakı ifadə təhcir zamanı öldürülən ermənilərlə bağlıdır. Bu əslində yeni deyil. Bundan öncəki türk dövlət adamları da təhcir zamanı baş verən ölüm hadisələrindən təəssüfləndiklərini qeyd ediblər.

 

İkinci və ən önəmli faktor isə tarixçilərdən ibarət komissiyadır. Əslində Ərdoğan burada klassik siyasətçi gedişlərindən istifadə edib. Belə ki, “acınızı anlayıram” mesajının ardından “Türk mənbələri hər kəsə açıqdır, tarixçilər bu hadisələri birlikdə araşdırsınlar” deyərək, erməni diasporasını ciddi bir dilemma qarşısında qoymuşdur.

 

Əslində bu da əvvəlki siyasilərin sözlərindən fərqlənmir. Türk dövlətinin bütün başçıları hər zaman erməniləri  tarixçilərdən ibarət ortaq komissiya qurmağa və soyqırımın olub-olmadığına tarixçilərin qərar verməsinin önəminə diqqət çəkmişlər.

 

Ancaq bu məsələdən siyasi xal əldə edən erməni diasporu heç vaxt bu təklifə müsbət yanaşmayıb.

Necə ki, Təhcir zamanı öldürülən erməniləri əşirətlərdən qoruya bilmədikləri üçün ən sadiq adamlarını edam etdirən Tələt Paşa ermənilər tərəfindən öldürüldü… Yəni, ermənilərin istəyi üzüm yemək deyil, bağbanı döymək…

 

Bunu Ərdoğan bilmirmi? Əlbəttə bilir. Və yuxarıda qeyd etdiyim kimi, bir “İLK” deyilən əslində məktubun məzmunu deyil, üslubudur.

 

Bu üslub isə 2015-ci il öncəsi hərəkətlənən ermənilərə qarşı ağıllı kombinasıyadır. Çünki bu qədər incə təklifdən sonra Türkiyənin təklifini geri çevirmək ermənilərin əllərini zəiflədəcək. Bu səbəbdən də diqqət edilirsə, erməni mətbuatı və diasporu bu mesajı qəbul etmədi…

Fransa Erməni Cəmiyyətləri Federasiyasının başqanı Alexis Govciyan bu mesajı “türklərin inkar siyasətinin davamı” kimi qiymətləndirərkən,

Erməni tarixçi Richard Hovanissian isə bunu “Türk dövləti tərəfindən bu günə qədər edilmiş açıqlamaların diplomatik təkrarı”  adlandırdı.

ABŞ Erməni Vəkillər Birliyi başqanı Garo Ghazarian  da eyni fikirdədir: “Bu açıqlama təməlsiz inkardan başqa bir şey deyil”.

Yəni, Ərdoğanın o mesajındakı “başsağlığı”na ilişib qalmadan, o məktubu dəyərləndirdikdə, Türkiyə baş nazirinin əslində 100 illik dövlət mövqeyindən geri çəkilmədiyini görmək mümkündür…

Və ona da əminəm ki, “Ərdoğan soyqırımı tanıdı” yazan dostlarımızın əksəriyyətinin məktubun məzmunundan xəbərləri yoxdur…

 Aqil Ələsgər

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."