!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Gülənin Azərbaycanda çevriliş planını təsdiqləməsinin pərdəarxası

!Reklam – Yazi


Taner Yıldızın açıqlaması və Əkrəm Dumanlının Azərbaycana göndərilmə planı nədən xəbər verir?  – Analiz

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Fətullah Gülən Şəbəkəsi ilə bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə,  “Əgər Ankaradakı, Türkiyədəki 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”.

Vəzifəsindən dolayı Azərbaycanla sıx münasibətdə olan Taner Yıldızın bu açıqlaması gözləri yenidən Paralel Yapı adlandırılan Gülən Şəbəkəsinə çevirdi.

4 il boyunca telefonları qeyri-qanuni olaraq dinlənilən nazirin “Dövlət və hökumət başçıları, məsələn, hörmətli Putinlə birbaşa görüşdük. Hansı səlahiyyətlə bizim telefonu dinləyirdilər? Apardıqları kəşfiyyat xidmətini yaxınlara deyil, uzaqlara göstərirdilər” sözləri isə bir daha Gülən Şəbəkəsinin CIA və MOSSAD kimi xarici xüsusi kəşfiyyat orqanları ilə əlaqələri ortaya qoymaqdadır.

Nazirin çıxışında iki diqqətçəkən məqam var:

  1. Bakıdakı əməliyyatlar əmrsiz qaldı
  2. Putinlə görüşün dinlənilməsi.

Bakıda Camaatın güclü olması barədə dəfələrlə yazılıb. O da bəllidir ki, Türkiyədən sonra Azərbaycan bu şəbəkə üçün çox önəmlidir və Rusiya və Orta Asiyadakı şəbəkə Bakıdan idarə olunur. Türklər Rusiya və ətraf ölkələrdə diqqət çəkdiyindən Gülən Şəbəkəsi Rusiyada, xüsusilə Tatarıstan və Moskvada azəbaycanlı “mürid”lərdən istifadə edirlər. Bu məsələdə Azərbaycan imamı Elnur Aslanovun və adamlarının fəaliyyətləri danılmazdır.

Taner Yıldızın Putinin adını çəkməsi isə dinləyənlərin hara xidmət etmələri barədə açıq mesajdır. Bu bir daha göstərir ki, fətullahçıların fəaliyyətini Rusiyada qadağan edən Putin Camaatın hədəfindədir. Daha doğrusu, CIA Rusiyada hələ də bu kartdan istifadə etməkdədir.

Eyni zamanda Taner Yıldız Azərbaycanla, xüsusilə SOCAR-la birbaşa çalışan nazir olaraq, bu məsələdə informasiyalı olduğu bilinməkdədir. Belə ki, Azərbaycanın ən önəmli şirkətinin kadrlarının yerləşdirilməsində məsul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin Fətullah Gülən Camaatının əsas havadarlarından olması danılmaz faktdır.  Kənan Məmmədov və onun müavini Samir Kərimli vasitəsi ilə camaatın kadrlarını SOCAR-da yerləşdirən Xalik Məmmədov Azərbaycanda bir sıra uğursuz çevrilişlərlə yadda qalan eks-spiker Rəsul Quliyevin kadrıdır. Xalik Məmmədov hazırda da Gülən Camaatının Azərbaycanda ciddi müdafiəçilərindən biridir və böyük ehtimalla Türkiyə tərəfi də onun bu fəaliyyətindən xəbərdardır.

Türkiyə tərəfindən məhz Taner Yıldızın Camaatın Azərbaycanda çevriliş planını açıqlaması əslində ölkəmizə enerji təhlükəsizliyimizin də məhz Paralel Yapı tərəfindən təhdid edildiyi mesajını verməkdədir.

Bütün bunlar bir daha göstərir ki, artıq Türkiyə Paralel Yapının bir sıra planlarını deşifrə edib və bunlar arasında Azərbaycan planı da var.

Bu arada Taner Yıldızın açıqlaması ilə eyni zamanda Əkrəm Dumanlının Azərbaycana göndərilə biləcəyi xəbəri yayılıb. “Zaman” qəzetinin baş redaktoru olaraq, AKP ilə savaşa komandanlıq edən bu şəxsin birdən birə kifayət qədər kiçik görünən posta – “Zaman”ın Azərbaycan bürosuna rəhbər təyin ediləcəyinə dair iddialar səslənir.

Maraqlıdır ki, bu xəbərlər Gülənin Ərdoğan ilə savaşı bitirmək istəyini dilə gətirdikdən sonra meydana çıxıb. Belə ki, Əkrəm Dumanlı polis qardaşının həbsindən sonra daha da sərtləşib və şəxsi problemi səbəbi ilə də AKP-yə qarşı daha sərt çıxışlar etməkdədir. Ərdoğana ard-arda yenilən və camaatı dağılma təhlükəsi yaşayan Gülən isə Dumanlını qurban verərək, qarşı tərəfə “zeytun budağı” uzatmaq istəyir. Bu səbəbdən də Əkrəm Dumanlını “günah keçisi” olaraq seçərək, “Zaman”ın Ərdoğana qarşı bütün nifrət dolu yazılarının məsuliyyətindən yayımlanmaq istəyir.

Əkrəm Dumanlını Türkiyədən göndərmək həmçinin onu potensial həbsdən qorumaq məqsədi də daşıya bilər. Fəqət Gülənin generalını kiçik bir vəzifəyə göndərməyəcəyi də bilinməkdədir. Əkrəm Dumanlı Azərbaycana və ya digər ölkəyə təyin olunarsa, həmin ölkəyə İmam olaraq gələcəkdir. Rəsmi vəzifəsinin isə Dialoq Avrasiya Platformunun Azərbaycan Koordinatoru olma ehtimalı daha yüksəkdir.

Onu da qeyd edim ki, Әkrəm Dumanlı Türkiyədəki Gəzi Parkı üsyanını qızışdıran əsas provokatorlardan biridir. Әhali məhz onun rəhbərliyi altındakı qəzetin təxribatları nəticəsində dövlətə qarşı üsyana qalxmışdı. Hətta Әrdoğan hökumətində ciddi fikir ayrılığı ilk dəfə bu yanlış və məqsədyönlü təbliğatın nəticəsində yaranmışdı. Lakin Әrdoğanın dirənişi nəticəsində Gəzi planı baş tutmadı və Camaat geri çəkildi. Lakin 17 dekabr hadisələrindən sonra savaş başladı və Camaatın bu müharibədə generalı Әkrəm Dumanlı idi.

Hər halda kütlə psixologiyası ilə gözəl oynaya bilən Әkrəm Dumanlı 2015-ci il parlament seçkiləri və olimpiada ərəfəsində Azərbaycanda olarsa, Camaatın parlamenti ələ keçirmə planlarında da bu özünü ciddi şəkildə göstərəcəkdir. Lakin qeyd olunan kimi hələki rəsmi qərar olmadığından bu barədə qəti söz söyləmək də olmur.
Lakin Әkrəm Dumanlının Bakıda hətta fətullahçılar tərəfindən arzulandığını da kimsə iddia edə bilməz.
Belə ki, Əkrəm Dumanlının Azərbaycana gəlişi gerçəkləşəcəyi təqdirdə, bundan sadəcə Türkiyə narazı qalmayacaq, buradakı Camaat imamları da Gülənə bu qədər yaxın şəxsin onların arasında olmasını istəməzlər.

İstənilən halda isə həm Taner Yıldızın Camaatın Azərbaycanda çevriliş etmə niyyətini bir daha açıqlaması, həm də Əkrəm Dumanlı barədə deyilənlər Azərbaycanın Fətullah Gülən üçün önəmindən xəbər verir. Camaat Türkiyəni itirdiyi üçün hazırda Azərbaycanı işğal planına daha ciddi önəm verirlər.

Bu səbəbdən də, Elnur Aslanov, Xalik Məmmədov, Elşad İskəndərov,İxtiyar Hüseynli və digərləri ifşa olunsalar da, üçüncü-dördüncü komandaları ilə dövlət içində fəaliyyətlərini davam etdirirlər. Azərbaycanda fəaliyyət göstərməyin sirrlərini gözəl bilən Şəbəkə müxtəlif vasitələrlə ölkəmizdəki biznes strukturlarını və dövlət içindəki məmur ordusunu qorumaq istəyirlər.

Çünki faktiki olaraq, bir neçə aydır ki, Rusiya və Orta Asiyadakı Şəbəkələrə dəstək də məhz Azərbaycandan getməkdədir. Hətta Türkiyənin cənub şərqində fəaliyyət göstərən müəllimlərin son dörd aylıq məvacibi də Azərbaycan üzərindən getmişdir. Buna səbəb həmin ərazilərdəki əsnafın o müəssisələrə dəstəyini çəkməsidir. Belə ki, lisey və dərsxanalardan yığılan illik pullar bir mərkəzə yığıldığından camaat aylıq masrafları məhz əsnafdan yığılan pullarla həyata keçirirdi. Hazırda isə bu gəlir kəsildiyindən, Camaatın gözü Azərbaycandan yığılan pullara çevrilib. Bu pullarda da azalma olsa da, Şəbəkənin yenə də ən güclü olduğu ölkə Azərbaycandır.

Hazırda çevriliş etmə gücünü itirsələr də, camaatçı gənclərin ifadə etdiyi kimi, sistemli şəkildə aparılan planla bunu gerçəkləşdirmək niyyətindədirlər…

 

Aqil ƏLƏSGƏR/YENİCAG.AZ

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv