!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənin Azərbaycanda DİRİLİŞİ və ya mətbuatı bu mövzuda KİM susdurub?

!Reklam – Yazi


Bu gün Türkiyədə dayanmadan Fətullah Gülənin şirkətlərini müdafiə edən millət vəkili Hakan Şükür deputat kimi ilk çıxışında insan haqqları ilə bağlı suala belə cavab vermişdi: “Mən bilmirəm. Böyüklərimiz, abilərimiz daha yaxşı bilir və uyğun cavabı onlar verəcəkdir”. O zamanlar Ərdoğanın yanından ayrılmayan keçmiş futbolçu bu gün dayanmadan “tvitləyir”. Demək olar ki, AKP-dən Camaata qarşı atılan hər addımın qarşısında Hakan Şükür var. Futbolda hücumçu olan H.Şükür siyasətdə Gülənin mərkəz hücumçu-müdafiəçisi rolunu oynamaqdadır.

Onun azərbaycanlı dostları da artıq “oyanma”ğa qərar veriblər. Daha dəqiq desək, zamanında onlara “susun” deyənlər bu gün danışmalarında bir problem görmürlər. Əksinə, illərlə bunlarla olub, bu gün gözləmə mövqeyində olanlar qınanmaqdadır.

Hər zamankı şifrə (“hər şey yaxşı olacaq”) yenidən gündəmdədir və bu günlərdə əksər azərbaycanlı fətullahçılar yenidən hücuma keçmək üçün bir araya gələrək, daha çox şəhərin mərkəzində bir arada görünürlər.

Bir neçə ay öncəyə qədər sadəcə toylarda və ad günlərində bir araya gələn fətullahçıların Nizami küçəsində qrup şəklində gəzintiləri, Elnur Aslanov və digərlərinin bir arada görünmələri zamanında onlarla olan gənclərə bir mesajdır.

Eyni zamanda bir zamanlar dövlət məmuru olan oğlunun təcrübəli siyasi xadim adlandıran Rəbiyyət Aslanovanın üzərindəki “fətullahçı” yarlıqdan xilas olmaq üçün bir il gözləməsi də maraqlıdır. Çünki ZAMANlama manidardır. Bu arada Rəbiyyət xanım oğlunun fətullahçılarla şəkillərinin olmadığını bildirib. Rəbiyyət xanımın nəzərinə çatdıraq ki, bu barədə menyu çox genişdir. Konkret kimisə nəzərdə tutursa, ad çəksin ki, işimizi bilək. Yoxsa, bu gün Xalik Məmmədovun himayə etdiyi Gülənin təhsil imamları Ənvər Özərən və Məsut Kurnaz, ya da bu gün ABŞ-da yaşayan, “Today`s Zaman” yazarı Mahir Zeynalovla şəkillərini təqdim edə bilərik. Mahir Zeynalovun sonuncu dəfə İstanbulda akreditasiyası üçün Ankaradakı səfirlikdən xahiş edən də o idi. Yəqin anasına deməyi unudub, ya da həmin vaxt Rəbiyyət Aslanovanın başı İlham Rəhimli vasitəsilə Putinə “çıxış tapmağa” başı qarışdığından oğlunun fətullahçıları necə müdafiə etməsindən xəbərsiz olub. Necə də olsa, Elnur Aslanov prezident, o da “Validə Sultan” olacaqdı…

Nə hikmətdirsə, Gülənin gənc imamının anası və yaxın dostu eyni anda aktivləşməyə qərar veriblər.

Bəyəm üç-dörd ay öncə bu ittihamlar səslənmirdimi? O zaman üzə çıxmayanlara Pensilvaniyadan mesajmı gəldi?Məsələ budur ki, Gülən təkcə Türkiyədəki müridlərinə deyil, Azərbaycan başda olmaqla bütün dünyadakı simpatizanlara “savaşın” təlimatı verib. Təlimat 2014-cü ilin oktyabr ayında verilib və bunun ardınca aktivləşməyə start verilib. Keçən ilin ilk yarısındakı azərbaycanlılar üçün verilən əmr səssiz qalmaları yönündəydi. Bu səbəbdən də nə Türkiyədən deportasiya edilən Mahir Zeynalovla, nə də Elnur Aslanovun vəzifədən çıxarılması ilə bağlı kimsədən səs çıxdı.

Hazırda isə DİRİLİŞə hazırlaşdıqlarından hər kəsi “əllərini daşın altına qoymağa” dəvət edirlər. Bu səbəbdən Elnur Aslanovun dəstək verdiyi və bu gün onlarla əlaqə qurmaqdan yayınanlara minnət dolu mesajlar göndərilir.

Belə ki, dekabrda keçirilən “Bakutel”in konfransına çağrıldıqları halda Elnur Aslanovun orada olduğunu bildiyi üçün oraya gəlməkdən imtina edənlər kimi, gəlib, ona salam vermədən gedənlər də olub. Şahidlərin sözlərinə görə, qapıda qonaqları qarşılayan “böyük siyasətçi” zamanında ona salam vermək üçün sırada gözləyənlərdən quru salam belə ala bilmədiyi üçün pis vəziyyətə düşüb.

Bir il ərzində bir-birindən qopmayan və “toy və ad günü bəhanəsi” ilə birlikdə olanların missiyası isə “psixoloji savaş”dır. Yəni, Gülənin gənc müridlərinin bitmədiyi, əksinə dövlət tərəfindən dəstəkləndikləri imici yaradılmalıdır.

Təəssüf ki, fətullahçılar ciddi şəkildə 2015-ci il planlarına start versələr də, nə müxalifət, nə də iqtidar mətbuatı bunu “görmür”.

Kiçik bir məsələyə günlərlə yer ayıran ölkə mətbuatı (bir neçə sayt istisna olmaqla) Gülən müridlərinin Azərbaycandakı oyunlarını sanki görmür. Sanki ABŞ müxalifəti Gülənin əli ilə iqtidara gətirəcəkmiş kimi bir hissə qapılaraq, fətullahçıları hər kəsdən çox qoruyurlar.

İqtidar və müstəqil media qurumlarından olan dostlar isə “Gülən məsələsinə “yuxarı”nın qadağa qoyduğu” bildirirlər. Kimdir o “yuxarı”? Bəlkə yenə “kasset”li hamilər ortaya düşüb?  “Bir neçə nazir dostumuz var” deyən fətullahçıları qoruyan bu qədər canıyananlıqla qoruyan kimdir?

Rəbiyyət Aslanovanın sözləri burada tam yerinə düşür. Deputat “Ərdoğan çıxışlarında da dəfələrlə Azərbaycanda nurçuluğun uzantılarının olmasından danışmışdı” sualına bütün yaşananları aydınladan cavab verir: “Elə isə sizə sual edim: tək Elnur idimi?”

Bizim aylardır yazdığımız əslində bu cavabda gizlidir. Elnur tək deyildi və bu gün də tək deyil. Dövlət içində Elnurdan yüksək və aşağı ranqlı xeyli məmur var ki, Gülənin “əsrin imamı” olmasını ya vəlvələdən, ya da zəlzələdən qəbul edib. Kimisi onların məktəblərində yetişdirilib, kimisi də Gülənin “Dialoq Avrasiya” və digər quruluşlarının təşkil etdiyi xarici səfərlər zamanı çəkilən videoların əsirinə çevrilib.  Buna görə də Elnur Aslanov da digərləri də Rəbiyyət xanımın dediyi kimi “tək deyil”.

Aqil ƏLƏSGƏR

Yenicag.az

www.yenicag.az

1242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv