Hansısa anlamda qəddar təsir bağışlayan deyim var: Tanrı bizə istədiyimiz insanları vermir. O bizi yalnız ehtiyac duyduğumuz insanlarla üzləşdirir.

Bəlkə də bu yetərlidir, nə bilmək olar? Axı niyyət belədirsə, başqa mətləblər öz əhəmiyyətini itirir və bizlər sadəcə yaşayışımızın, dəyərlərimizin, çevrəmizin formalaşmasının ortaq nöqtələrini axtarırıq. Öz aləmimizdə o nöqtələri tapır, yaxud tapdığımızı zənn edirik. Düşünür, hansısa qənaətə gəlir və həyat yolumuzu müəyyənləşdiririk. Sevgiyə, niyyət saflığına söykənən yolu əsas tuturuqsa, şəxsiyyəti və varlığı ilə bu dəyərləri özündə cəmləşdirən insanları görməyi bacarırıq.

Bəlkə o insanlar heç bunun fərqində deyillər, ola bilər o insanlara layiq olduqları qiyməti verə bilmirik, yaxud üstünlükləri nədir anlamırıq. Maraqlıdır ki, onları fərqli bilirik. Hesab edirik ki, onlarla sirr paylaşmaq, dostluq etmək, yol yoldaşı olmaq, ideyaları, bir sözlə, həyatımızı zənginləşdirən məqamları bölüşmək mümkündür. Yalnız mənim deyil, məni əhatə edən yaxşıların fərqləndirdiyi, hər kəsin dəyər verdiyi, varlığı ilə həyat yolumuza zənginlik gətirən bir İnsanın – Elçin Mirzəbəylinin 50 yaşı tamamdır.

Elçin Mirzəbəyli şəxsiyyətdir. Bəli, o, imzasını, ruhunu dəyərə çevirməyi bacaran bütöv şəxsiyyətdir. Yubilyar gözəl şair olmaqla yanaşı, mənim zənnimdə gözəl publisistdir, prinsipial ictimai-siyasi xadimdir, sözün əsl mənasında jurnalistdir, türkçüdür, VƏTƏNPƏRVƏR ziyalıdır.

Elçin Mirzəbəyli Uca Tanrının bizə bəxş etdiyi məhz ehtiyac duyduğumuz insandır. Onu sözümün əvvəlində təsvir etdiyim qəddar ampluasında göstərməyimə səbəb isə şairliyidir. Elçin bəyə şair deyə müraciət edirəm. Şairin şerlərindəki fikirlər, xəyallar beyin qatımızı sanki qaşıyır, bizə zülm verərək bir növ unudulmuş nələrinsə həmin qatda təkrar lövbər salmasına şərait yaradır. Xatirələr canlandıqca bir anlıq sınırsan və məhz sevgi naminə dirçəlir, düşünürsən. Mirzəbəylinin bütöv yaşantıya, məxsusi, qeyri-adi ifadə tərzinə, inanılmaz texnikaya malik dəst-xəttini anlayan üçün özünə qayıdış ruhu var. İnsan sanki yenidən doğulur, durulur, paklaşır, üsyan edir və mücadilə ovqatına köklənir. Bəli, qətiyyətlə demək olar ki, Elçin yeni gün, əsl sevgi, təmənnasız, qayğısız həyat uğrunda mücadilə mərhələsinin ruhundan nəşət alan şairdir. Şairin ən böyük silahı isə romantizmdir. Milləti səsi boğulmamaq üçün ayağa qaldıran romantizm. Millət üçün ölümü belə şirinləşdirən romantizm…

Elçin Mirzəbəyli prinsipial siyasətçidir. Ümumən həyatımız siyasət üzərində qurulub. Hər birimiz müəyyən qədər siyasətçiyik. Və əlahəzrət siyasət istər-istəməz bizlərə öz şərtlərini diqtə edir. Bəzən həmin şərtləri qəbul etməkdən başqa əlacımız qalmır. Ancaq düşünürəm ki, burada da kompromiss variant var. Elçin Mirzəbəyli siyasətdə öz oyununu oynayır. Oyunun qaydaları isə çox sadədir. Yetər ki, ilk növbədə vicdanını, şərəfini, ləqayətini və əqidəni düşünəsən, prinsipiallığını əldən verməyəsən. O zaman hər kəsin gözündə yüksəlirsən. Hətta səni istəməyənlərin, baxışlarını qəbul etməyinlərin gözündə belə böyüyürsən. Elçin siyasəti əxlaqına, məntiqi təfəkkürünə tabe etdirən, mövqeyinə sadiq qalmağı bacaran siyasətçidir.

Elçin Mirzəbəyli jurnalistika və publisistkanı daim vəhdətdə saxlayan, hər iki janrı bir-birinin özəllikləri ilə çulğalaşdıran istedadlı qələm sahibidir. Onun hadisə və proseslərə yanaşma tərzinə hakim kəsilən cəhət ədalətdir. Məqalələrini oxuduqca konkret bir məsələyə nəzərən ortaya qoyduğu ədalətin əslində neçə-neçə mətləblərə aydınlıq gətirdiyini aşkar görürsən. Və məhz buna görədir ki, Elçin Mirzəbəyli qələminin mürəkkəbindən süzülən ədalət həm də vətənpərvərlik çağırışıdır. Vətənpərvər olmaq üçün əlavə pafosa filana ehtiyac yoxdur. Öz işində ədalətli və dürüst olursansa, demək, vətənpərvərsən.

Dediyim kimi, hansısa mücərrəd formullara ehtiyac yoxdur – səmimi, üzvlərinin bir-birinə qayğı ilə yanaşdığı kollektivə rəhbərlik edirsənsə, vətənpərvərsən. Vətənə, xalqa layiqli övladların yetişdiyi bir ailən varsa, vətənpərvərsən. 50 yaşlı Elçin Mirzəbəyli bütün mənalarda xamırı türkçülüklə, milliliklə yoğrulmuş əsl vətənpərvərdir. Hesab edirəm ki, onun zəngin ömür yolu həm də nümunədir, etalondur. Bu nümunəyə sədaqət, mərdlik, dostluq, alicənablıq keyfiyyətləri ayrıca rəng qatır.

50 illik yubileyin mübarək, əziz və hörmətli şair dostum! Uca Tanrı hər zaman yar və yardımçın olsun. Arzularına çatasan! Sənin arzuların həm də bu xalqın və millətin arzularıdır. Sən ürəyi xalq və millət üçün döyünən ziyalısan! Möhkəm ol, sağlam ol, Var ol!

Əflatun Amaşov
Millət vəkili, Mətbuat Şurasının sədri

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 89
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."