Yazı İçi 468×60

img1938586İki sabiq nazirin rabitə sistemini ələ keçirməsinə dair şok detallar; Eldar Mahmudovun Rabitə Nazirliyini “əsarət”ində saxlamasının detalları; hazırda Sabunçu Telefon Qovşağının rəhbəri olan Nəriman Salmanovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən işgəncə ilə uzaqlaşdırıblarmış…

 
Milli Təhlükəsizlik Nazirliyində başlayan, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində davam etdirilən proseslər heç şübhəsiz ki, qısa müddətdə səngiməyəcək, ortaya daha ciddi faktlar çıxmaqda davam edəcək. Çünki burada söhbət dövlətə olan təhdiddən, bəzi iddialara görə, dövlətə xəyanətdən, eyni zamanda milli təhlükəsizlik nazirinin uzun illər ərzində digər bir nazirliyi öz nəzarəti, təhdidi altında saxlaması kimi ağlasığmaz iddialardan gedir. 
 
Redaksiyamıza sabiq nazir Eldar Mahmudovun rabitə sistemini necə təhdid etməsi, Əli Abbasovu hansı metodlarla “verbovka” etməsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyini necə nəzarətinə keçirməsi, ora yaxın qohumu Beytulla Hüseynovu hansı metodla rəhbər gətirməsi, əvvəlki rəis Nəriman Salmanovu girov götürməsi, onu istefaya məcbur etməsi haqda maraqlı məlumatlar daxil olub. 
 
Xəbəri verən mənbə bildirib ki, 2005-ci ilədək Gəncə Telekommunikasiya İdarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə irəli çəkib. Lakin bundan qısa müddət sonra onun, necə deyərlər, başına müsibətlər gətirilib. Mənbənin dediklərindən: “Nəriman Salmanov BTRİB-ə rəis gətiriləndən bir neçə ay sonra onu MTN-ə çağırıblar. Orada ona nazir E. Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir. Nəriman Salmanov peşəkar rabitəçidir, qanundan qorxan adamdır, birmənalı şəkildə bundan imtina edib. Deyib ki, əgər bunlar dövlətə lazımdırsa, məhkəmə qərarı çıxarılsın, bundan sonra dinləmələri həyata keçirməyə qanun imkan verir. Bu zaman onu orada döyüblər, təxminən 1 aya yaxın kənar bir yerdə, iddiaya görə, general Akif Çovdarovun gizli həbsxanasında saxlayıblar. Bu müddət ərzində ailəsi belə onun harada olmasından xəbər tuta bilməyib. Nəriman Salmanov, nəhayət, həmin vəzifədən istefa verəcəyini bildirib, bundan sonra onu azad ediblər. O, dediyinə əməl edərək istefa ərizəsi yazıb. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub. Amma həmin vaxt Eldar Mahmudov Əli Abbasova deyib ki, bütün bunlar ölkə rəhbərliyi ilə razılaşdırılıb, faktiki olaraq onu aldadaraq öz istəyinə nail olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Eldar Mahmudov Əli Abbasovdan o posta qohumu Beytulla Hüseynovu təyin etməyi tələb edib və tələb icra olunub. Faktiki olaraq bu olaydan sonra Əli Abbasov da Eldar Mahmudovun icra komandasına daxil olub”.
Qaynaq deyir ki, Nəriman Salmanov BTRİB-dən gedəndən sonra Əli Abbasov onu Yasamal Telefon Qovşağının rəisi vəzifəsinin icraçısı təyin edib. Lakin Eldar Mahmudov buna da mane olub: “Deyib ki, Yasamal strateji ərazidir, Nəriman orada da bizə mane olacaq, onu başqa yerə göndər. Bundan sonra onu ucqara, Sabunçu Telefon Qovşağının rəisi vəzifəsinə təyin ediblər. O, burada da daim təhdid altında olub. Bunlara görə o, kabinetinin içərisini də kameralatmışdı ki, otağa gələn hər kəsin davranışları da qeydə alınsın. Bundan başqa, vaxtaşırı Sabunçu ATS-in əməkdaşlarının rəisə qarşı “zəhmətkeş” məktubları peyda olurdu”.
Nəriman Salmanov özü bir neçə ay öncə mətbuata verdiyi açıqlamada da qeyd edib ki, ona qarşı qərəzli kampaniya aparılır. Sitat: “KİV-lərə mənimlə bağlı anonim iddialar göndərirlər. Bu iddiaları yazanlar, yalan deyənlər öz adlarını, imzaları gizlədirlər”…
***
Bu arada məlum olub ki, Rabitə Nazirliyində çox ciddi struktur və kadr dəyişiklikləri həyata keçiriləcək. Artıq məlumat da açıqlanıb ki, təhlükəsizlik və rabitə sistemləri ilə bağlı qanunvericilik bazası yenilənəcək. 
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov APA-ya bildirib ki, təhlükəsizlik, dövlət sirrinin qorunması və bundan irəli gələn məsələlər, eləcə də bu mövzuların mətbuatda işıqlandırılması forması ilə bağlı dövlət başçısının müvafiq sərəncamı var və bundan irəli gələrək qanunvericiliyə əlavə və dəyişikliklər hazırlanıb. Milli Məclisdə bu məsələnin müzakirəyə çıxarılacağını söyləyən S. Novruzov qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər dövlət sirrinin və hərbi sirlərin qorunması, təhlükəsizlik sisteminin və bunlarla əlaqədar olaraq rabitə sisteminin möhkəmləndirilməsinə dair əlavə və dəyişikliklərdir: “Yeni parlamentdə bu məsələlərin müzakirəyə çıxarılması planlaşdırılıb. Məqsəd qeyd olunan sahələrin gücləndirilməsidir. Bu sahədə qanunazidd əməllərə qarşı Cinayət Məcəlləsindəki müvafiq maddələrin sərtləşdirilməsi də nəzərdə tutulub”.
S.Novruzov qanunvericiliyə ediləcək əlavə və dəyişiklərdə rabitə sisteminin diqqət mərkəzində olacağını deyib: “Çünki təhlükəsizliyin əsas istiqamətlərindən biri elə rabitə sistemidir”…
Bizim qaynağımız isə çox ciddi bir informasiya da açıqlayıb. Mənbə iddia edir ki, yeni rabitə naziri MSK sədri Məzahir Pənahov olacaq: “Hələ seçkilərdən əvvəl onun nazirliklərdən birinə rəhbər gətiriləcəyi, bu illər ərzində hakimiyyətə göstərdiyi xidmətlərə görə mükafatlandırılacağı deyilirdi. Məzahir Pənahov əslində ixtisasca fizikdir, rabitə sahəsini bilən adamdır. O, hazırda BDU-nun ümumi fizika kafedrasının müdiridir, Fizika-riyaziyyat elmləri doktoru, professordur.  İndiyədək heç bir siyasi səhvə yol vermədiyi, qruplaşma oyunlarına qatılmadığı üçün onun rabitə naziri postuna gətiriləcəyi kifayət qədər inandırıcıdır. O özü də bu postu tutmağa iddialıdır”.
Yazıda adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
T.ƏHMƏDLİ

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 110
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."