Yazı İçi 468×60

32387118Aydın Mirzəzadə: “Majoritar sistem özünü kifayət qədər doğruldub”

Gülağa Aslanlı: “Proporsional seçki sistemi siyasi islahatların aparılmasının ilk qaranquşu ola bilər”

Sərdar Cəlaloğlu: “Ölkədə siyasi partiyaların yeri və çəkisinin artırılması üçün…”

Fazil Mustafa: “Ölkənin gələcəyi naminə…”

Taleh Əliyev: “Proporsionalın bərpası dövlətçilik, ölkədə demokratiyanın oturuşması baxımından yaxşı olardı”

Azərbaycanda bildiyimiz kimi, Milli Məclisə seçkilər majoritar əsasda keçirilir. Bu da 2002-ci ildə qəbul olunan Konstitusiya dəyişikliyi əsasında baş verib. Amma buna baxmayaraq, hələ də müxalifət partiyaları böyük əksəriyyətlə, proporsional seçki sisteminin bərpasını arzulamaqda davam edirlər.

Yenicag.az olaraq apardığımız sorğu da belə deməyə əsas verir ki, müxalifət proporsional seçkinin bərpasında, iqtidar isə mövcud seçki sisteminin qalmasında maraqlı olmaqda davam edir.

Millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə majoritar sistemin üstün olduğunun sübut olunduğunu dedi: “Kiminsə nəsə istəməsi hələ cəmiyyətin sifarişi kimi qəbul edilə bilməz. Sonuncu referendumda əhalinin əksəriyyəti seçki sisteminin ancaq majoritar üzərində qurulmasına səs verdi. Bu müddətdə də majoritar sistem özünü kifayət qədər doğruldub. Seçilən deputat konkret seçici qarşısında məsuliyyət daşıyır və ona hesabat verir. Ona görə də indiki dövrdə majoritar sistem daha üstündür”.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı düşünür ki, proporsional seçki sistemi Azərbaycan üçün çox vacibdir: “Bu ölkədə siyasi islahatların aparılmasının ilk qaranquşu ola bilər. Heç də təsadüfi deyil ki, Konstitusiyanın ilkin variantında proporsional seçki sistemi də nəzərdə tutulmuşdu. 2000-ci ilin seçkisində Müsavatın proporsional seçki sistemilə böyük qələbəsini görən hakimiyyət, 2002-ci ildə dəyişiklik etməklə həmin maddəni çıxartdılar. İndi isə özləri də görür ki, dünyanın bütün demokratik ölkələri majoritar seçki sistemindən imtina etmək xətti götürüb. Demokratik ölkələrin demək olar hamısında qarışıq seçki sistemi qalıb. Bunun üçün Azərbaycan xalqı da öz sözünü ortaya qoymalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu da müxalifətdəki digər həmkarları ilə həmfikirdir: “Rusiyada proporsional seçki sisteminə keçilib. Ümumiyyətlə, sovet məkanında qarışıq seçki sistemi üstünlük təşkil edir. Türkiyədə də qarışıq sistemdir. Avropada da əsasən qarışıq sistem üstünlük təşkil edir. Azərbaycan isə nadir ölkələrdəndir ki, burada xalis majoritar sistemdir. Belədə ölkəmizin majoritar seçki sistemində qalması nə dünya praktikasına uyğun gəlir, nə də sovet məkanına. Ölkədə siyasi partiyaların yeri və çəkisinin artırılması üçün proporsional seçki sistemi bərpa olunmalıdır”.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa gələcək naminə proporsional seçkini vacib bildi: “Bu məsələ indiki şərtlərdə çox mübahisə doğuran məsələdir. Amma hər halda ölkənin gələcəyi üçün proporsional seçki vacibdir. Bu partiya demokratiyasının inkişafına köməklik göstərər. Bunu etməsək həmin sahədə xeyli natamamlıqlar qalacaq və gələcəkdə partiyaların zəif modeldə qalmasına şərait yaradacağıq. Ona görə də dəyişiklik olmalıdır”.

Ümid Partiyası İcra Aparatı rəhbəri Taleh Əliyev də proporsional sistemə tərəfdar olduğunu söylədi: “Proporsional seçki sistemi siyasi sistemdə partiyaların rolu və nüfuzunu artıra biləcək bazis seçki sistemidir. Ona görə də onun bərpası dövlətçilik və ölkədə demokratiyanın oturuşması baxımından yaxşı olardı. Amma təəssüf ki, iqtidarın yanaşması siyasi sistemin zəiflədilməsi, partiyaların bu sistemdəki yer və rolunun kiçildilməsi istiqamətindədir. Amma müxtəlif dövrlərdə hakimiyyətə yaxın deputatlar, hakim partiyanın bəzi funksionerləri tərəfindən də proporsional seçki sisteminin bərpası zərurəti vurğulanıb. Amma rəsmilər səviyyəsində bununla bağlı hələlik hansısa bir mesaj verilməyib. Düzdür, keçən ilin sonlarında mətbuatda belə məlumat yayıldı ki, hakimiyyət bu ilin yazında növbəti referenduma hazırlaşır və burada əsas maddələrdən biri proporsional seçki sisteminin bərpası məsələsi olacaq. Amma informasiyanın nə qədər real olub-olmadığı haqda bir şey deyə bilmərəm”.

Rüfət

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."