!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

6 hakimin səlahiyyətinə xitam verilib, 2-si işdən çıxarılıb

!Reklam – Yazi

Məhkəmə-Hüquq Şurasının bütün apelyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, iclasda ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək dünyada baş verən iqtisadi böhran və təlatümlərə baxmayaraq, ötən il dahi öndərin dövlət inkişafı kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, qətiyyətli iqtisadi islahatlar nəticəsində qlobal böhranın ölkəmizə təsirinin minimuma endiyini, iri həcmli sosial layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb. Milli Ordumuzun ötən ilin aprel ayında düşmən üzərində qələbəsi və azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılmasının hər kəsdə böyük ruh yüksəkliyi yaratdığı bildirilib.

Qeyd olunub ki, ötən il Məhkəmə-Hüquq Şurasının iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məsuliyyət hissinin artırılması, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, habelə hakimliyə namizədlərin seçimi ilə bağlı bir çox məsələlərə baxılaraq konkret qərarlar qəbul edilib. Bu tədbirlər Şuranın internet səhifəsində (jlc.gov.az) və mətbuatda geniş işıqlandırılıb.

Mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə hazırlanmış mühüm qanunvericilik layihələri Şuranın müzakirəsinə çıxarılıb. Qanunvericiliyə edilmiş dəyişiklərə əsasən məhkəmə sisteminin müstəqilliyinin etibarlı təmini və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən olunması ilə bağlı Məhkəmə-Hüquq Şurasının üzərinə əlavə vəzifələr qoyulub, məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətləri genişləndirilib.

Məhkəmə səhvlərinin azaldılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq, bütün hakim korpusunu əhatə edən silsilə təlimlər təşkil olunub, mövcud pozuntular və onların aradan qaldırılması, hakimlərin davranışı, məhkəmə idarəçiliyi, sənədlərin keyfiyyətli tərtibi ilə bağlı mövzuların tədrisinə üstünlük verilib.

Ötən il hakimliyə namizədlərin növbəti seçimi təşkil edilib. Nüfuzlu beynəlxalq təsisatlar tərəfindən örnək kimi göstərilən seçim qaydasına uyğun olaraq, namizədliyini irəli sürən 800-dən çox hüquqşünasla şəffaf prosedurlar əsasında, çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə test, habelə yazılı və şifahi imtahanlar keçirilib. İmtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə hazırlanmaları üçün bir illik tədris kursuna cəlb ediliblər.

Kursun proqramı müasir tədris metodu və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Hazırda davam edən kurs zamanı insan haqlarının etibarlı qorunması, məhkəmə etikası, qərarların tərtibi, qanunvericilikdə yeniliklər və digər aktual məsələlərə dair mövzular təcrübəli hakimlər və mütəxəssislər tərəfindən tədris olunur, namizədlərin məhkəmələrdə staj keçməsi, xarici dövlətlərdə, Avropa Məhkəməsində olmaqla, qabaqcıl beynəlxalq təcrübələri öyrənməsi nəzərdə tutulur.

Ədalət mühakiməsinin səmərəsinin artırılmasında müasir məhkəmə infrastrukturu yaradılmasının əhəmiyyəti nəzərə alınaraq, 2016-cı ildə Dünya Bankı ilə birgə layihələr çərçivəsində 6, dövlət büdcəsi hesabına isə 4 yeni, müasir məhkəmə kompleksi və binalarının tikintisi davam etdirilib, digər məhkəmə binalarının müasirləşdirilməsi üzrə zəruri tədbirlər görülüb. Mülki dövriyyənin inkişafı, məhkəmələrə əlçatanlığın asanlaşması və insanların etimadının nəticəsidir ki, 2016-ci ildə mülki sahə üzrə məhkəmələrə müraciətlərin sayı 45 faizədək çoxalaraq 470 mini ötüb. Bu, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 20 dəfədən çoxdur. Birinci instansiya məhkəmələrində mülki xarakterli iddiaların 96,8 faizi, inzibati mübahisə üzrə iddiaların isə 84,4 faizi təmin edilib.

Mülki xarakterli işlər üzrə yekun qərarların 98,5 faizinin, inzibati işlər üzrə qərarların isə təxminən 90 faizinin dəyişdirilməyərək sabit qalması hüquqların məhkəmə müdafiəsinin real göstəricisi olub.

İclasda, həmçinin Şuranın yeni qanunvericilikdən irəli gələn vəzifələri müzakirə edilib, 2017-ci ildə səlahiyyət müddəti başa çatan 130-dan çox hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib. Ölkə başçısının korrupsiya ilə qəti mübarizə aparılması, məhkəmə qərarlarının ədalətliliyi, qərəzli yanaşmanın aradan qaldırılması, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, ötən il vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə altı hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən iki nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri məhkəmə fəaliyyətinin təkmilləşməsi, vahid məhkəmə təcrübəsinin və ədalətli cəza siyasətinin formalaşması məqsədilə aparılan təhlillərin və cinayət qanunvericiliyinin humanistləşdirilməsi məsələlərinin aidiyyəti qurumlarla birgə müzakirəsinin, məhkəmə proseslərində müasir texnoloji yeniliklərin tətbiqinin zəruriliyini qeyd ediblər. İnsan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyət daşıdığı diqqətə çatdırılıb, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə xüsusilə həssas yanaşılmasının, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilib.

Şurada, həmçinin qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt apelyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apelyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.

Yenicag.az

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv