!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aydın Doğanla Fətullah Gülənin Azərbaycana son hücumu

!Reklam – Yazi

gulen1Deyəsən, oyun sona çatır.

Ərdoğana üçüncü dəfə məğlub olacağını və sonra baş verəcəkləri təxmin edən Gülən dostu Aydın Doğanla birləşərək, var gücləri ilə boğulmamağa çalışırlar. Əslində məsələ seçki deyil, seçkidən sonra yaşanacaq olanlardır…

Azərbaycanın hədəf seçilməsində də məqsəd seçkilər sonrası başlanacaq böyük əməliyyatların önünü kəsməkdir…

Gülən yaxşı bilir ki, içəridən çıxara bilmədiklərinin ona olan ümidləri getdikcə azalmaqdadır. Hər keçən gün etirafçıların artacağı qorxusu ilə yaşayır. Gülən Terror Örgütünün təlimatı ilə cinayətlər törədən Ali Fuat Yılmazerlər, Ramazan Akyürekler içəridən çıxa bilməsə, əsl qiyamət o zaman qopacaq. Gülənin aprel ayında özünə bağlı hakimləri riskə ataraq, Hidayət Karaca və həmin polisləri içəridən çıxarma əməliyyatının uğursuz olması həbsxanadakıların ona olan ümidini bitirib.

Bəli. Böyük dövlətləri yıxan pıçıltıdır. Gücsüz olduqlarına dair pıçıltı. Gülən də necə də olsa illərin “Paralel Dövləti”dir. Bu zamana qədər insanlar niyə onun yanındaydılar? Çünki onun yanında olmaq güclünün yanında olmaqdı. Onunla bərabər addımlamaq o insanlara komfort həyat, böyük proyektlər vəd edirdi. Söhbət heç də bunların dini yalanlarına inanıb, son qəpiyinə qədər “hizmət üçün” xərcləyən zavallı müsəlmanlardan deyil, daim gücün yanında olan qüvvələrdən gedir. Artıq o qüvvələr Güləni tərk edir. Çünki Gülən artıq komfort deyil, həbsxana, sürgün deməkdir. Bunun üçün Ərdoğanın dediyi kimi “siçanlar batan gəmini tərk edir”. Gülənin əsas adamları Türkiyədən qaçmağa başlayıblar. Bu gün türk imamlarının əksəriyyəti ABŞ-da və ya Avropa ölkələrindədir. Gülənist yazar Ali Bulac bəlkə də bu səbəbdən ABŞ-ı “ana vətən” adlandırmışdı. Elə azərbaycanlı imamı Elnur Aslanovun təhsil adı altında Amerikaya aparılmasına dair cəhdlər də bundan xəbər verir. Daha şantaj kassetləri də insanları yanında saxlamağa və onlardan dəstək almağa kömək etmir.

***

Gülən ilə bərabər olmaq, acı da olsa, erməni diasporası ilə Türkiyəyə və Azərbaycana qarşı eyni sırada olmaq deməkdir. Müsəlmanlar üçün həm də ağır olan Gülən ilə bərabər olmanın Aydın Doğan kimi bir din düşməni ilə ittifaqına dəstək olmaqdır…
Gülən bu dəfəki itkilərin daha böyük olacağını bilir. Buna görə, indidən Azərbaycanı özündən asılı etməyə çalışır. Fürsət varkən, seçim öncəsi Azərbaycanı qaralamağa çalışır ki, hər zamankı kimi sonda “qurtarıcı”lıq etsin və buradakı mövcudiyyətlərini qorusunlar…

Buradakı mövcudiyyət köhnə şeyxlərdə olduğu kimi bir dərgah, əba və təsbehdən ibarət deyil. Son 25 ildə Azərbaycanda nələr qurmayıblar ki? Qafqaz Universiteti, TUSİAB-a bağlı şirkətlər, “İstək” liseyləri (“Çağ Öyrətim”in yerinə yaradılıb), “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinə bağlı şirkətlər, “Güvən Nəşriyyatı”na bağlı hazırlıq mərkəzləri(“Araz” Kursları yerində yaradılıb). Və Azərbaycan üzərindən Rusiya və Orta Asiyaya dəhliz imkanı… Bitmədi… Dövlətin içərisinə sızdırdıqları İMAMIN ORDUSU… Nazirlər, nazir müavinləri, idarə rəisləri, şöbə müdirləri, deputatlar, hakimlər, polislər, icra hakimiyyəti başçılarının müavinləri, QHT sədrləri, media qurumları, ayrı-ayrı media qurumlarının içərisindəki simpatizanları, gənclər ordusu, iş adamları…. Siyahını istədiyiniz qədər uzatmaq olar…

Yəni, kim 25 ildə qurulan belə bir böyük şəbəkənin təhlükədə olmasını istəyər ki? Gülən də Türkiyədən sonra sıranın Azərbaycana gəlməməsinə çalışır. Lakin bu dəfə isterika halında elə səhvlər edirlər ki, yığıb-yığışdırmaq mümkün deyil. Zamanında “Today`s Zaman” qəzetində Azərbaycan əleyhinə yazılanlar bu gün “Pensilvaniya bülbülü” olan “Hürriyyət”in Vaşinqton təmsilçisi Tolqa Tanışın adı ilə mediaya ötürülür. Bütün bunları görmək üçün isə münəccim və ya “dərin adam” olmağa ehtiyac yoxdur. Sadəcə keçmişə və bu günə baxmaq kifayətdir. ABŞ-dan Gülənlə bağlı bir mənfi cümlə yazmayan, ancaq hər fürsətdə Azərbaycan və Türkiyəni qaralayan Tolqa Tanış hazırda Gülənin sifarişlərini Doğanın mediasında həyata keçirməkdədir. Türkiyəni beynəlxalq aləmdə sıxıntıya salmaq üçün hazırlanan proyektlərdə “qanqster” rolunu oynayan Tanışın Azərbaycana qarşı kini də “Xədicə sevgisi”ndən çox-çox əvvələ dayanmaqdadır.

Sadəcə, Tanışmı? “Vaşinqton Post” qəzetində Azərbaycan əleyhinə məqalə yazanların fətullahçılarla əlaqələri də TANIŞdır. Azərbaycan üçün guya lobbi çalışması adı altında pul qoparan fətullahçılar, xüsusilə Türk Amerikan Alyansı həmin pulla əvvəl ölkəmizi söydürür, daha sonra təriflətməklə, özlərinin önəminə diqqət çəkirlər. “Hocaəfəndi qarışmasaydı, ABŞ Azərbaycanda iqtidarı dəyişəcəkdi” yalanı ilə buradakı mövqelərini qoruyurlar…

***

Ən önəmlisi də, Qafqaz Universiteti üzərində əsirlər. Çünki bura ABŞ-ın Azərbaycandakı beyin mərkəzlərinin ən önəmlisidir.Azərbaycanın enerji sektoruna yeridilən “Troya atı”dır. Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan Qafqaz Universiteti ilə bağlı yazarkən, bir çoxları bu iddiaya qarşı çıxırdılar. Baxın, II Dünya Savaşında ən önəmli rol oynayan Neft Akademiyası ( O zamankı adı Bakı Politexnik İnstitutu) bu gün məqsədli şəkildə sıradan çıxarılmaqdadır. Necə ki, sırf Gülən liseylərini önə çıxarmaq üçün Misir Mərdanovun zamanında Azərbaycan təhsili bərbad hala salındı və bu gün də o prosses davam etdirilməkdədir. Dövlətin imkanları ilə Qafqaz Universitetini gücləndirənlər, burada son texnoloji imkanlara malik lobaratoriyaları quranlar Neft Akademiyasını qədəri ilə baş-başa buraxıblar. Sanki illərlə dünyaya səs salan neft mütəxəssisləri Qafqaz məzunuymuş… Sözdə beynəlxalq təşkilat və şirkətlərlə bağlanan müqavilələrlə Qafqaz Universiteti şişirdilir. Hədəf də var. 5 il sonra dövlətin neft-qaz sektorundakı bütün önəmli postları fətullahçı müridlərin ələ keçirməsi.

Gülənin Azərbaycan imamı Ənvər Özərənin Rəyasət Heyəti sədri, Ahmet Sanıcın isə rektoru olduğu bu universitet həm də azərbaycanlı imamları ilə məşhurdur. Məsələn, Qafqaz Universitetinin prorektoru Natiq Paşa. Prorektor olan Natiq Paşanın övladına Fətullah adını qoyduğu da deyilir ki, bu onun özəlidir, bizi maraqlandırmır. Bizi sapı özümüzdən olan bu baltaların millətimizə vurduğu zərbə ağrıdır. Milli insanların gözümçıxdıya salındığı, Azərbaycanın görkəmli şəxsiyyətlərinə, xüsusilə Şah İsmayıla açıq qərəzin nümayiş etdirildiyi Qafqaz Universitetinə böyük türklük eşqiylə işə girən millətçi müəllimlərin fəaliyyət müddəti çox qısadır. Sonunda ya onların sırasına keçəcək, ya da sıxışdırılaraq, oradan ayrılmaq məcburiyyətində qalacaqlar…. Halbuki dövlət şirkətinin nəzarətində olan bu amerikan beyin mərkəzinin ya ortadan qaldırılması ya da oradakı gülənistlərin dövlətimizə sadiq kadrlarla dəyişdirilməsi lazımdır. Bu təmizləmə prossesi zamanı isə “quzu qurda təslim edilməməlidir”. Yəni, milliləşdirmə prossesini nə Xalik Məmmədov, nə də Elnur Aslanovun kadrlarını qoruyan digər məmurlara əmanət etmək olar…

Quruluşu belə Fətullahın F-i şəklində olan Qafqaz Universiteti milli maraqların daşıyıcısı olsaydı, oranı bitirən bir çox gənclər Ulu Öndər Heydər Əliyevin ardınca gedərdilər, daha orta təhsilli bir “xoca”nın davamçısı olmazdılar. Necə ki, Elnur Aslanovun “İrəli”çiləri təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan YAP-a üzv olan dostları ilə əlaqəni kəsib, adama qarşı təcrid siyasəti yürütmüşdülər. Bu faktdan hara qaça biləcəklər? Adam Binəqədi YAP-a üzv olmasına peşman edildi. Hanı siz Heydər Əliyevçiydiniz? Adamdan soruşmazlarmı ki, bu nə turşu, bu nə lahana?

***

Xeyli vaxtdır, sosial medianı müşahidə edirəm. Gülənə qarşı xırda söz dedikdə, üzərimizə hücum çəkən müridlər son günlər ölkəmiz əleyhinə çıxış edənlərə qarşı bir sətir belə yazmırlar. Budur yetişdirdiyiniz “vətənpərvər” gənclik? Yoxsa vətənpərvərlik Taksimdə “Xocalı yürüşü” adı altında Azərbaycan büdcəsini yeməkdir?

***

Bəzən soruşurlar ki, sizin bu dediklərinizi dövlət bilmirmi? Əlbəttə, bizdən daha çoxunu bilir. Biz sadəcə jurnalist araşdırması apararkən, əlində böyük imkanları olan dövlətin daha geniş mübarizə apara bilmə ehtimalı çoxdur. Ancaq nə qədər hara sızsalar belə, dövlət daxilindəki mikrobu çıxarıb atacaq refleksə sahibdir. Gülənin narahat olduğu və Doğan mediası ilə Azərbaycanı şantaj etməsində də bu faktor rol oynamaqdadır. Çünki oyunun bitdiyi və əlavə vaxtın oynanıldığını hər biri bilməkdədir. Azərbaycan dövlətinin qurduğu oyuna düşən fətullahçılar yaxşı anlayırlar ki, onları bu dəfə heç bir nazir və ya digər emissarları qurtara bilməyəcək. Türkiyəyə, ABŞ-a və Avropaya apararaq, əyləncəli anlarını kassetə çəkərək, özlərinə işlətdikləri şəxslər hazırda öz başlarının hayına qalıblar. Dövlətin lahiyələrini arxa qapıdan fətullahçılara yedirən məmurlar bunun hesabını Azərbaycan Prezidentinə verəcəklər. Belə olan təqdirdə, pişik öz balasını ayağının altında qoyduğu kimi, məmurlar həbs yolundaykən, gözləri Ənvər Özərənləri, Məsut Kurnazları, Bahri Topuzları, Yasin Goralları və digərlərini görməzlər. Məsələn, prosses Xalik Məmmədova çatdığı zaman bu gün müdafiə etdiyi fətullahçıları hamıdan öncə satacaq ki, özünü və 27 yaşında dövlət şirkətinin Türkiyə təmsilçisi təyin etdirdiyi oğlu Kənanı qorusun. Qoruya bilsə…

Qısacası, timsah göz yaşları ilə illərlə insanları aldadan Gülən üçün yolun sonu görünməkdədir… 2014-cü ildə başlayan çöküş daha sürətlə davam edəcəkdir… Azərbaycandakı müridləri inanmasa belə, gec-tez hər kəs çökən imperatorluğa şahid olacaqlar… Əsas odur o uçurumun altında qalmasınlar… Nədən çökəcək? Kiminsə istədiyi üçün deyil, Allah adı ilə insanları istismar etdikləri, saf-təmiz müsəlmanların xoş niyyətini acımasızcasına soyduqları üçün çökəcək… Din adı ilə alver edənlərin hamısının aqibəti budur… Ona görə, siz siz olun, Allah ilə insanları aldadanların yanında olmayın…

***

Aydın Doğana gəlincə, zamanında Azərbaycana arxa qapıdan girmək istəyi Ulu Öndər Heydər Əliyev tərəfindən dayandırılmışdı. Türkiyədə baş nazir təyin etdirib, hökumət qurdurduğu bir vaxtda alnının ortasından yediyi yumruq hələ də ona yer etməkdədir. Bu səbəbdəndir ki, illərdən bəri hər fürsətdə öz mediasında Azərbaycan əleyhinə yazdırmaqdadır. İndi isə Gülənin əliylə ölkəmizdən pay qoparmağa çalışır… ABŞ üzərindən edilən hücumlara dəstək verir ki, hər kəs susdurulacağı zamanı bunun “şantaj”ı da bir işə yarasın və ölkəmizə girə bilsin…

Ancaq qatar gedib və artıq bu oyunlara inanan yoxdur. İnanırıq ki, Avropa Oyunlarından sonra Azərbaycanda yuxarı səviyyədə aparılacaq “təmizlik” işləri nəticəsində Gülənə arxa çıxanların çoxu sıradan çıxarılacaq. Yarısını həbs, bir qismini isə vəzifədən uzaqlaşdırma gözləyir. Buna mandatsız qalacaqları da əlavə etmək olar. Ölkədən çıxarılacaq gülənistlərin siyahısı isə çoxdan hazırdır. Fəqət ötən il onların ABŞ şantajı ilə ölkədə qalmalarına səbəb olanlar bu il təhlükə özlərinə yaxınlaşanda hansı mövqeni sərgiləyəcəkləri çox maraqlıdır.

Aqil ƏLƏSGƏR

Aznews.az
terrorungulenuzu
P.S. Qeyd edim ki, Gülənin fəaliyyəti ilə bağlı yazdığım “Terrorun GÜLƏN üzü” adlı kitabımın 96-cı səhifəsində bu örgüt lideri ilə bağlı bir iddiaya yer vermişəm:
“Fətullah Gülənlə bağlı araşdırma apararkən bir saytda maraqlı bir yazıya rast gəldik. Fətullah Gülənin erməni əsilli olduğu iddiası ilə bağlı bu ifadələr yer almışdı:«Erməni olan babası Pasinlerli İbrahim Bəyin xidmətçisi idi. Həmin illərdə baş qaldıran erməni üsyanlarından təsirlənən ermənilər İbrahim bəyi və ailəsini öldürmək istədilər. Ancaq bunun qarşısını alan İbrahim bəy xidmətçilərinin hamısını öldürür. Yalnız 18-19 yaşlarından olan Ramis (bu onun bildiyimiz adıdır, erməni adı bilinmir) qaçaraq, canını qurtarır».

Ancaq canını qurtarmaqla məsələ bitmir. Ramis müsəlman qızla evlənərək, müsəlmanlara qarşı kinini bax belə ifadə edir:“Elə bir övlad böyüdürəm ki, bunları (yəni müsəlmanları) öz dinləri ilə vuracaq”. Elə Gülənin fəaliyyətini izləyəndə də atasının söylədiklərini hərfbəhərf həyata keçirdiyini görməmək mümkün deyil. Bu barədə bir az sonra…

Erməni məsələsinə bir qədər də ətraflı toxunaq. Fətullah Gülən atası ilə bağlı bildirir ki, «mənim atamın səhabələrə cinnət səviyyəsində sevgisi vardı». Ancaq nə qədər qəribədə olsa, Ramis heç bir oğluna səhabə adını qoymayıb: Fətullah, Sibğatullah və Məsih.

Üçüncü ad müsəlmanlar arasında rast gəlinməyən bir ad olsa da, Yahova şahidlərinin övladlarına daha çox qoyduğu isimlərdən biridir. Elə Fətullah Gülənin erməni və yunan din adamları ilə qardaşlıq siyasəti yürütməsi, ABŞ-a da Vatikanın vasitəçiliyi ilə getməsi məhz erməni və xristian olması ehtimalını gücləndirir.

Fətullah Gülənin ermənilərlə əlaqələri bu vaxta qədər onu erməni patriarxı ilə dostluğu ilə bilinirdi. Bu səbəbdən də Gülən heç vaxt erməni vəhşiliyinə qarşı bir cümlə belə işlətməyib. Bu günlərdə isə ermənilərlə Gülən arasında daha da yaxınlaşma var. Belə olmasaydı, erməni bəstəkar Qaro Mafyan Fətullah Gülənin şerlərinə mahnı bəstələyib, kasset buraxmazdı. «Dünya Produksion» adlı şirkət tərəfindən buraxılan kassetdə Gülənin 10 şeirinə mahnı bəstələnib. Bu da hələ harasıdır?..” Kitabda bu mövzu daha geniş izah olunub.

www.yenicag.az

1539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv