www.sinerjipro.net

SinerjiProWide
Reklam

rahimov-03Gələn il ölkəmizdə debüt edəcək Avropa Qran Prisinin promouteri olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin başçısı Arif Rəhimov keçən həftəsonu Abu Dabidə olub və bir çox media nümayəndələrinə müsahibələr verib. Formula1 aləmində tanınmış jurnalist olan britaniyalı Ceyms Allen də A.Rəhimovla geniş müsahibəsini öz saytında paylaşıb. “Formula1 Azərbaycanda” saytı (www.F-1.az) həmin müsahibəni nəzərinizə çatdırır…

– Yeni tras necə olacaq?

– Bizim yarış şəhər trasında keçirildiyi üçün küçələrin konfiqurasiyası ilə məhdudlaşmalı olmuşuq. Biz gözəl paytaxtımızın daha çox gözəl yerlərini göstərməyə, hündürlük fərqini təmin etməyə çalışmışıq ki, sürücülərə və azarkeşlərə xoş olsun. Biz istəyirdik ki, tras sürətli olsun, çünki sürət şəhərin və ölkənin inkişaf tempini simvolizə edir. Biz istəyirik ki, bizim tras təqvimdə ən sürətli şəhər trası olsun.

Orta sürət 210 km/saat olacaq, şəhər trası üçün çox böyük göstəricidir, start-finiş düzlüyündəki maksimum sürət isə 340 km/saat olacaq. Hətta Formula1 yarışları keçirilən stasionar traslarda belə bu sürəti almaq asan deyil. Tamaşaçılar şəhərimizin gözəl mənzərəsini görəcəklər – həm YUNESKO tərəfindən qorunan tarixi hissəni, həm də göydələnlərlə zəngin olan müasir hissəsini. Əminəm ki, gözəl yarış olacaq…

– Zəruri infrastrukturun olması şəhər trasının təşkilini asanlaşdırırmı?

– Əlbəttə, biz yeni yol çəkmədik, amma şəhər trasının təşkilində digər çətinliklər üzə çıxır. İnfrastrukturun müvəqqəti obyektlərini qurmaq, bütün logistikanı düşünmək lazım gəlir. Şəhər mühitinə uyğun bütün məhdudiyyətləri tikinti zamanı nəzərə almalıyıq. Xoşbəxtlikdən bizim bütün problemləri dəf etmək planımız var – vəzifələr yerinə yetiriləndir, hətta bəzi işləri artıq görmüşük.

– Siz digər trasların təcrübəsindən istifadə etmisinizmi?

– Biz iki dəfə Sinqapurda olmuşuq – keçən il və bu il, yerli promouterlərlə, təşkilatçılarla söhbət etmişik: onlar bizə çox kömək ediblər. Onlar bizə ilk yarış ərəfəsində yaranacaq çətinlikləri dəf etməyin yollarını göstəriblər.

Bu il biz bir neçə dəfə Monakoda olduq, yerli avtoklubun nümayəndələri öz təcrübələrini bizimlə bölüşdülər. Biz bir çox promouterlərlə işləyirik ki, digərlərinin yoxlayıb sonradan tətbiq etmədikləri tədbirləri biz görməyək.

– Digər təşkilatçılardan işin marketinq tərəfi barədə nə öyrənə bildiniz?

– Biz öz yarışımızı nadir bir yarış kimi təqdim edirik və bu məsələdə digər təcrübələri təkrar etməməyə çalışırıq. Hər bir promouterin öz məqsədi var – kimsə daxili bazarda bilet satışına üstünlük verir, kimsə xarici bilet bazarına. Biz isə hər iki variant üzərində işləyirik – mərhələni beynəlxalq səviyyədə reklam edirik və lokal satış planlarını hazırlayırıq.

– Nə qədər bilet satmağı planlaşdırırsınız?

– Təxminən 28 min, yəni 20 min tribunlara və 8 min ümumi zonalara.

– Yarışın keçirilməsi turist cəlb etmək üçün vasitədir?

– Biz Bakını turizm mərkəzi kimi təqdim etməyə çalışırıq, çünki Bakı çox gözəl şəhərdir, Formula1 mərhələsi isə marketinq üçün əla platformadır. Biz bilirik ki, yarışı böyük televiziya auditoriyası izləyəcək, bu isə turistləri cəlb edə bilər.

– Hökumət sizi dəstəkləyirmi?

– Bakıda yarış keçirmək qərara alınanda, biz yalnız Berni Ekklstounla deyil, həm də hökumətlə danışıqlar aparırdıq ki, onları Qran Prinin ölkəyə diqqətin artmasında əhəmiyyətinə əmin edək. Hökumət bizi tam dəstəklədi. Yarış tarixi yerlərdə keçəcək və hökumətin dəstəyi olmadan həmin yerdə yarış keirmək mümkün deyildi. Onlar indi də bizi dəstəkləyirlər.

– Niyə stasionar tras tikmədən üstünlüyü şəhər trasına verdiniz?

– Biz Bakının gözəl yerlərini göstərməklə insanları şəhərə cəlb etmək istəyirik, trasa yox. Hazırda biz digər yarışların keçirilməsini planlaşdırmırıq, amma gələcəkdə təqvimi elə tərtib etmək olar ki, başqa seriyaları da cəlb edə bilərik. Amma gələn il yalnız Formula1 və GP2 mərhələlərini qəbul edəcəyik.

– Cari infrastrukturdan yararlanacaqsınız yoxsa hələ tikinti işləri çox olacaq?

– Biz Avropa Oyunlarından sonra qalan infrastrukturun böyük bir hissəsindən istifadə edirik. Çoxlu çadırlarımız, elektron avadanlıqlarımız var – bütün bunlar köməyimizə gəlir və məsrəfləri azaldırıq. Amma bilavasitə yarışa lazım olacaq obyektləri tikməliyik.

Vaxt heç bir zaman çox olmur, amma bizim əlimizdə dəqiq planımız var və biz ona uyğun hərəkət edirik. Biz nikbin ola bilərdik, amma realist olmağa üstünlük veririk. İstisna etmirəm ki, biz işləri vaxtından əvvəl qurtaracayıq…

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.