“ABŞ hegemon ölkə kimi bu məsələni müntəzəm olaraq diqqətdə saxlayır, bəs biz?” – Ekspert

“ABŞ hegemon ölkə kimi bu məsələni müntəzəm olaraq diqqətdə saxlayır, bəs biz?” – Ekspert

Müəllif: Redaktor

Baş Redaktor

natoABŞ-ın Xarici Əlaqələr Şurası ölkənin milli təhlükəsizliyinə və maraqlarına təhdid yaradan amillərin əks olunduğu “Önləyici prioritetlər araşdırması – 2017” hesabatını açıqlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu il 9-cu dəfə hazırlanan hesabatda Rusiya ilə NATO arasında hərbi toqquşmanın meydana gəlməsi ehtimalı önə çəkilib. Hesabat müəlliflərinin fikrincə, mümkün Rusiya-NATO hərbi qarşıdurması ABŞ üçün ən əsas təhlükədir və bu ehtimalın reallaşma dərəcəsi yüksəkdir. Qeyd olunur ki, Moskvanın Şərqi Avropaya yönələn təcavüzkar siyasəti NATO-Rusiya toqquşmasını şərtləndirən başlıca amildir. Bundan başqa, hesabatda növbəti təhdid kimi Şimali Koreyanın nüvə proqramı, ABŞ-ın mühüm dövlət qurumlarına qarşı kiberhücum, terror hücumu və sair hallar öz əksini tapıb. Göründüyü kimi ABŞ tək fövqəldövlət qlobal proseslərin fasiləsiz təhlilini apararaq, özünün milli maraqlarına təhlükə yarada biləcək halları proqnozlaşdırır və onlara qarşı preventiv tədbirlər müəyyənləşdirir. O baxımdan, Ermənistanın işğalı nəticəsində ərazi bütövlüyü pozulan, mürəkkəb hərbi-siyasi proseslərin yaşandığı coğrafiyada yerləşən Azərbaycana yönələn potensial təhlükələrin vaxtında dəyərləndirilməsi əhəmiyyətli məsələ kimi önə çıxır.

Mövzunu Yeniçağ.Az-a dəyərləndirən ekspert Əlabbas Məhərrəmov bildirib ki, Azərbaycanın mövcud durumunda ölkəyə yönələn təhdidlərin vaxtında proqnozlaşdırılması və önlənməsi həyati əhəmiyyət kəsb edir:

“Konkret bir ölkə üçün onun Konstitusiyasından sonra xüsusi əhəmiyyət daşıyan sənədlər olur. Bu sırada Hərbi Doktrina və digər qəbul edilmiş sənədləri qeyd etmək mümkündür. Hərbi doktrina ölkələrin milli təhlükəsizliyinə dair uzunmüddətli mövqeni özündə əks etdirir və ona müstəsna hallarda yenidən baxmaq zərurəti ortaya çıxa bilər. Ancaq müasir dünyada qlobal və regional proseslərin son dərəcə intensivləşməsi, bir çox ölkələr arasında münasibətlərin öz mahiyyətini kəskin dəyişməsi baş verənlərə operativ yanaşma tələb edir. O baxımdan, Azərbaycanın indiki vəziyyəti ölkəyə təhdid yarada biləcək halların vaxtında aşkarlanması və uyğun tədbirlər görülməsi zərurətini gücləndirir.

Sözünüzün qüvvəti, əgər ABŞ-ın timsalında hegemon bir ölkə bu məsələni müntəzəm olaraq diqqətdə saxlayırsa, o zaman Azərbaycan kimi dövlətlər də öz təhlükəsizliyinə münasibətdə maksimum həssas davranmalıdır. Təbii ki, bizdə də bu məsələlərlə məşğul olan strukturlar mövcuddur. Ancaq yaxşı olardı ki, onlar da apardıqları təhlilləri mümkün qədər ictimaiyyətə açıqlasınlar”.

Araz Zeynalov
Yeniçağ.Az

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti