“ABŞ-ın “dollar təzyiqi” davam edəcək” – Türkiyəli politoloq

Müəllif: Redaktor

Editor

dollarABŞ-ın qlobal miqyasda dollar təzyiqini gücləndirməsinə qarşı milli iqtisadiyyatların dövlət sərmayəsi ilə gücləndirilməsi təklif olunur.

Yeniçağ.Az xəbər verir ki, ABŞ-ın dolların gücləndirilməsinə yönələn məqsədli addımları nəticəsində digər ölkələrin milli valyutalarının öz sabitliyini qorumaları məsələsi xüsusi aktuallıq qazanıb. ABŞ-ın dolları bahalaşdırmaq siyasəti dünya ölkələrinin iqtisadiyyatına neqativ təsir göstərməklə yanaşı, milli valyutaların da sürətlə dəyərdən düşməsinə səbəb olur. Son iki ildə yürüdülən “güclü dollar” siyasəti istisnasız olaraq, bütün dövlətlərin maliyyə-bank sisteminə ağır zərbə vurub. Hətta ABŞ-ın ənənəvi müttəfiqləri olan ölkələr də bu siyasətin təsirindən yayına bilməyiblər.

Bu çərçivədə proseslərin inkişafı göstərir ki, ABŞ normal münasibətdə olmadığı ölkələrin milli valyutalarını çökdürmək üçün “əlavə tədbirlər” görməkdən də çəkinmir. Bu sırada ilk növbədə Rusiya və Türkiyə, o cümlədən, Azərbaycan da daxil olmaqla, bu ölkələrlə sıx siyasi-iqtisadi əlaqələri olan dövlətləri qeyd etmək mümkündür. Rusiya ilə Türkiyənin, həmçinin başqa dövlətlərin qarşılıqlı ticarətdə hesablaşmanı dollarla yox, milli valyutalarla aparmaq təşəbbüsü Amerikanı daha da aqressivləşdirib. O baxımdan, Türkiyə ilə Rusiyanın maliyyə bazarlarında dolların hegemonluğunu təmin etməyə, süni surətdə bahalaşdırmağa hədəflənmiş cəhdlərinə ara vermir. Bunun nəticəsində Türkiyə lirəsi, Rusiya rublu, Azərbaycan manatı və başqa valyutaların dollara nisbətdə dəyər itirməsi qaçılmaz olur. Burada diqqəti çəkən əsas məqamlardan biri qeyd olunan valyutaların ölkə xaricindəki məzənnəsinin elan edilmiş rəsmi kursdan əhəmiyyətli dərəcədə fərqlənməsidir. Bu fərq dollarla tənzimlənən manat-lirə müqayisəsində özünü daha qabarıq göstərir. Eyni hal manatın digər valyutalarla konvertasiyasında da müşahidə edilir. Yaranmış vəziyyət bu ölkələrin ABŞ-ın dollar hücumunu neytrallaşdırmaq üçün təcili hərəkətə keçmələri zərurətini doğurur.
Bu məsələni Yeniçağ.Az-a şərh edən Türkiyənin “Strategic Outloook” qurumunun rəhbəri doktor Yusuf Çınar bildirib ki, qlobal dollar təzyiqinin qarşısını almaq üçün bu ölkələrin iqtisadiyyatı dövlət sərmayəsi əsasında gücləndirilməlidir:

“Dolların bahalaşmasının sadəcə, Türkiyə ilə bağlı bir məsələ olmadığını düşünürəm. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra dolların bahalaşmasında yeni dalğa başladı. Qeyd edim ki, Türkiyə bu yaxınlarda dövlət dəstəyi ilə çox nəhəng iki nəqliyyat layihəsini həyata keçirtdi. Bundan başqa, Mərmərə və Qara dənizləri birləşdirəcək İstanbul kanalının istifadəyə verilməsi ilə ölkə iqtisadiyyatında uzunmüddətli canlanma yaradacaq. Ümumiyyətlə, dünyada iqtisadi böhranın yaşandığı bir vaxtda dövlətin iqtisadiyyatı inkişaf etdirməyə yönəlmiş layihələri gerçəkləşdirməsi həyati əhəmiyyət daşıyır. Bu çərçivədə Rusiya ilə “Türk axını”, Azərbaycanla isə TANAP layihələrinə böyük sərmayə qoyulması nəzərdə tutulur. Türkiyə, Rusiya və Azərbaycan indiki dönəmdə dövlətin həyata keçirtdiyi iri layihələrin sayını artırmaqla, öz iqtisadiyyatlarını böhranın təsirindən daha çox qoruya bilərlər. Eyni zamanda, “dollar təzyiqi”nın təsirini azaltmaq üçün xarici ticarətdə milli valyutaların həcminin artırılması vacibdir. Bu variant asan olmasa da, hər halda müsbət nəticə verə bilər. Fikrimcə, dolların milli valyutalara təzyiqi gələn ilin yaz aylarına qədər davam edəcək”.

A.Zeynalov
Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır