ABŞ-ın yeni Suriya siyasətinin kodları… – Analiz

Müəllif: Redaktor

Editor

c8a016986a55Elxan Şahinoğlu: “ABŞ-ın hərbi baxımdan bölgəyə gəlişi burada Rusiyanın mövqeyinin sıxışdırılması demək olacaq”

Artıq Vaşinqton da İŞİD-lə mübarizə üçün aktiv fazaya keçmək niyyətindədir. Belə ki, ABŞ müdafiə naziri Eşton Karter bu günlərdə mətbuata açıqlamasında bildirib ki, hava – desant qüvvələrini İŞİD – lə mübarizədə İraq ordusuna yardım etmək üçün bu ölkəyə göndərirlər. Pentaqon rəhbəri deyib ki, onların qarşısında konkret hədəflər qoyulub və onlar İraq ordusuna İŞİD-ə qarşı mübarizədə yardım edəcək. Pentaqon rəhbəri hərbçilərin nə zaman, sayı və hansı müddətdə İraqda olacağı barədə isə bir söz deməyib. O eyni zamanda deyib ki, 101 – ci hərbi hava – hava desant diviziyasının əsgərləri də tezliklə İraqa yola düşəcək. Qeyd edək ki, hazırda İŞİD-lə qarşı çıxan başlıca qüvvə rolunda Moskva çıxış edir. Bu ölkənin sentyabrın sonlarından başlayaraq havadan endirdiyi zərbələrdən istifadə edən Bəşər Əsəd qüvvələri müəyyən ərazilərə nəzarəti yenidən ələ ala biliblər.

Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Vaşinqtonun Suriya və İraqa hərbi qüvvələr göndərmək niyyəti onun burada təşəbbüsü Rusiyanın əlindən almağa hesablanmış addımdır: “Bildiyimiz kimi, Rusiya son zamanlar Suriya istiqamətində xeyli fəallaşıb. Əvvəlcə, terrorçuların mövqeyini bombardman etdilər, indi də oradakı bazalarını möhkəmləndirir, quru qoşunlarının yerləşdirilməsi haqqında fikirləşir. Ona görə də Amerika bölgədə təşəbbüsü əldən vermək istəmir. Vaşinqton 2003-cü ildə İraqa daxil oldu, amma indi belə çıxır ki, Rusiya Bağdadda da möhkəmlənməyi düşünür. Buna yol verməmək üçün də ABŞ hava bombardmanları ilə yanaşı, Rusiya kimi istəyir ki, onun da İraq və Suriyada silahlı qüvvələri olsun. Bu da ondan xəbər verir ki, ABŞ Rusiyanın orada təkbaşına fəaliyyətinin genişlənməsini istəmir. Dünyanın supergücü ABŞ-dır, o öz şərtlərini diqtə edir və Rusiya ona qarşı heç bir arqument ortaya qoya bilməz. Moskva düzdür, deyəcək ki, Rusiya qoşunları onların nəzərində legitim olan Əsəd hökumətinin dəvətilə ora gəlib. Amma Əsədin legitimliyini Rusiya və bir neçə digər ölkədən başqa heç kim tanımır. Əsəd öz vətəndaşlarını qətlə yetirməklə legitimliyini çoxdan itirib. Ona görə düşünürəm ki, yaxınlarda ABŞ Suriya və İraqda özünün hərbi bazasını da yaratsın və silahlı qüvvələrini orada yerləşdirsin. Lakin bu o demək deyil ki, Vaşinqton belədə quruda da İŞİD terrorçuları ilə savaşmağa hazırdır. Düşünmürəm ki, indilikdə ABŞ belə bir risqli addıma getsin. Sadəcə, Amerika bu iki dövlətdə hərbi varlığını gücləndirməyə çalışır. ABŞ prezident seçkiləri ərəfəsində risqli addımlara getməz. Bütün hallarda ABŞ-ın hərbi baxımdan bölgəyə gəlişi burada Rusiyanın mövqeyinin sıxışdırılması demək olacaq. İkinci bir tərəfdən, bu əsasda onun Türkiyə ilə hərbi əməkdaşlığı da genişlənəcək. Üçüncüsü, Amerika İŞİD-lə mübarizə aparmaqla yanaşı, Əsədin də mövqeyini zəiflətməyə çalışır. Hazırda Əsəd Suriya, bölgə və dünya üçün əsas problemdir. Əsədin getməsi və iqtidara indiki hakimiyyətdən bir başqası gəlsə, problemlərin çoxu həllini tapacaq. İndiki halda, məhz Əsəd hakimiyyətdə olduğundan böyük dövlətlər razılığa gələ bilmir. Bütün hallarda ABŞ-ın Suriya və İraqda varlığı həm terrora qarşı mübarizə, həm Türkiyə ilə əməkdaşlıq, həm də ərəb dünyasının maraqları baxımından əhəmiyyətlidir”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir