ABŞ Türkiyəni prossesdən İRAQ saxlamaqla nə qazanacaq, nə itirəcək? – ŞƏRH

ABŞ Türkiyəni prossesdən İRAQ saxlamaqla nə qazanacaq, nə itirəcək? – ŞƏRH

Müəllif: Baş Redaktor

Baş Redaktor

usa_turkey_syria_attackNatiq Miri: “ABŞ-ın bölgədə gələcək müvəffəqiyyəti bilavasitə Türkiyə ilə doğru-dürüst davranması və anlaşmasından keçir”

İraq ordusu koalisiya qüvvələrinin havadan etdiyi yardım, habelə ölkənin şimalında yaşayan kürd dəstələrinin köməyilə Mosul ətrafında İŞİD həlqəsini daraltmaqda davam edir.  Hal-hazırda Mosul ətrafındakı 50 yaşayış məntəqəsi terrorçulardan təmizlənib. Aydın məsələdir ki, Mosul ətrafında əldə olunacaq uğur ABŞ başda olmaqla koalisiya qüvvələrinin bölgədə mövqeyinin möhkəmlənməsi demək olacaq.  Suriyada isə bildiyimiz kimi, Rusiya Əsəd ordusu ilə birlikdə ikinci böyük şəhər olan Hələbdə yenidən hərbi əməliyyatları bərpa edib.  Hansı ki, bu əməliyyatlardan ən çox ziyan çəkənlər dinc sakinlərdir.

Görəsən, ABŞ başda olmaqla koalisiyanın Mosulda qazana biləcəyi uğur Suriya da daxil olmaqla sözügedən ziddiyyətli bölgədə beynəlxalq qüvvələr nisbətinə necə təsir edəcək?

natiq_miriPolitoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, ABŞ-ın Mosul ətrafında qələbəsi onun Suriya cəbhəsində də mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq. Ancaq politoloq onu da qeyd etməyi unutmadı ki, Ağ Ev Ankaranı prosesdən kənar qoyacağı halda bu uğurlardan məhrum olacaq: “Mosul ətrafında İŞİD-ə qarşı mübarizədə hərbi nöqteyi-nəzərdən müəyyən irəliləyişlər əldə olunub. Ancaq bundan irəliyə gedən ciddi nəticələr çıxarmaq fikrimcə, hələlik tezdir.  Çünki prosesdə hiss olunur ki, İŞİD-in birmənalı olaraq bitirilməsi söhbət predmeti deyil. Fikir verirsinizsə, İŞİD hələ də müəyyən geosiyasi qlobal güclərin əlində alət olaraq qalır. Bir tərəfdən İŞİD Mosuldan sıxışdırılarkən, başqa tərəfdən onlar daha bir iri şəhər olan Kərkükə hərbi müdaxilə etdi. Hiss olunur ki, hansısa güclər bütövlükdə prosesi əngəlləmək istəyir. Yəni İŞİD-in bitirilməsi bu günləri verilən yeganə qərar deyil. Hiss olunur ki, hazırda regionda ciddi geosiyasi oyunlar gedir. Bunun bariz nümunəsi Suriyada baş verdi. Türkiyə təkbaşına, məhdud sayda Azad Suriya Ordusuna dəstək verməklə demək olar ki, İŞİD-i Suriyanın şimalından tamamilə qovdu. Yaxın gülərdə Suriyanın böyük şəhərlərindən olan Əlbab şəhərinin də terrorçulardan təmizlənməsi gündəmdədir. Bu faktorun özü də göstərir ki, ortada səmimi və ciddi niyyət olarsa İŞİD-in bitirilməsi problem deyil. Amma bölgədə fəaliyyət göstərən 64 ölkənin  koalisiyası necə ola bilər ki, İŞİD-in əlində aciz qalıb? Hiss olunur ki, prosesi idarə edən qlobal güclər mövcuddur və onlar da yaranmış xaosdan istifadə edərək öz geosiyasi maraqlarını təmin etməklə məşğuldurlar.  Bütün hallarda Mosul İŞİD-dən təmizləndikdən və İraqın suverenliyi təmin olunandan sonra təbii ki, Suriyada da ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın mövqeyi daha da güclənəcək. Həmin prosesin də noyabrın 8-də ABŞ-da baş tutan seçkilərdən sonra daha da aktivləşəcəyi gözlənilir.  Çünki xanım Klinton prezident olarsa, düşünürəm ki, Suriya ilə bağlı ABŞ mühüm strateji qərarlar verəcək. Bu strateji qərarlar verildiyi təqdirdə  Moskvanın Suriyadakı hegemonluğuna son qoyulacaq, ABŞ-ın mövqeyini isə gücləndirəcək. Başqa bir tərəfdən, prosesdə Türkiyənin mövqeyi çox həssasdır.  ABŞ Türkiyəni gözardı edərsə və onu prosesdən xaricdə qoyarsa,  Ankara Moskva ilə anlaşaraq Vaşinqtonun bütün geosiyasi planlarını poza bilər. Çünki Türkiyə regionda çox ağırlıqlı bir ölkədir. Onu prosesdən kənarda qoymaq  heç bir gücə müvəffəq olacaq bir iş deyil. Ona görə ABŞ-ın bölgədə gələcək müvəffəqiyyəti də bilavasitə Türkiyə ilə doğru-dürüst davranması və anlaşmasından keçir.  Vaşinqton Türkiyəni gözardı edəcəyi təqdirdə onda Ankara-Moskva anlaşması kontekstində proseslər tamamilə əks istiqamətə yönələcək və Suriyada dominant daha çox Moskva olacaq”.

ELÇİN

Dünya, Manşet, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti