ABŞ və Avropa niyə Türkiyədəki partlayışları terror kimi qəbul etmir?

Müəllif: Redaktor

Editor

istanbul1234-690x421-1Şənbə günü Türkiyə daha bir terror aktı ilə üz-üzə qaldı. 44 polis əməkdaşının həyatını itirməsi, 158-nin isə yaralanması baş vermiş terror aktının miqyasından xəbər verir.

Lakin, baş vermiş terror aktı Qərbin, Avropanın ikiüzlülüyünü, ikilistandartlarının yenidən nümayişi baxımından da diqqətləri çəkdi. Qərb Türkiyədə baş vermiş hadisəni terror hesab etmir.

Almaniya kansleri Merkel və İngiltərənin baş naziri Conson istisna olmaqla bir Avropa ölkəsi də Türkiyədə baş vermiş bu qanlı olayı pisləməyib. Bir çox Avropa qurumları isə baş vermiş qanlı faciəni terror adlandırmaqdan belə çəkinib.

Avropa Parlamentinin sədri Martin Şults , Avropa Birliyinin xarici işlər naziri Federiko Moqerini şablon yanaşmalarla baş vermiş qanlı olayı pərdələməyə çalışıblar. AB-nin qonşuluq və genişlənmə siyasəti üzrə ali komissarı Yoxannes Xan isə həyasızlığın zirvəsini nümayiş etdirib. Bu Avropalı “demokrat” PKK terrorunu pisləmək əvəzinə, baş vermiş terror aktına görə utanmazcasını rəsmi Ankaranı sorumlu tutub. “demokratik cəmiyyətdə zorakılığa yer yoxdur” kimi ifadələr işlədən Yoxannes Xan, bununla baş vermiş terror aktında sətiraltı Türkiyəni ittiham edib. Amma, Avropada kimsə bunu terror adlandırmağa tələsmir.

Hələ üstəlik Almaniyanın nüfuzlu “Deutche Velle” nəşri özünün twitter səhifəsində yazdığı statusunda PKK-nın törətdiyi terror aktına sevincini gizlətməyib: “Bu – PKK-nın böyük uğurudur”.

İngiltərənin nüfuzlu BBC telekanalı isə PKK-nı “Kürdüstan azadlığı mücahidləri” adlandırıb.

Hər şey bu qədər bəsitdir. Avropanın terrora qarşı ikili münasibəti də, PKK-ya Avropanın ən böyük şəhərlərində lüks şəraitin qurulması da, Brüsseldə Avropa Birliyinin baş qərərgahında terrorbaşı Abdullah Öcalanın şəkillərinin asılması da, Qərbdən terror təşkilatı PKK-nın büdcəsinə illik 30 milyon dolların axması da, PKK-nın əlindəki silahların ABŞ və Avropadan gəlməsi də “görünən dağa bələdçi gərək deyil” zərb-məsəlini bir daha xatırladır.
Görünən budur ki, ABŞ və Avropa böyüməkdə olan, dövlətləri əsarət altında saxlamağın mexanizmlərindən biri olan Beynəlxalq Valyuta Fondunun təsirindən tamamilə çıxaraq, bu quruma kredit verən, keçmiş Osmanlı coğrafiyasında öz iddiasını ortaya qoyan, terrorla sözün həqiqi mənasında mübarizə aparan Türkiyəni həzm edə bilmir. Bu belədir, faktlar, reallıqlar bunu deyir. Türkiyə bu gün oyunları pozur, Yaxın Şərqin yenidən şəkillənməsi, müsəlmanların bu coğrafiyadan tamamilə çıxarılmasını şərtləndirən “Böyük Yaxın Şərq” projesinə qarşı dimdik dayanıb.

Açıq şəkildə deməliyik ki, Suriyada PKK-nın qolu olan PYD/YPG-ni formalaşdıran, terrorçulara maliyyə, loqistik, hərbi dəstək verən Qərb bölgənin, xüsusən də Türkiyənin qan gölünə çevrilməsini üçün çaba göstərir. Bu necə bir işdir ki, ABŞ və Avropa İŞİD-ə qarşı mübarizədə NATO müttəfiqi Türkiyə ilə deyil, terror təşkilatı PKK ilə birlikdə müttəfiqlik etməyə qərar verir? Bu necə bir işdir ki, Suriyanın cənub, şərq hissələri tamamilə İŞİD-in nəzarəti altında olmasına baxmayaraq, ABŞ koalisiyası həmin ərazilərdə heç bir əməliyyat həyata keçirmir, Türkiyə sərhədlərindəki Suriya torpaqlarını İŞİD və müxaliflərdən alaraq PKK/PYD/YPG-yə təslim edir? Bu necə bir işdir ki, Rusiya ABŞ və Avropanın göz yumması ilə İŞİD-in yerləşdiyi və Suriyanın ərazisinin təqribən 70 faizini əhatə edən cənub və şərqində deyil, Türkiyə sərhədləri yaxınlığındakı Hələbdə müxaliflərə qarşı bombardıman həyata keçirir? Ümumiyyətlə niyə Suriyadakı əməliyyatlar İŞİD-in olmadığı, əsasən müxaliflərin yerləşdiyi və ən əsası da Türkiyə sərhədlərinə çəkilir?
Planlar, projelər gözlə görüləcək, hiss ediləcək qədər açıqdır və bunu dərk etmək üçün fövqəladə ağıla da ehtiyac yoxdur. Məqsəd Türkiyə də daxil olmaqla Yaxın Şərqi parçalamaq, yeni düzən hazırlamaq istəyirlər ki, bu düzəndə müsəlmanlara, türklərə yer yoxdur. Qeyd etdiyimiz kimi, bu projelərin qarşısında tək Türkiyə dayanıb və yenilənən, böyüyən Türkiyə üçün Osmanlı bir xəyal deyil, artıq reallığa çevrilməkdədir.

Və ən nəhayət bu yol çətindir, uzundur, amma inanırıq ki, sonu qalibiyyətdir.

Ruslan Bəşirli

 

Yenicag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır