!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları…

!Reklam – Yazi

img1944026MTN generalları Bakı torpaqlarını necə yağmalayıb; icra başçılarının Eldar Mahmudova və MTN-in yüksək çinli məmurlarına hədiyyə etdiyi torpaq sahələrinin, obyektlərin siyahısı “Yeni Müsavat”da

Vəkil Ramiz Zeynalov “Yeni Müsavat” qəzetinə irihəcmli bir müraciət yollayıb. Prezident İlham Əliyevə, habelə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanlanan müraciətdə MTN rəhbərliyi, orada təmsil olunan nazirlərin mal varlıqları ilə bağlı ilginc faktlar var.

R.Zeynalov bildirir ki, aşağıda oxuyacaqlarınız onun uzunmüddətli araşdırmalarının nəticəsidir və yazdıqlarına görə də cavabdehlik daşıyır. Vəkil müraciətini belə başlayır ki, icra başçıları torpaq sahələrini MTN-in sabiq rəhbəri və onun quldur dəstəsinə, “Azİmport” MMC-nin əsl sahibi və şərikləri Azər Əsgərova, onun erməni əsilli qohumu Rəşad Məmmədov və sonuncunun atası Rəfayel Lətif oğlu Məmmədovun adına niyə və necə bagışlayıb?

Vəkil yazıb ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülaga İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan “Abşeron sanatoriyası”nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanunazidd olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb. Vəkil müraciətinə Mərdəkan Dendrarisinin tarixi, əhəmiyyəti, ordakı bitki aləmi barədə ensiklopedik məlumatları da əlavə edib. Bu məlumatlardan biri kimi Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan 141 növ ağac növündən 69-nun bu bağda yerləşdirilməsi da qeyd olunub: “…Dövlət mülkiyyəti barədə anlayışı belə olmayan başçı G.İslamov prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi olan Əli Əsədovun təkidi ilə Dendrari parkının 2 hektar və ona bitişik Kurortlatlar Şurasına məxsus ”Abşeron sanatoriyası”nın 3 hektar torpaq sahələrini (cəmi 5 hektar) ata malı kimi hələ Şüvəlan gülcülük sovxozunun direktoru işlədiyi dövrdən dostluq etdiyi, aylıq haqq verdiyi Eldar Mahmudova ev tikmək üçün qanunazidd sərəncamla verib. Əli Əsədov Xəzər rayonu, dənizkənarı park və Bakıda abadlıq işlərinin icra edilməsi üçün büdcə və ARDNŞ-in ayırdığı vəsaitin oğurlanmış hissəsi hesabına təcili olaraq sahibi olduğu “Azİmport” MMC vasitəsilə sahəni hasara alıb. Eldar Mahmudov həmin torpaq sahəsində 4 mərtəbəli, hər mərtəbəsi təxminən 1000 kv.metr, damında vertolyot meydançası olan mülk və arxası Xəzər Rayon Polis İdarəsinin inzibati binasına baxan, uzunluğu təxminən 100 metr olan 2 mərtəbəli damı bağlanmış ikinci bir mülk inşa edib. Üstü vertolyot meydançası olan 4 mərtəbəli mülkün inşası hələ tamamlanmayıb və hazırda dayandırılıb”.

R.Zeynalov icra başçısının E.Mahmudova jestlərinin bununla yekunlaşmadığını yazıb və iri bir siyahını da müraciətinə əlavə edib:

1. 2007-ci ildə E.Mahmudovun sahibi oldugu “Kaspian Petrol ” firmasına Pirallahı qəsəbəsində yerləşən Olimpiya kompleksinin yanında, Əli Əsədov tərəfindən hasara alınmış 10 hektar torpaq sahəsi;

2. 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Gülaga İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib;

3. 2013-cü ildə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir.

4. 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizaga Murtuzayevə məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov və komitənin əməkdaşı Yusif Qəmbərov tərəfindən sahibi və əmək kollektivinin xəbəri olmadan, razılıqları belə alınmadan gizli, Xəzər RİHB Gülaga İslamovun sərəncamı ilə E.Mahmudova verilib. Həmin YDS ətrafında olan 2( iki) hektar torpaq sahəsi ilə birlikdə sonuncunun adına özəlləşdirilib. Əli Əsədov isə həmin torpaq sahəsini hasara alaraq, yanındakı Yaşar Babayevə məxsus “ABU” yanacaqdoldurma stansiyasını abadlıq adı ilə sahibinə kompensasiya ödəmədən söküb. Gələcəkdə öz adına özəlləşdirmək üçün həmin torpaq sahəsinin ona və sahibi olduğu “Azimport” MMC-nin təsiscisi Azər Əsgərova ayrılması barədə Xəzərin başçısı G.İslamov sərəncam verib, özü ilə Azər Əsgərovun adına həmin sahədə altı zirzəmili mağazalar inşa etdirib. Əzizaga Murtuzayev və Yaşar Babayevin hüquqları tapdalanıb, onlara halallıq belə verilməyib.

5. 2015-in may ayında “ Azİmport” MMC-nin sahiblərindən biri, Bayraq meydanının rəisi olmuş Rəşad Məmmədov DİN əməkdaşları tərəfindən həbs edildikdən dərhal sonra Akif Çovdarov quldur dəstəsi ilə birlikdə Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə “Azİmport” MMC arasında bağlanmış podrat müqavilələrini, Forma №2 və görülən işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan 5 milyon manat rüşvət alıb.

Zavod və dənizin içində körpü…

R.Zeynalov müraciətində Zirə qəsəbəsində eks-nazirə və onun məmurlarına hədiyyə edilən obyektləri də sıralayıb.

Zirə qəsəbəsi:

Musa Süleymanov

1. G.İslamov 2013-cü ildə Zirə qəsəbəsində – qoruğa gedən yolda 15 hektar torpaq sahəsini qanunsuz sərəncamı ilə Əli Əsədova və şəriki “TV Musa ləqəbli” Musa Süleymanova verib. Həmin sahədə mənimsənilmiş pul hesabına zavod inşa edilib və dənizin içinə körpü salınıb.
A.Covdarova isə Zirə qəsəbəsində 10 hektar torpaq sahəsi ayrılıb. Vəkil iddia edir ki, bu torpaq sahəsi Xəzər RİH başçısı tərəfindən 2011-2012-ci illərdə ayrılıb, hasarı isə icra başçısının tapşırığı ilə Zirənin bələdiyyə sədri Firuz Rzayevin hesabına çəkdirilib.

R.Zeynalov müraciətində həmçinin qeyd edir ki, 2004-cü ildən 2011-ci ilə qədər MTN-in Xəzər rayon şöbəsinin rəisi vəzifəsində sabiq nazir E.Mahmudova ən yaxın adamlardan biri olan nardaranlı Həsən Ağayev, 2011- 2014-ün noyabrına qədər Xəzər, həmin ildən indiyə qədər isə MTN-in Binəqədi rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunan soyadı məlum olmayan Rafiq adlı şəxs, ondan sonra isə sabiq nazir və Akif Çovdarovun yaxın adamı Fərhad adlı şəxs təyin edilib. Vəkilin yazdığına görə, bu şəxslərin hər biri vəzifə və qulluq mövqeyindən sui-istifadə edərək qanunsuz sərəncamlar əsasında torpaq sahələrinə yiyələniblər.

Müraciət aşağıdakı iddialarla davam edir: “Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, ”Avtomobilist” pioner düşərgəsinin arxasında yerləşən 2 hektar torpaq sahəsi olan uşaq bağçası qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov tərəfindən özəlləşdirilib və 3 yerə bölünərək-MTN-in Antiterror Mərkəzinin rəhbəri general Teymur Quliyev, onun müavini Elçin Əliyev və hazırda MTN-in Binəqədi rayon şöbəsinin rəisi Rafiq adlı şəxsin mülkiyyətinə verilib. Görəsən, onları Rafiq Cəlilovla hansı tellər bağlayır?”

Vəkilin siyahısında digər ilginc faktlar da var. R.Zeynalov yazıb ki, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda hazırda “Embavood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiteror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib, ƏMDK-nın müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb.

Siyahıda Şağan qəsəbəsindəki obyekt də yer alıb.

1. Olimpiya kompleksinin yanında inşa edilən “Xan Çinar” restoranı icra başçısı G.İslamov tərəfindən MTN-in qadın generalının oğlu Eldara hədiyyə edilib. Tikintinin torpaq sahəsi əvvəl Xəzər RİH-in ərazi idarəetmə şöbəsinin rəisi İbrahim Mustafayevin qaynının adına sənədləşdirib. Restoran İH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev tərəfindən inşa edilib.

R.Zeynalov yazıb ki, Türkan qəsəbəsi üzrə İH nümayəndəsi Rahil Babayev də bu “hədiyyəvermə” əməliyyatında iştirak edib. Belə ki, o, MTN-in 2004-cü ildən bu günə qədər Xəzər rayon şöbəsinin rəisləri işləmiş aşagıdakı şəxslərə qanunsuz olaraq qəsəbə ərazisindən G.İslamovun göstərişi ilə torpaq sahələri ayırıb:

1. Həsən Ağayevə – 50 sot, Rafiqə-24 sot, hazırkı Fərhad adlı rəisə 36 sot.
2. 2004-2011-ci illərdə MTN-in Xəzər rayon şöbəsinin rəisi, E.Mahmudovun yaxın adamı, hazırda təqaüddə olan nardaranlı Həsən Ağayevin tələbi üzrə şöbənin bütün əməkdaşlarının hər birinə sənədsiz 10 sot torpaq sahəsi verilib və hasarlanıb.

Müraciətdəki iddialar bununla bitmir. Vəkil yazır ki, Xəzər RİH başçısı olmuş İ. Fərəcovun 10 may 1994-cü il tarixli, 407/15 nömrəli sərəncamı ilə o vaxt Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 11,mənzil 33-də yaşayan, hazırda Bakı şəhəri, Ə. Əzimzadə küçəsi ev 5, mənzil 11-də qeydiyyatı olan müharibə iştirakçısı Abbasov Anar Elman oğluna Mərdəkan qəsəbəsi 5/256 № sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi ayrılıb. 1995-ci ildə icra başçısı təyin edilmiş G.İslamov həmin sahəni zəbt edib, Abbasova həmin yerdə ev tikməyə icazə, sərəncam verməyib. İH-in təsərrüfat şöbəsinin rəisi MTN-çi Akif Çovdarovun yaxını olan Elşən Salahov vasitəsilə həmin torpaq sahəsi alış-veriş üçün sərfəli olduğundan – Mərdəkan qəsəbəsinə giriş yolunun solunda “Santral elektrik” mağazasının yanında yerləşməsi ilə əlaqədar sənədləri saxtalaşdırılıb. 2015-ci ilin sentyabr ayında isə artıq təqaüddə olan Həsən Ağayevə 2008-ci il tarixli saxta sərəncamla 200 min manata satıblar. H.Agayev sahəni təcili hasarlamağa başlasa da, MTN-dəki həbslər və A. Abbasovun 21.09. 2015-ci il tarixli Xəzər RPİ-yə ərizəsi əsasında aparılmış yoxlama nəticəsində sahədə tikinti işlərini dayandırılıb.
Vəkil MTN-dəki digər kadrlara verilən hədiyyələri də sıralayıb. R.Zeynalov yazıb ki, 2014-cü ildən MTN Xəzər şöbəsinin rəisi olan Fərhad adlı şəxs sabiq nazirin ən yaxın adamlarından biri olmaqla, əvvəl Şəki şöbəsinin rəisi olub. A.Çovdarovun təklifi ilə Xəzər şöbəsinə təyin edilib. Onu icra hakimiyyəti başçısı G.İslamovla tanış edən, yaxınlaşdıran Xəzər rayon Ağsaqqallar Şurasının sədri A.Çovdarovun ən yaxın adamlarından biri olan Hacı Rövşən Salahovdur: “Onun oğlu Salahov Elşən Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə Akif Çovdarov tərəfindən təyin edilib və onun kadrı olmaqla rayon ərazisində bahalı ev və torpaq alqı-satqıları və sair hallar barədə ona məlumat verib. Akif Çovdarovun quldurluqla həmin şəxslərdən aldığı pulun bir hissəsi onun da payına düşüb. Elşən Salahov əvvəllər ”Standart KB”də işləyib, atası Hacı Rövşən Akif Çovdarovun rayon üzrə pul yığanıdır”.

Müraciətin sonrakı hissəsində isə Zirə qəsəbəsindəki kabel zavodunun arxasından Akif Çovdarova 20 hektar torpaq sahəsi ayrılıb, həmin torpaq sahəsində general Covdarovun keçi ferması fəaliyyət göstərir: “”Aktava” aviaşirkətinin adına, faktiki Akif Covdarova 34 hektar torpaq sahəsi ayrılıb. Xəzər rayon İHB 836 nömrəli, verilmə tarixi saxtalaşdırılmış 30.12.2005-ci il tarixli sərəncamı ilə Buzovna- Şüvəlan yolunun sağında 3 hektar torpaq sahəsi Rəşadın atası Məmmədov Rəfail Lətif oğluna verilib. Həmin torpaq sahəsi 10 hektardan ibarət olmaqla, Hafiz Məmmədova məxsus “Baglan LTD”yə məxsusdur və Gülaga İslamov qanunsuz olaraq həmin torpaq sahəsinin 3 hektarını Rəfayel Məmmədovun adına köhnə saxta sərəncamla verib. Həmin yolun üstündə keçmiş “Sahil” stansiyasında 50 sot torpaq sahəsi Çovdarovun adına ƏMDK sədr müavini Cəlilov tərəfindən orada mağaza olmaya- olmaya özəlləşdirilib”.

Siyahıda Əli Abbasovun da adı var

Müraciətdə daha sonra Dübəndi bağlar sahəsi də yer alır. Siyahıya diqqət:

1. MTN generalı Hilal Əsədova – 10 hektar torpaq; hasar bələdiyyə sədri Firuz Rzayevin hesabına inşa edilib.

2. Zirə-Pirallahı yolunun sağında Vidadi Zeynalova və Xəzər rayon telefon qovşagının rəisi Cavidə 8 hektar torpaq sahəsi; parniklər salınıb.

Siyahıda xeyli ilginc adlar var:

1.1999- 2000-ci il tarixli saxta sərəncamla A.Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan- Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib: ərazi Rabitə naziri Əli Abbasov, Vidadi Zeynalov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov arasında bölünüb.

R.Zeynalovun müraciəti “Azİmport” MMC-nin əməkdaşları və sahiblərinə verilən hədiyyələrin siyahısı ilə yekunlaşır.

1. Qala Zeytun Bağlarının sahəsindən – Rəşad Məmmədovun atası Məmmədov Rəfael Lətif oğlunun adına 3 və 8 hektar torpaq sahəsi.

2. Qala qəsəbəsi 4 yol ərazisində Rəşad Məmmədov və Azər Əskərova 10 hektar torpaq sahəsi ayrılıb. Həmin sahədə 4 mülk inşa edilib. Rəşad, Azər, Əli Əsədov və “Azimport” MMC-nin iş icracısı Fazil ücün.

Adıçəkilən şəxsləri və onların hüquqi nümayəndələrinin mövqeyini işıqlandırmağa hazırıq.

Yenicag.az

www.yenicag.az

1517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv