“Dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları işlədikləri qurumların kütləvi informasiya vasitələri ilə əlaqələrinin tənzimlənməsinə, həmin təşkilatların fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına bilavasitə məsul olan şəxsdirlər. Onlar təmsil etdikləri qurumların media ilə münasibətlərini sağlam zəmində, işgüzarlıq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurmalı, öz statuslarına uyğun davranmalı, açıqlamaları və öz fikirlərində etik çərçivəni daim gözləməlidirlər. Mətbuat xidmətinin əməkdaşı həmişə diqqət mərkəzində, sanki kamera və ya mikrofon qarşısında olduğunu unutmamalı və özünü də buna adekvat aparmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri ilə bağlı deyib.

Əli Həsənov bildirib ki, Lütfi Zadə təkcə tanınmış alim deyil, həm də bizim dünyaca məşhur soydaşımızdır və Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

“O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib, dövlət başçımızın şəxsiyyətinə dərin hörmət bəslədiyi, xalqımızın qürur duyduğu şəxs olub. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri statusunu daşıyan şəxsin məsuliyyət hissini itirərək, emosiyalara qapılaraq görkəmli alim haqqında belə ifadələr işlətməsi yolverilməzdir”, – deyə Prezidentin köməkçisi qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri Akif Əli mətbuata açıqlamasında tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz ifadələr işlətmişdi.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 928
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."