“Amerika Türkiyəni məlumatlandırmayıb” – Keçmiş kəşfiyyatçıdan terror açıqlaması

“Amerika Türkiyəni məlumatlandırmayıb” – Keçmiş kəşfiyyatçıdan terror açıqlaması

Müəllif: Redaktor

Editor

dehset-100-metre-otede-8153916-1Təhlükəsizlik xidmətinin keçmiş zabiti dekabrın 10-da İstanbulda törədilmiş qanlı terror aksiyasının səbəblərindən danışıb.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən keçmiş MTN zabiti İlham İsmayıl 10 dekabr terrorunu bir sıra amillərlə əlaqələndirib. Onun fikrincə, bu qanlı aksiya Türkiyəyə qarşı yönəlmiş təzyiqlərin tərkib hissəsidir:

“Bildiyiniz kimi 15 iyul çevrilişinə cəhddən sonra Türkiyədə cəmi bir irimiqyaslı terror aktı törədilmişdi. O baxımdan, 10 dekabr terroru ikinci genişmiqyaslı, çoxlu insan tələfatı ilə nəticələnmiş qanlı aksiyadır. Qeyd edək ki, Türkiyənin 81 vilayətinin polis və təhlükəsizlik xidmətinin rəhbərliyinə bu terrorla bağlı xəbərdarlıq edilmişdi. Lakin gördüyünüz kimi, bütün bunlara baxmayaraq, terrorun vaxtında qarşısını almaq mümkün olmadı. Təbii ki, istənilən terror aksiyasından sonra onun arxasında kimlərin dayandığı məsələsi önə çıxır. Bu hadisənin dəst-xətti göstərir ki, son terror aksiyası özlərini “Abdullah Öcalan fədailəri” adlandıran qrup tərəfindən (onlar müxtəlif adlarla təqdim olunurlar) törədilib. Türkiyə güc strukturları hadisənin arxasında dayanan şəbəkənin müəyyənləşdirilməsi istiqamətində çalışırlar. Yəqin ki, yaxın günlərdə yeni detallar üzə çıxacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Vaşinqtonda Partiyalarüstü Siyasət Mərkəzi (Policy Center) tərəfindən təşkil olunan toplantıda Türkiyədəki vəziyyət geniş müzakirə olunub. Həmin toplantıda çıxış edən ABŞ-ın Avropadakı hərbi qüvvələri komandanının sabiq müavini, general Çarlz Vald Türkiyənin mövcud siyasətini tənqid edərək, Ankaranın bir NATO üzvü kimi davranmadığını deyib. O, açıq şəkildə bildirib ki, hazırda Suriyada türklərdən çox, kürdlərə güvənir.

Keçmiş xəfiyyə bu detala da münasibət bildib: “Amerikalı generalın fikirləri regiondakı vəziyyətin göstəricisidir. Lakin bu, heç də o demək deyil ki, İstanbulda törədilmiş son terror hadisəsini Qərb stimullaşdırıb. Bəli, bu gün Türkiyənin ABŞ-la, ümumilikdə Qərblə münasibətlərində gərginlik mövcuddur. Və həmin gərginlik özünü qarşılıqlı əməkdaşlıqda göstərir. Fikrimcə, İstanbul terrorunda Amerikanın iştirakı yalnız Türkiyəni bu barədə vaxtında məlumatlandırmamaqla məhdudlaşır”.

 

Yeniçağ.Az

Gündəm, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti