HighTechnic

hightechnic
Ads by Google

ABŞ administrasiyası son açıqlamaları ilə Azərbaycanı terror riski olan ölkələr siyahısına daxil edib. Ona əsasən də öz vətəndaşlarına bu ölkəyə getməməyi məsləhət görüb.

Görəsən, Vaşinqtonu ölkəmizlə bağlı belə bir qərara gəlməyə nə vadar edib? Bu açıqlama ümumiyyətlə, nəyə işarədir, hansı planın tərkib hissəsi ola bilər?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, ABŞ Azərbaycanın adını da terror riski olan ölkələr sırasında çəkməklə regionda həyata keçirtmək istədiyi işlərdən öncə ictimai rəyi formalaşdırmağa çalışır:

“Bilirsiniz ki, ABŞ kəşfiyyat informasiyalarına əsasən, bir çox ölkələrdə, o cümlədən Türkiyədə terror riskinin yüksək olması ilə bağlı tez-tez belə xəbərdarlıqlar edib. Bu mənada da öz vətəndaşlarını məlumatlandırır. Ancaq bu cür xəbərdarlığın kökündə bəzən ABŞ-ın geosiyasi maraqları da dayanır ki, həmin maraqlar heç də terror riskinin olduğu göstərilən ölkənin xeyrinə deyil. Məsələ ondan ibarətdir ki, adətən, Vaşinqton özünün də prosesdə iştirak etdiyi həmin terror hadisələri ilə bağlı, hadisə baş verməzdən öncə ictimai rəyi formalaşdırmağa çalışır.

Yəni belə informasiyalarla ictimai rəy formalaşdırır, sonra da bu cür hadisələr yaşanır. Bununla da görüntü yaradılır ki, ABŞ belə təhlükələrlə bağlı əvvəlcədən xəbərdarlıq edib. Əslində isə bu terroru yönəldən ölkənin özü də ABŞ-dır. Söhbət İŞİD və PKK terrorçularından gedir. PKK və İŞİD-i birmənalı dəstəkləyən və yönəldən ölkə məhz ABŞ-dır. Bu, artıq təkzibolunmaz dəlillərlə sübut olunub. Ona görə də Azərbaycana yönəlik bu xəbərdarlıq heç də ölkəmizi sevdikləri üçün deyilən bir xəbərdarlıq deyil.

Əksinə, düşünürəm ki, İŞİD-in regionumuza sızması ilə bağlı verilən xəbərdarlıqdır. İranda baş verən etirazlar, gələcəkdə bu ölkə daxilində parçalanmaları da nəzərə alanda, düşünürəm ki, ABŞ-ın həmin xəbərdarlığı Azərbaycan üçün gələcək nöqteyi-nəzərdən heç də xoş bir sabah vəd etmir. Ona görə bu məsələdə ehtiyatlı olmalıyıq. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın həmin açıqlamasını təəccüblü bəyanat kimi xarakterizə edib. Ancaq açıqlamanı təəccüblü adlandırmaq lazım deyil. Onu fundamentindən analiz edib, altında hansı geosiyasi maraqların, mesajların verildiyini ortaya qoymaq və ona adekvat reaksiya verərək, təhlükəsizlik məsələlərini gücləndirmək gərəkdir. ABŞ məhz bu kontekstdə siyasət yürüdən ölkədir. Gələcəkdə görə biləcəyi işlə bağlı əvvəlcə onun barəsində həm qlobal, həm də həmin ölkənin ictimaiyyəti arasında rəy, fikir yaradır. Sonra da hadisənin törədilməsi üçün düyməni basır”.

Politoloq Qabil Hüseynli isə bu qənaətdədir ki, ABŞ-ın ölkəmizlə bağlı sözügedən addımı erməni terror təşkilatı ASALA ilə bağlıdır:

“Terrordan heç bir ölkə sığortalanmayıb. Azərbaycana gəldikdə, erməni terrorunu istisna etməklə ölkəmizdə ciddi terror hadisələri olmayıb. Amma son zamanlar İŞİD-in darmadağın edilməsindən sonra onun sıralarındakı azərbaycanlıların gizlincə ölkəmizə qayıdışı prosesi başlayıb. Bu səbəbdən də terrorçu qrupun bölgəmizdə də öz mənfur əməllərini həyata keçirtmək ehtimalını nəzərdən qaçırtmaq olmaz. Eyni zamanda, ASALA-nın yenidən fəallaşdığı, Gürcüstanın ermənilər yaşayan bölgəsində toplandığı barədə informasiyalar da daxil olmaqdadır. Görünür, ABŞ əsasən məhz ASALA-nı nəzərdə tutaraq, onun ölkəmizdə terror hadisələri törədəcəyini ehtimal edir. Amma o da var ki, Azərbaycan terror hadisələrinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görür. Güman edirəm ki, görülən bu tədbirlər nəticəsində də terror hadisələrinin başvermə ehtimalı xeyli azalmaqdadır”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1791
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."