ABŞ seçkilərində tərəflər arasındakı Amerika və dünya mübarizəsi

Amerikada nələrsə yaşanmaqdadır. Dünya əhalisi okeanın o tayında baş verən ssenariləri anlamağa çalışır. Kimiləri bu hadisələrlə Amerikanın demokratiyadan uzaqlaşdığını, kimiləri isə əksinə, Vaşinqtonun bu mübarizələrlə daha demokratik olduğunu, bir başqaları isə tam fərqli – bunların bir demokratiya nümayişi adı altında yalan olduğunu düşünür. Bu qızğın mübarizələri təəccüblə izləyənlərlə yanaşı, dünyada demokrat imici ilə tanıdıqları Ağ Evin əslində, demokrat olmadığını irəli sürənlər də xeyli çoxdur. Tərəflər, mülahizələr və ötürülən işarələr yetərincədir. Hazırki proseslər qoyulmuş nöqtədən sonra vergülə, daha sonra qoşa nöqtəyə, ondan sonra isə nöqtəli vergülə çevrildi. Belə ki, Trampın seçicilərin səsini qazanıb, rəsmən təsdiq olunmasından sonra qoyulan nöqtə mübarizəni başladanlar tərəfindən vergülə, daha sonra qoşa nöqtəyə, ondan sonra isə bu mübarizədəki aktyorların üzə çıxması ilə nöqtəli vergülə çevrildi. Bu qızğın mübarizədə müəlliflərin dilindən deyilən nitqlər isə fikirləri deyil, daha çox seçkiləri dırnaq arasına almağa xidmət etdi.

Aksiyalardakı təzadlar toqquşan maraqların yeni təzahürü kimi

Başladılan bu mübarizə ilə yeni abzasa keçid alan Amerikanın TRAMPlin dönəmini yüksək həyəcan, əks-səda və nida ilə izləyəcəyik. Günlər ötdükcə hərarəti bir qədər də artıran manevrlər, addımlar və açıqlamalar bağlı qalan mətləblərin üzə çıxması üçün altından xətt çəkilmiş təyinedici açar rolunu oynayır. Bir tərəfdə baxırsan ki, qadınların təşkil etdiyi etiraz aksiyalarında kişi obrazı, ABŞ-ın 2 həftə əvvəlki Dövlət katibi Con Kerri görünür, digər tərəfdə isə incəsənət və mədəniyyət nümayəndəsi Madonna etiraz aksiyalarında yeni seçilmiş rəhbərə qarşı mədəniyyətsiz və söyüşdolu ifadələrdən istifadə edir. Bu hadisələrdəki qadın-kişi, mədəniyyət-mədəniyyətsizlik paradoksu toqquşan ziddiyyətlərin və təzadların nəticəsidir. Və bu mübtədaların təəccübləndirici nitqləri ilə tirajlanan xəbərlər qızğın mübarizənin ştrixlərini cızmaqda yardımçı rolunu oynayır.

Dünya və Amerika dueti

Məsələyə iki aspektdən: təkcə Amerikadan dünyaya deyil, həm də dünyadan Amerikaya baxaq. Aparılan mübarizə bizə Birləşmiş Ştatlarda iki partiya, iki tərəf arasında təqdim edilsə də, izlədiyimiz son ABŞ seçkiləri bir çox fərqliliyi ilə nəzərə çarpdı. Günlər ötdükcə gərginləşən mübarizə vəziyyəti hadisələri daha dərindən anlamağa, onun konturlarını daha dəqiq xətlərlə cızmağa kömək edir. Məsələn, noyabrda keçirilən prezident seçkilərindən sonra ABŞ-ın mərkəzi ştatlarındakı səs çoxluğunu qazanan və rəsmi açıqlama ilə təsdiq olunan prezident Donald Trampa qarşı siyasi manevrlər və gizli sövdələşmələr artıq açıq mübarizə sferasına keçib.

Medianın “tərəfkeşlik” təbliğatı işə yaramır

Gərgin seçki kampaniyaları zamanı bir sıra media orqanları qərəzli mövqe tutaraq, “tərəfsizlik” funksiyalarını bir kənara qoyub, “təriflilik” funksiyası ilə çalışırdılar. Bununla onlar xarici işlər naziri Hillari Klintonun tərəfində yer tutaraq, təəssübkeş materiallar təqdim edirdi. “FOX”, “CNN”, “Washington Post”, “New-York Times” və “Wall Street Journal” kimi televiziya və mətbu orqanları sabiq xanım diplomatın xalqın rəğbətini qazanıb, səs toplaması üçün dəridən-qabıqdan çıxırdı. Media orqanları qərəzli materialları ilə kifayətlənməyərək, milyardlarla pulu qazanan və prezidentlik iddiasında olan birisini tamaşaçı və oxucularına “kloun” obrazında təsvir edərək, Trampa həqarətlər yağdırırdılar.

Qərəzlilik funksiyası izlədiyimiz son xəbərlərdə yerli media tərəfindən davam etdirilməkdədir. Məsələn, bir az öncə adıçəkilən kanal və mətbu orqanlar Trampın andiçmə mərasimində çox az sayda qonağın iştirak etdiyini dedikləri halda, bir qədər sonra Ağ Evin yeni mətbuat katibi bunun əksini söyləyir, inaqurasiyanın olduqca izdihamlı keçdiyini qeyd edir.

“Qlobalitslər”in yerli xalq və dünya ilə bitməyən mənafe mübarizəsi və çevrilişə gedən yol

Yuxarıda təqdim edilən son nümunələr Amerikadakı seçki yarışının təkcə iki partiya arasında olmadığının impulslarıdır. Həmin işarələr “səsalma marafonunun” “Demokratlar” və “Respublikaçı”lardan çox, çirkli işlərə rejissorluq edən Demaqoqratlar və seçilib təsdiq edilmiş Demokratlar(status anlamında, partiya anlamında deyil) arasında olduğunun nümunələridir. Yəni hazırda Amerikadakı yerli daxili güc qüvvələrinin (“Dərin Dövlət” və ya “Qlobalistlər” demək mümkünsə) başlatdığı anti-Tramp təbliğatları və maliyyələşdirdikləri etirazlar da hazırlanan ssenarinin davamıdır. Bu ssenarini yazanlar arasında bankirlər və pul baronları da var, dünyanı idarə etmək istəyən digər maraq sahibləri də… Bu isə yeni prezident Trampa qarşı hazırlanan təzyiq və çevrilişin başqa formada təzahürləridir. Beləcə, Amerika tarixində ikinci dəfə çevriliş planı hazırlanır. Bu cür addım atanlardan hər şey gözləmək olar. Onlar bir dövləti, onun vətəndaşlarının milli iradəsini və demokratik dəyərləri belə ayaqlar altına atarlar. Pul vəd edərək, xalqın səsi ilə seçilmiş bir şəxsə qarşı hazırlanan bu qaranlıq addım Amerika üçün bir ləkə olacaq. Tarixə baxsaq, Amerikada ilk çevrilişi 1934-cü ilin noyabrında hərbçilər general Smedley Butlerin başçılığı ilə Ruzveltə qarşı etmişdilər. İndi isə səhnədə hərbçilər deyil, bankirlər və pul baronlarıdır. Məsələn, Corc Sorosun etirazlara qoşulmaq üçün iştirakçılara adambaşı 2500 dollar təklif etməsi xəbərləri (təkzib edilməyib) buna misal göstərilə bilər.

Davamı var …

Arzu Səyyad

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."