bb04e0a746b2Əli Orucov: “Burada tələsməyə bir əsas yoxdur”

Seçkilər ərəfəsi Yusif Bağırzadənin istefasından üzü bəri AMİP-də hələ də sədrlik postu boş olaraq qalıb. Partiya daxilində bu məsələdə hələlik susmağa üstünlük verirlər. Belə görünür, təşkilat hələlik həmin vəzifəyə layiqli sədr tapmaqda çətinlik çəkir.

Yenicag.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov sədrlik məsələsi ilə bağlı təşkilatda yaranmış vəziyyətə müəyyən qədər aydınlıq gətirdi: “Hələlik partiya daxilində sədrlik məsələsi ətrafında geniş diskussiya aparılmayıb. Bunun üçün də müvafiq strukturların çağırılmasına təşəbbüs göstərilməyib. Ona görə də partiyada növbəti sədrin kim olacağı və bunun üçün qurultayın nə zaman keçiriləcəyi barədə hələlik konkret fikir söyləmək çətindir. Burada tələsmək üçün də bir əsas yoxdur. Partiyada sədr olmağa layiq kifayət qədər namizəd var. AMİP sədri olmaq şərəfli bir vəzifədir. Ancaq partiya seçkilərdən indi çıxıb. Eyni zamanda seçkinin nəticələri ilə bağlı araşdırmalar da daxili müzakirələr ərəfəsindədir. Hər halda qurultayın keçirilməsi üçün zaman olacaq. Namizədlərin kim olacağına gəldikdə öncə qurultayın vaxtı müəyyənləşməlidir ki, namizəd də bilsin ki, həmin dövrə qədər hansı işləri görəcək. Qurultayın vaxtı müəyyənləşmədən namizəd məsələsi bir qədər açıq qalır. Yəni əvvəlcə qurultayın vaxtı müəyyənləşsin, ondan sonra təbii ki, iddialı şəxslər namizədliklərini verə bilərlər. İndilikdə isə bu barədə heç nə bilmək olmaz.. Bəlkə bu il heç qurultay olmadı, gələn ilə qaldı. Gələn ilə qaldıqda, dünyada və ölkədə hadisələr elə sürətlə inkişaf edir ki, gözlənilməyən hadisələrlə üzləşə bilərik. Bu fonda da ona uyğun addımlar atmaq məcburiyyətində qala bilərik. O baxımdan vaxtı müəyyən olunmamış qurultay və sədrliklə bağlı fikir söyləmək hələlik çox tezdir”.

Həmsöhbətimiz mövcud situasiyada Etibar Məmmədovun yenidən sədrliyə qayıda bilməsi ehtimalını isə ümumiyyətlə qəbul etmədi: “Etibar Məmmədov dəfələrlə fikir bildirib və qeyd edib ki, onun yenidən partiyaya sədr olmaq istəyi yoxdur. Etibar Məmmədov partiyanın lideridir. Liderlik postu da partiyada ən üstün postdur, məqamdır. Ona görə də fikrimcə, bəyin yenidən sədrliyə qayıtması gündəmdə yoxdur”.
Ə. Orucov sədrlik məsələsinin uzanmasının partiyanın işinə də hər hansı bir mənfi təsir göstərmədiyi qənaətindədir: “Bu məsələ təşkilata elə də ciddi təsir etmir. Çünki partiyada struktur elə formalaşıb ki, sədr təkbaşına nə qərar qəbul etmir, nə də təkbaşına fəaliyyət göstərmir. Partiyanın cari, funksional fəaliyyətilə katiblik məşğuldur. Katiblik isə yerindədir. Doğrudur bunlar bir-birindən fərqli institutlardır. Birinin olmaması digərinin işinə mənfi təsir göstərir. Amma yenə də o fikirdəyəm ki, sədrin olmamasına baxmayaraq, partiyada funksional idarəçiliyi həyata keçirən qurum yerindədir. Ona görə də sədrin hələlik olmamasında partiyada hər hansı bir çətinlik yoxdur”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."