!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Anamın “düşmənləri" ilə dostam” – Qızı Flora Kərimovanın mənfi tərəflərindən danışdı

!Reklam – Yazi

O, çox məşhur bir insanın övladıdır. Naz-nemət, sevgi içində böyüyüb. Lakin heç vaxt valideynlərinin statusundan sui-istifadə etməyib. Xarici görünüşünə baxanda heç deməzsən ki, bu nərmənazik qız az qala bütün Londonu öz savadı ilə heyran edən məharətli psixoloqdur. O qədər sadə, səmimi xanımdır ki…

Biz onunla çox məsələlərdən, xüsusən də anasından danışdıq. O da bütün suallara bəzək-düzəksiz, tam səmimiyyəti ilə cavab verdi. Yenicag.azın “Məşhurun övladı” layihəsinin ilk qonağı estradamızın misilsiz səs sahibi, canlı əfsanə Flora Kərimovanın qızı Zümrüddür.

– Yolboyu elə hey Bakının dəyişdiyindən danışdın…

– Mən bu şəhəri sevirəm. Bakıya sonuncu dəfə 2 il bundan əvvəl gəlmişdim. Paytaxt çox dəyişib, gözəlləşib.

– İngiltərədən Azərbaycan necə görünür?

– Əvvəllər demək olar ki, Londonda Azərbaycan barədə tam anlayış yox idi. Sevinirəm ki, İslamiadadan sonra demək olar ki, Bakı haqqında çoxları bilir. Vətənim barəsində xoş xəbərlər oxuyanda çox sevinirəm. Ürəyim fərəhdən dağa dönür. Məsələn, azərbaycanlı atlet Ramil Quliyevin qələbəsini görəndə az qala ağlayacaqdım. Azərbaycan barəsində heç bir neqativ xəbər oxumaq istəməzdim.

– Mənə Flora xanımın mənfi tərəflərini danış…

– Oooo…. Anam çox kəskindir, bəzən qəddar olur. Elə adamlar var ki, onları özünə düşmən sayır. Halbuki, anamın “düşmənləri” ilə mənim çox gözəl münasibətim var. Anam insanların səhvlərini bağışlamır. Adamları olduğu kimi qəbul etmir. Bu, mənə bir az qəribə gəlir.

– Şir bürcünün nümayəndələri elə olur.

– Əslində, mən Flora xanım qədər mülayim insan tanımıram. Amma o cür mülayim insan necə kəskin ola bilir, bax, bu, mənə qəribə gəlir.

– Səncə, o kəskinliyin kökü haradan qaynaqlanır?

– Onun yaşadığı həyatdan. Düşdüyü çox acınacaqlı vəziyyətlərdən… Bilirsiz ki, onun çox çətin uşaqlığı, gəncliyi olub. Mən də psixologiyadan az-çox anlayışı olan biri kimi deyə bilərəm ki, bütün bunların onun xarakterinə birmənalı şəkildə təsiri olub. Hətta bəzən düşünürəm ki, nə əcəb, bütün bunları yaşayan bir qadın insanlığını itirməyib?!

– Ananın xarakterində səni ən çox incidən cəhət nə olub?

– Biz ondan o qədər sevgi görmüşük ki… Onun bizi incitdiyi məqamlar da xoş təsir bağışlayıb. Amma bir şeyi mütləq deməliyəm: mən öz övladımı daha sərbəst böyüdərdim.

– Demək, çərçivələrin çox olub.

– Elə o çərçivələrdən danışmaq istəyirəm. Mənim müstəqilliyim olmayıb. Mənim xarici görünüşümü müəyyən çərçivələr içində görmək istəyib. Bəlkə də bu, hardasa mənim təbiətimə uyğun olub, bilmirəm. Hər halda mənim bu cür olmağımda tərbiyənin, yoxsa xarakterimin rol oynadığını deyə bilmərəm, bunu izah etmək mənim üçün çox çətindir. Əslində, mən Zümrüd kiməm? Bunu hələ də dərk edə bilməmişəm. Çünki bu yaşda da özümü Flora xanımın yaratdığı “produkt” kimi hiss edirəm. Bu, çox maraqlı bir hissdir.

– Demək, anan sən ailə quranda da seçiminə qarışdı?
– Təbii. Təkid deməzdim, çünki bu, bir az ağır sözdür; mən onun məsləhəti və istəyi nəticəsində ailə qurdum.

– Bəs sonradan o ailənin uzunömürlü olmamasında özünü qınamadı ki?

– Qətiyyən. Hətta mən də o insanla ailə qurduğuma heç vaxt peşman olmadım. Olduqca gözəl insan idi. Özümə qarşı o ailədə misilsiz insani münasibət gördüm. Onlar mənimlə gəlin kimi yox, qızları kimi rəftar edirdilər. Bir neqativ cümlələrini belə xatırlamıram. Bu gün də onunla dost münasibətimiz var.

– Anan ən çox sənə nədə irad tuturdu?

– Hər uşaqda olduğu kimi mənim də yetkinlik dövründə müəyyən kaprizlərim vardı. Sözsüz ki, bu nüanslar da Flora xanımın gözündə mədəni davranışları əks etdirmirdi və anam da bunları mənə irad tuturdu.

– Flora xanım kimi sənətkarın qızı olub da… bu qədər sadə, mehriban, səmimi qalmaq… yəni nə səni dəyişməyə qoymadı?

– Elə Flora xanımın tərbiyəsi. Nə mən, nə də qardaşım başqa cür olmadıq. Halbuki, bizim cızığımızdan çıxmağa imkanımız da vardı, şəraitimiz də… Xüsusilə də qardaşımın… Çünki qardaşım yeniyetmə olanda atam çox zəngin idi, Flora xanım da sənətinin pik nöqtəsində idi. Amma inanın, o, məndən də sadə insandır.

– Müğənni Flora xanımın hansı mahnısını sevirsən?

– “Məhəbbətim mənim”. Çox nikbin mahnıdır. Bir az əhvalım olmayan kimi həmin mahnıya qulaq asır, Flora Kərimovanın sevənlərinin qəlbində necə bir iz qoyacağını düşünürəm.

– Bəs qadın kimi Flora xanımın mənfi tərəfi nədir?

– Bu baxımdan onun mənfi tərəfi yoxdur. Hətta deyərdim ki, ən mənfi tərəfi həddən artıq təmizkar olmasıdır. El arasında buna “vasvası” adam da deyirlər.

– Flora xanım nəyə pul xərcləyəndə əsəbiləşir?

– O pul məsələləri ilə məşğul olmayıb.

– Mətbəxlə arası necədi?

– Anamın əlinin duzu var. Amma ömrü səhnələrdə keçdiyindən mətbəxə elə də vaxt ayıra bilməyib.

– Ananı sevməyənlər ondan nə istədilər?

– Mənim anamı sevməyənlərə xüsusi münasibətim var. Məncə, bu suala Flora xanım daha gözəl cavab verə bilər. Mən danışsam, bir az qeyri-obyektiv olar.

– Flora Kərimova kimi bir sənətkarın qızı olmaq sənin üçün nə qədər çətin oldu?

– Flora xanımın qızı olmaq mənim üçün şərəf idi. Çətinliyi bir o olub ki, mənim müstəqilliyimi məhdudlaşdırıb.

– Hələ müstəqilliyin məhdudlaşdığı halda sən Londonda yaşayırsan, gör sərbəstlik verilsəydi haralarda olardın…

–  (gülür) Mən orada yaşadığım üçün də Flora xanıma minnətdaram. Çünki bu qərarı da o verib.

– Səncə Flora Kərimovanın ən böyük arzusu nədir?

– Doğma Qarabağın azadlığı, bir də mənim övladımın olması. Çox istərdim ki, anam körpə Floranı qucağına alsın. Bundan böyük arzum yoxdur.

Zakirə Zakirqızı
Yenicag.az

www.yenicag.az

2728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv