!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar YUSİFOĞLU: Kimdir fədakar?

!Reklam – Yazi

Hardan oxuduğumu unutmuşam, ancaq təzəliklə öyrəndim ki, demə, kişilərin hüquqlarının pozulmasından da narahatlıq varmış, “gender” problemi dünyanı işğal etdikcə kişilər də öz hüquqları uğrunda qarşılıqlı mübarizəyə qalxıblarmış.

Doğrusu, kişi haqlarının qorunması uğrunda mübarizənin ötən əsrdən başladığını öyrənəndə xeyli təəssüfləndim də: arkadaşlar vur-çatlasın qadınlardan öz hüquqlarını qorumağa girişiblər, mənim xəbərim yox!

Əslində, tarixin ən alt qatındakı Troya müharibəsinin Yelenaya görə başladığı, minlərlə kişinin bir-birini qırdığı və böyük bir mədəniyyətin yandırılmış şəhərin qalıqları altında qalması da sirr deyil. İlk müharibənin bir qadına görə baş verdiyi və minlərlə kişinin qanı töküldüyü yazılıbsa, bu, kişi haqqının pozulması deyilmi?

Deyəsən, bu “ədalətsizliyi” ilk dəfə troyalılar özləri dərk etmişdilər – Homer belə yazır. İllərlə davam edən müharibənin Troya şahzadəsi Parisin Yelenanı qaçırması üstündə baş verməsindən qəzəblənən troyalıların narazılığı ərşə bülənd olan zaman… Füsunkar Yelena qala divarlarının üstündə görünür. Sanki gecə qəflətən Günəş doğur, Ay birdən-birə bədirlənir və troyalılar bir ağızdan deyirlər:

– Yelenaya görə ölməmək olarmı?

lll

Kimin sözü olduğunu unutmuşam, deyir, əgər kişilər qadınların əlləri kimi, hörmət əlaməti olaraq ayaqlarından da öpsəydilər, qadınlar ayaqlarını əllərindən daha təmiz saxlayardılar.

Gözəl dəyərləndirmədir. Könüllü olaraq öz ixtiyarını kişinin iradəsinə bağlamaq, bütün davranışlarını onun zövqünə uyğunlaşdırmaq kimi fədakarlığın mümkünlüyü gizlənib bu ifadədə.

Qadın onu dəyərləndirəni dəyərləndirməyi, “qul kimi ayağına düşüb onu şah taxtına qaldıranı” (Musa Yaqub) göylərə ucaltmağı, özünü heç bir təmənna güdmədən qurban verməyi bacarır.

Kişilərin qadın uğrunda savaşı isə özünü qurban vermə duyğusu deyil, özünü təsdiqləmə, iradəsini qəbul etdirmə, iddiasını gerçəkləşdirmə istəyindəndir. Necə ki, Aqamemnonun qardaşı Menelayın savaşında yalnız bu istək dururdu: ondan daha zəif olan Paris Yelenaya necə sahiblənə bilər?

lll

Yaxşı ki, qadının gözəllik simvolu olduğunu kimin dilindən çıxmasını xatırlamağa ehtiyac yoxdur.

Bu məsələdə Şərqli-Qərbli, bütün müdriklərin fikri üst-üstə düşür.

Qadın – təkcə gözəlliyin yox, həm də sevginin, təmizliyin, paklığın rəmzidir.

Dünya yaranandan bu gözəllik, bu bakirəlik və bu sevgi hər kəsi öz təsir dairəsində saxlayır.

Amma bu təsirdə də “şəxsi təmənna” var. Ən ülvi eşq Məcnundadırsa, o da gözəllikdən “sui-istifadə” elədi – Leylinin sevgisi ona ilahi eşqə yetişmək üçün lazım idi!

Məcnun özünü ilahi eşqə, Leyli isə özünü Məcnuna qurban verdi…

Bir az ədalətli olaq: kimdir daha fədakar? Ölümü göz altına alıb, Parislə qaçan Yelena, yoxsa bu mənasız savaşı bitirmək üçün başlayan təkbətək döyüşdə Menelayın qabağından qaçan Paris?

lll

İlin yalnız bir gününü sevgi, paklıq və gözəllik rəmzi olan qadına həsr etmək bütün dünyanı 364 gün sevgisiz, natəmiz və eybəcər hala salmaqdan başqa bir şey deyil.

Dünyanı sevgi xilas edəcəksə, niyə bütün aylar, həftələr, günlər, saatlar Sevginin Simvoluna həsr olunmamalıdır?

Biz dünyanı öz zərif çiyinlərində saxlayan varlığın dəyərini niyə ilin yalnız bir günü verməliyik və həm də necə: bir hədiyyə, suvenir… almaqla.
Bir hədiyyə ilə onların qəlbini almaq istəyindən amansız xislət təsəvvür edirsinizmi? Bir hədiyyə ilə onların qəlbini alacağınızımı zənn edirsiniz?
Onlara qəlbimizi verək, ürəyimizdə səltənət qurduqlarını görsünlər. Mənim kimi! Həm də təkcə 8 Martda yox – bütün il boyu! Onsuz da bizlər 8 Martı qeyd etməklə yox, “növbətçi bayramlardan” biri kimi yola verməklə məşğuluq…

P.S. Kişi hüquqlarının qoruyucuları bu qeydlərimi oxumasalar yaxşıdır…

Yeniçağ.az

www.yenicag.az

2159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv