Anar YUSİFOĞLU: Xəbərə bax!

Anar YUSİFOĞLU: Xəbərə bax!

Müəllif: Redaktor

Baş Redaktor

anar_yusubov_main_200715Xəbərə baxış dəyişilib. Elə baxılan xəbərlər də…

On il əvvəl kimə desəydin ki, bulvarda hansısa kafenin, ya da istirahət evinin açılması ölkə çapında yayımlanan kanallardan birinin əsas informasiya buraxılışında geniş reportajla qeyd olunacaq, yəqin adamı dəli hesab eləyərdilər. Hələ mən üçayaqlı buzovun doğulmasının mütəxəssis şərhiylə xəbər bülleteninin az qala on dəqiqəsini almasını, sərçənin bala verib-verməməsi və yuvasına sədaqətinin pəh-pəhlə, anonsla baş xəbər kimi izləyicilərə çatdırılmasını demirəm. Ancaq on il əvvəl bunu söyləyəni belə dəli hesab edəcəyinə qətiyyən şübhəsi olmayan əlahəzrət tamaşaçı bu gün nəinki əsas xəbər kimi bu informasiyaları qəbul edir, hətta ətrafıyla paylaşır və təqdir edir də…

Bəs nə baş verdi, on il bizim xəbər anlayışımızda nəyi dəyişdi? Şoular nə vaxtdan xəbərə çevrildi və ya xəbərlər niyə şoulaşdı?

Bu suallar seriyasını yəqin ki artırmaq da olar. Sonda necə olsa bir az müdrik görkəm alıb “tamaşaçı, ya da oxucu belə istəyir” kimi artıq trafaretləşmiş cavabı vermək imkanımız olacaq. Amma əslində bütün xəbərçilər (amma ciddi xəbər adamlarından söhbət gedir) xəbərin şoulaşmasını oxucu və tamaşaçı intellektinin, ya da zövqünün ayağına bağlamağın mənasız özünəbəraət cəhdi olduğunu bilirlər. Hansı xəbərçi iddia edə bilər ki, toyuğun tərs yumurtladığı haqda məlumat verməməsi izləyicilərini dərindən kədərləndirib? Və yaxud niyə elə güman olunur ki, oxucu-tamaşaçını hansısa dövlətin birinci şəxsinin xarici səfəri zamanı aparacağı ikitərəfli danışıqların mahiyyəti yox, özüylə gətirdiyi maşının neçə at gücündə olması, hansı oteldə qalması, nə yeməsi və cangüdənlərinin sayı maraqlandırır? Dünyanın düzəni müzakirə olunur, iki nəhəng ölkənin başçısı qlobal bölgü aparır, amma xəbərçilər qalstukların necə bağlanmasına və kiminsə yeriyərkən büdrəməsinə diqqət çəkməyi daha məqbul sayırlar. Və bunu oxucu-izləyici istəyi, zövqü ilə izah edirlər. Kim müəyyənləşdirdi bu istəyin ölçüsünü? Niyə auditoriya marağı bu səviyyəyə endirildi? Jurnalistin oxucu-izləyicinin “planka”sının qaldırılmasında heçmi rolu yoxdu?

Gerçəkdən böyük araşdırma, sosioloji sorğular tələb edən suallardır. Amma indi biz bu suallara cavab axtarmırıq. Şoulaşmadan qurtulmaq barədə düşünmək əvəzinə xəbərin növlərə, sortlara, tiplərə bölünməsi tendensiyası başlayıb: şad xəbər, bəd xəbər, ortabab xəbər, alababat xəbər…

Əslində, xəbər niyə şoulaşdı sualının cavabı burdadır: çünki informasiyanın “əhval-ruhiyyəsinə” və mühümlüyünə barometr qoyulur. Xəbərin yaxşısı-pisi, əhəmiyyətlisi və əhəmiyyətsizi yoxdur, hadisənin xəbər mahiyyəti daşıyıb-daşımaması var. Jurnalistikada bunu çox gözəl bir deyimlə ifadə edirlər: “İtin insanı qapması xəbər deyil, insanın iti qapması isə xəbərdir”. Hətta Mir Şahin də ondan ata olması barədə xəbəri dəqiqləşdirmək istəyən jurnalistə bu məntiqlə cavab vermişdi : “Mirşahin ana olsaydı, hamı üçün maraqlı olardı, kişi ata olar da… Burda nə var ki?”

Doğrudan da, burda nə var ki?

Amma bu gün itin insanı qapması baş xəbər belə ola bilir. Həm də təmtəraqla, dəm-dəsgahla, musiqi fonunda mütəxəssis rəyləri ilə təqdim olunur. Bu da olur gündəm! Və şoulaşma başlayır, bunun ardınca isə şounun mədəniyyət aşınmasından daha irəli gedərək sosiallaşması prosesi cəmiyyəti ağuşuna alır.

Bu tendensiyanın yalnız Azərbaycanda müşahidə edildiyini deyənlər və düşünənlər yanılırlar. Dünya xəbəri şou və futbolun əlində əsir qalıb. Ən ciddi siyasi xəbərlər belə şoulaşmış təqdimatda daha tez qəbul edilir. Amma…

… Xatirimdədir, 15 il öncə Azərbaycana səfər edən türkiyəli həmkarımız baş xəbərlərimizin ictimai-milli ovqatını görüb heyrətə gəlmişdi. “Axı, bu cür intellektual oxucu auditoriyasını qazanmağa necə nail olmusunuz?” deyirdi. O həmkarımız Bakını tərk edənə qədər “bizdən nümunə götürməyin, xəbərlərinizi, şərhlərinizi şoulaşdırıb intellekti məhv etməyin” deməkdən yorulmadı…

Amma kimə deyirsən? Biz xəbərləri o qədər şoulaşdırdıq ki, indi türkiyəli həmkarlarımız bizdən öyrənirlər… Əgər öyrənməli bir şey varsa… /Trend

Cəmiyyət, Yazarlar, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti