www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Aprel döyüşləri çox böyük əhəmiyyətə malik olan hadisələrdəndir. Ordumuz bir daha qüdrətli olduğunu sübut etdi. Bizim dövlətimizin nə qədər güclü olması nümayiş etdirildi və bir dönüş yaratdı”.

Bu sözləri Yeniçağ.az-a ötən ilin aprel ayında baş vermiş dördgünlük döyüşlərdən danışarkən millət vəkili Kamran Nəbizadə deyib.

Millət vəkilinin sözlərinə görə, 1990-cı ilin əvvəllərindən başlayaraq baş verən faciələr nəticəsində biz torpaqlarımızı itirdik:

“Hətta belə bir mif də yaradılmışdı ki, guya Ermənistan ordusu güclüdür, işğal olunmuş torpaqları Azərbaycan ordusu üçün qaytarmaq qeyri-mümkündür. Amma Azərbaycan ordusu Aprel döyüşləri ilə bir daha müvəffəqiyyətlə sübut etdi ki, bu bir mifdir. Ermənilərin mövqeləri darmadağın oldu və böyük bir ərazi geri qaytarıldı. Ən əsası da bu idi ki, ruh yüksəkliyi və inam yarandı. Hətta cəmiyyət istəyirdi ki, dördgünlük müharibə davam etsin, atəşkəs elan olunmasın, ordumuz irəli getsin. Təbii ki, siyasi qərar verildi. Həmçinin onu da qeyd edim ki, döyüşlərdə itki vermək hər zaman olub, olacaq da. Ən sarsıdıcı məqam da o oldu ki, biz şəhid verdik. Gələcək nəsil üçün hər bir şəhidimizin adı tarix kitablarında həkk olunmalıdır ki, onları tanısınlar və unutmasınlar”.

“Ermənilər bu gün də təxribatlarını davam etdirirlər və 25 ildir ki, torpaqların sülh yolu ilə geri qaytarılması danışıqları davam edir. Qarabağ mövzusunda Rusiya kimin xeyrinə məsələnin həll olunmasını dəstəkləyəcək?” sualına gəlincə, millət vəkili bildirib ki, bu, siyasi prizmada olan bir məsələdir. Hər bir ölkənin öz siyasi maraqları var:

“Azərbaycan Rusiya ilə strateji partnyordur və əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Digər tərəfdən isə Ermənistanla Rusiyanın dostluq münasibəti var. Demək olar ki, Rusiyanın hər iki ölkə ilə münasibəti yüksək səviyyədədir. Ona görə də inanmıram ki, Rusiya hansısa ölkənin tərəfini tutmaqda maraqlı olsun, tərəfin mövqeyini müdafiə etsin. Hətta cənab prezident də dəfələrlə söyləyib ki, “bəli, biz sülh danışıqlarını aparırıq. İstəmirik müharibə olsun, itkilər olsun”. Amma buna baxmayaraq, biz hərbi quruculuğumuzu yüksək səviyyədə təşkil etməliyik. Ordumuz güclənməlidir, hər zaman da silah gücü ilə torpaqlarımızı qaytarmağa hazırıq”.

“ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün yenidən Ermənistan-Azərbaycan prezidentlərini bir araya gətirmək istəyir. Sizcə, 25 ildir masa arxasında sülh yolu ilə öz həllini tapa bilməyən münaqişə bu dəfə nəyi dəyişəcək?” sualına cavab olaraq Kamran Nəbizadə qeyd edib ki, bunu demək çətindir:

“Danışıqların hansı səviyyədə keçiriləcəyi hələlik məlum deyil. Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün işləsə də onların işi bizi qane etmir. Hətta bunu ölkə rəhbərimiz də dəfələrlə söyləyib. Çünki Minsk Qrupunun işinin müsbətə doğru heç bir nəticəsini görmürük. Prezidentlərin bir araya və razılığa gəlmələri prinsip etibarilə çox yaxşı haldır. Minsk Qrupunun nümayəndələri müsahibələrində də etiraf edirlər ki, “tərəflər çox yaxındırlar, sazişə bəzi detallar qalıb”. Ən birinci növbədə torpaqların qayıtmamasında günahkar olan və ziyan çəkən ölkə Ermənistandır. Bunu da nə qədər tez başa düşsələr təbii ki, onlar üçün yaxşı olar. Çünki üç Cənubi Qafqaz ölkəsi birgə fəaliyyət göstərsə və iqtisadiyyatı bir olsa, o halda hər bir ölkə ondan bəhrələnib inkişaf edə bilər. Əks halda Ermənistan da, Azərbaycan da büdcədə olan külli miqdarda vəsaitlərini silah-sursatların alınmasına xərcləyirlər və xərcləyəcəklər də. Nəticədə, həmən vəsaitlər sosial və iqtisadi məsələlərin həllinə xərclənə bilərdi. Ancaq tam əksi olaraq sırf hərbi təyinat üzrə xərclənir. Yaxşı olardı ki, torpaqlarımız sülh yolu ilə qaytarılsın. Əgər sülh yolu ilə qaytarılmazsa, biz yenə də ehtiyatlı olmalı, gücümüzü artırmalı və hər birimizi bir əsgər kimi hazır olmalıyıq”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."