!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aprel döyüşləri təkrarlana bilər - Ekspert rəyi

!Reklam – Yazi

Fevralın 21-də Dağlıq Qarabağda işğalçı Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti təxribata əl ataraq, mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Nəticədə, ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməli olub. Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Qeyd edək ki, bu, keçən ilin aprelindən üzü bəri ermənilərin həyata keçirtməyə cəhd etdikləri üçüncü belə təxribatdır. Hazırda vəziyyətlə bağlı olaraq Azərbaycan müdafiə naziri Zakir Həsənov da cəbhə bölgəsindədir. Müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, artilleriya sistemlərinin və digər iriçaplı texnikanın Azərbaycan ordusunun yerləşdiyi mövqelərinə yaxın ərazilərdə cəmləşdirmək üzrə tədbirlər həyata keçirir. Bu olay onu göstərir ki, yenidən təmas xəttində gərgin situasiya yaşanmaqdadır. Ermənistan yenidən cəbhədə vəziyyəti kəskinləşdirmək kursu götürüb. Bu hadisələr özü də Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun erməni həmkarı Nalbadyanla görüşü dövrünə təsadüf edir. Hansı ki, bu görüşdə müzakirə olunan məsələlər sırasında Dağlıq Qarabağ məsələsi də olub. Ardınca Lavrov Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşəcək. Digər tərəfdən, hazırda Ermənistan cəmiyyətinin diqqəti apreldə keçiriləcək parlament seçkilərinə yönəlib. Seçkilər ərəfəsində Ermənistan daxilində siyasi gərginlik əvvəlki dövrlərə nisbətən daha da artıb. Sarkisyan iqtidarı isə daxildəki gərginliyin öhdəsindən demək olar ki, gələ bilmir. Belə bir situasiyada cəbhə xəttində durum yenidən kritik həddə keçməkdədir.

Yeniçağ.az-a açıqlamasında hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, cəbhədə hazırda cərəyan edən gərginliyin əsasında Sarkisyanın seçkilər ərəfəsi Ermənistan əhalisinin diqqətini daxili problemlərdən uzaqlaşdırmaq niyyəti durur:

“Belə başa düşürəm ki, ermənilər aprel ayına qədər cəbhə bölgəsində maksimum gərgin vəziyyətin yaşanmasını qarşılarına məqsəd kimi qoyublar. Bununla da Sarkisyan iqtidarı diqqətin ölkədə keçiriləcək seçkilərdən yayınmasına nail olmaq istəyir. Bu yolla da Sarkisyan apreldə baş tutacaq parlament seçkilərində öz məqsədinə çatmağa, yəni hakimiyyətinin davam etməsinə çalışır. Hazırda ermənilərin cəbhə xəttində yaşatdıqları gərginlikdə yeganə məqsəd məhz budur. Ermənistan üçün status-kvonun hazırkı vəziyyətdə qalması daha məqbuldur. Çünki onlar mövcud vəziyyətin dəyişməməsinə çalışırlar. Bu siyasət də daha çox Moskvanın təlimatı əsasında həyata keçirilən bir siyasətdir. Amma eyni zamanda, İrəvan Moskvadan cəbhədə vəziyyəti gərgin halda saxlamaqla bağlı razılıq alıb. Cəbhədə yaşanan gərginliyin digər səbəbini də ötən günlər Sarkisyanın Müdafiə Nazirliyində keçirtdiyi görüşdə axtarmaq lazımdır. Çünki bu görüşdə Sarkisyan Müdafiə Nazirliyinin yeni rəhbərliyinə, hərbi hissə və birləşmə komandirlərinə müvafiq göstərişlər verib. Bu göstəriş də ondan ibarətdir ki, maksimum dərəcədə Sarkisyana dəstək olmalıdırlar. Yəni cəbhədə baş verənlər sırf İrəvan və Moskvadan idarə olunan proseslərdir. Onlar üçün əsgər ölümlərinin heç bir fərqi yoxdur. Qarşılarına məqsəd qoyublar ki, Sarkisyan yeni parlamentdə çoxluğu ələ ala bilsin və bu yolla da hakimiyyətini uzatsın”. Həmsöhbətimiz yaşanan gərginlik fonunda qeyd etdi ki, istənilən an keçən ilin aprelində olduğu kimi yenidən geniş əməliyyatlar başlaya bilər: “Bu vəziyyətin təkrarlanması ehtimalı istisna deyil. Artıq cəbhədə ağır silahlardan istifadə olunur. Belə gərginlik istənilən an ağır döyüş əməliyyatlarına keçə bilər. Bunu hər an gözləməliyik. Nəzərə alaq ki, Azərbaycan müdafiə nazirinin özü də ön xətdədir. Vəziyyətdən asılı olaraq, Ermənistanın təxribatları davam edəcəksə, yenidən aprel döyüşləri təkrarlana bilər”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv