Apteklərin dərman təchizatı dayandı - Günahkar kimdir?

Müəllif: Redaktor

Editor

Verilən məlumatlara görə, artıq 1 həftədir ki, ölkənin dərman təchizatında əsas monopolist şirkət olan Avromed respublikanın pərakəndə satışla məşğul olan aptek şəbəkələrinə dərman verilməsini dayandırıb. Bu əsasla da indi faktiki olaraq, əksər apteklərdə ən adi və həyat əhəmiyyətli dərman preparatlarını tapmaq müşkülə çevrilib. Belə bir vəziyyətin yaranmasına səbəb görəsən nədir? Niyə dərman şirkətləri bu kimi sabotajla məşğuldurlar?

Yenicag.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, dərmanların qiymətlərində növbəti bahalaşmanın ola biləcəyi ilə bağlı yayılan informasiyalar satış şirkətlərini daha çox qazanmaq üçün belə sabotajlara getməyə meylləndirir:

Adil Qeybulla ile ilgili görsel sonucu“Avromed şirkətinin apteklərə dərman verilməsini dayandırması yəqin ki, müəyyən səbəblərlə bağlıdır. Bu da çox güman ki, gözlənilən qiymət artımları ilə bağlıdır. Ola bilsin ki, şirkət dərman preparatlarının qiymətlərində yenidən artımlarla bağlı müəyyən məlumatlara malikdir. Çünki belə informasiyalar var ki, Tarif Şurası dərman preparatlarının qiymətini 12 faiz bahalaşdıracaq. Manatın öz stabilliyini saxlaya bilməməsi xaricdən dollarla mal alıb, gətirən çoxsaylı sahibkarları da narahat edir. Dərman preparatları valyuta ilə alınır və Azərbaycanın daxili bazarında da bu fonda nisbətən baha başa gəlir. Hər halda düşünürəm ki, Avromed şirkətinin apteklərə dərman verməyi dayandırması bununla bağlıdır. Bu yolla dərman satışı şirkətləri anbarlarında olan malların üzərində əlavə 12 faiz qazanmaq imkanını əldən buraxmaq istəmirlər. Burada başqa səbəb görmürəm. Digər tərəfdən ölkədə dərman idxalının monopoliyada olması da vəziyyətin bu cür hal almasına gətirib çıxarır. Dərman idxalı azad rəqabət şəraitində baş versəydi, qiymətlərdə də xeyli fərqlər olardı. Başqa bir tərəfdən Azərbaycan əczaçılıq sahəsində dərmanların daxili istehsalına keçməlidir. Bunun üçün də birinci növbədə xaricdən yarımfabrikat şəklində dərman preparatları alıb, onun burada qablaşdırılmasını həyata keçirtmək olar. Məsələn, Türkiyə dərman istehsalına bu yolla başlayıb. Hazırda Türkiyədə Almaniyanın çoxsaylı dərman firmaları var ki, həmin prinsip əsasında işləyirlər. Belə olan halda dərmanları da xeyli ucuz əldə edə bilərik. Ona görə də bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir. Çünki dərman əhalinin əsas istifadə etdiyi vasitələrdən biridir. Eyni zamanda, dövlət orqanları da daha çox qazanmaq adı ilə dərman preparatlarının apteklərə verilməsini dayandıran firmalara qarşı lazımi tədbirlər görməlidir. Görünən mənzərə odur ki, jurnalistlər bu məsələni qaldırır, dövlətin də lazımi orqanları bununla bağlı düşünərək, müvafiq ölçü götürməlidirlər”.

ELÇİN

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır