!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Ələsgər gizlinləri açdı: Rauf Denktaşı və məni həbs edəcəkdilər — MÜSAHİBƏ

!Reklam – Yazi

“Yeni Çağ” portalının baş redaktoru, araşdırmaçı yazar Aqil Ələsgərin Ölkə.Az saytına verdiyi müsahibəni təqdim edirik:

– Türkiyədə Fətullah Gülən təşkilatlanmasından bəhs edən “Səssiz işğal” kitabınız türk dilində çap olundu. Kitabın satışı necə gedir, ilkin reaksiyadan razısınızmı?

– Öncəliklə onu qeyd edim, bu kitab Azərbaycanda çox nadir kitablardan biridir ki, yayın evi tərəfindən, qonararla çap edilib. Bildiyiniz kimi, Türkiyədə kitab çap etdirmək çox asandır. Ödəniş edib, istənilən yerdə kitabını çap etdirmək olur. Elə ilk uğurumuzu bir yayın evi ilə anlaşmamızı saymaq olar. Bir yazar kimi düşünürəm ki, yayın evi ilə müqavilə imzalayıb kitabının onlar tərəfindən çap edilməsi ən vacib amillərdən biridir. Kitabın tərcüməçisi Mais Əlizadənin dəstəyi ilə biz bunu bacardıq. İkinci ən böyük uğurumuz kitabın bu sektorda ad çıxarmış, dünyanın bir çox böyük müəlliflərinin əsərlərini originaldan tərcümə etmiş və Türkiyədə ən böyük üç yayın evindən biri olan “Kırmızı Kedi” tərəfindən çap edilməsidir. Eyni zamanda kitab gündəmlə də ciddi şəkildə bağlı olduğu üçün Türkiyədə ən böyük kitab mağazalarının vitrinlərində yer alıb. Müəllifi olduğum kitaba yaranmış bu maraq məni çox sevindirir.

Bildiyiniz kimi, Türkiyədə ciddi siyasi-ideolojik qütbləşmə var. Solçuların oxuduğu kitaba sağçılar qısqanclıqla yanaşır, eynilə tərsi. Ancaq bu kitaba Türkiyənin bütün aparıcı mediasından – “Sözcü”, “Sabah”, “Yeni Şafak”, “Yeni Akit”, “Aydınlıq” qəzetləri, “Ulusal Kanal”, “Ülke TV”, “NTV”, “TGRT”, “TV 24”, “Fox TV” televiziya kanallarından ciddi şəkildə reaksiya oldu. Məni qonaq olaraq dəvət etdilər, verilişlərdə kitabdan geniş bəhs edildi. Türkiyədə kitabına belə reaksiya verilən çox az sayda azərbaycanlı yazarın olduğunu düşünürəm.

– Kitabın tirajı nə qədərdir? Adətən xaricdə müəlliflər kitablarından yaxşı pul qazanırlar.

– Mən bu məsələyə heç vaxt kommersiya yönümündən baxmamışam. Kommersiya tərəfdən baxsaydım yəqin ki, bu kitab çıxmazdı, hətta fəaliyyətlərimiz də yarımçıq qalardı. Biz bu məsələyə hər zaman ideoloji yanaşmışıq. Kitabın nə qədər çap olunması və kitabdan mənə veriləcək qonarar mənimlə yayın evi arasında kommersiya sirri olduğu üçün bunu açıqlamıram. Bunu ancaq yayın evi açıqlaya bilər. Çünki tiraj və digər məsələlər yayın evinin səlahiyyətinə daxildir.

– Siz 10 ildən çoxdur ki, bu təşkilatlanma haqqında araşdırmalar, məqalələr yazırsınız, ancaq həmin vaxtlar Türkiyədə bu təşkilatlanmanın dayaqları kifayət qədər güclü idi və onların hökumətlə də sıx əlaqələri heç kəsə sirr deyildi. Azərbaycan və digər dünya ölkələrində isə Fətüllah Gülən təşkilatlanması təhsil və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətləri ilə tanınırdı. Necə oldu ki, bir azərbaycanlı jurnalist Fətullah Gülən təşkilatlanmasını araşdırmağa başladı?

– Mən ilahiyyatçıyam və universitetdəki diplom işim, eyni zamanda Elmlər Akademiyasındakı elmi işim birbaşa dinlərarası dialoq ilə bağlı idi. Bu təşkilatlanma ilə bağlı yazılarım dinlərarası dialoqu araşdırmamla başladı. Bu fəaliyyətləri araşdırdıqca dinlərarası dioloqun tam fərqli bir forması, tam fərqli bir üzü görünməyə başladı. Türkiyədə təhsil aldığım üçün daha çox türk və italyan mənbələrinin tərcümələrindən elmi araşdırmalar etdikcə məndə bu təşkilatlanma ilə bağlı şübhələr yarandı. Bir tərəfdən dialoqun dinlər arasında bir birlik olması qeyd edilirdi, ancaq digər tərəfdən Vatikanın rəsmi sənədlərində açıq şəkildə göstərilirdi ki, dinlərarası dialoq xristianlığın yayılmadığı ölkələrdə missionerlik fəaliyyəti ilə xristianlığı yaymaq üçün nəzərdə tutulub. Bu hansısa bir jurnalistin qələmə aldığı və ya kənar sənədlər deyildi. Bu sənədləri oxuduqca Fətullah Gülən camaatı ilə bağlı fikirlərim ciddi şəkildə dəyişdi.

Daha sonra Vatikanın missonerlik komissiyasının sədrinin Vatikan dialoq komissiyasının sədri seçilməsi, digər bu kimi hadisələr Fətullah Gülən camaatının missionerlik fəaliyyətinin tərkib hissəsi olduğu və Vatikanla ciddi şəkildə əlaqədə olan, həmçinin dini məsələlərdə anonim hərəkət edən bir şəbəkənin olduğu qənaətinə gəldim.

Bilirsiniz ki, Gülən 1998-ci ildə Papayla görüşmüşdü və o zaman Vatikanda ölmək istədiyini demişdi. Papa bir dövlət başçısıdır. Fətullah Gülən kimi heç bir dini vəzifəsi, hüquqi vəzifəsi və elmi cəhətdən də hansısa diplomu belə olmayan bir məhəllə mollasının Vatikanda bu cür görüşlər keçirməsi təəccüblü idi. Mən də ilk olaraq Abant platformundakı dialoq fəaliyyətlərini araşdırmağa başladım.

Araşdırmalar zamanı gördüm ki, İslam dininin qoyduğu qadağaların Abant platformunda üstündən tamamilə xətt çəkilib. Kəliməyi-şəhadətin tam mətnlə oxunmaması mənim Fətullah Gülənlə bağlı şübhələrimi daha da artırdı. İslam dininin qaydalarına görə Kəliməyi-şəhadəti ixtisarla oxuya bilməzsiniz. Onun əsas mahiyyəti elə ikinci hissəsəsindədir. “La ilahə illəllah” barədə dinlərin arasında hər hansısa bir fikir ayrılığı yoxdur. Dinlər arasında mübahisəli hissə Məhəmməd peyğəmbərin peyğəmbər olub-olmaması ilə bağlıdır.

O zamanlar “Dinşünaslar Birliyi” adında bir dərnəyimiz də var idi. Orada bu mövzunu tez-tez müzakirə edirdik və daha sonra mən bunları qələmə almağa başladım. Mənə qədər də Azərbaycanda Fətullah Gülən haqqında tənqidi yazılar olmuşdu. Onun əleyhinə yazanlar Fətullah Güləni şəriətlə idarə olunan bir dövlət qurmaq istəyən adam kimi təqdim edirdi. Amma biz ilk dəfə olaraq onu bir islam düşməni, müsəlmanların düşməni olaraq tənqid etməyə başladıq. Fətullah Gülənə sovetlər birliyindən yenicə qurtulmuş, islamla yeni tanış olan türk dünyasının içinə soxulan bir “Troya atı” yazdığımıza görə bunların hədəfinə tuş gəldik. Elə Türkiyədə də buna görə tanındıq və orada ciddi şəkildə üzərimizə gəldilər. Hətta Nur tələbələri (Səid Nursi camaatı) belə bizim əleyhimizə “rəddiyə” yazdılar. Səid Nursinin bəzi tələbələri məni “Zindıqə komitəsi”nin üzvü olan mason elan etdi. 2010-cu ildən sonra isə bu camaat da bizimlə eyni şəkildə Fətullah Güləni tənqid etməyə başladı.

– Türkiyədə dövlətin Fətullah Gülən təşkilatlanması ilə mübarizəsini necə qiymətləndirirsiniz? Türkiyədə hökumətdən olan bəzi şəxslər də daxil bu mövzu ilə əlaqədar o qədər də ürəkaçan danışmırlar. Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində nitqində qeyd elədi ki, “at izi it izinə qarışıb”, valilər Fətullahçı “ovlayacaq” deyə yarışa girib. Həmçinin baş nazir Binəli Yıldırım qeyd elədi ki, imzasız məktublar bundan sonra diqqətə alınmayacaq…

– “Ergenokon” iddianaməsi ilə Türkiyədə orduya qarşı ilk dəfə əməliyyatlar da imzasız məktublarla başlamışdı. Şəxsən mənim Türkiyədə cinayət məsuliyyətinə cəlb olunmağım üçün orada hüquq-mühafizə orqanlarına göndərilən bir neçə imzasız məktub var.

Türkiyədə çox təəssüf ki, son 10 ildə həm ordu, həm polis təşkilatı üçün məzun etdikləri tələbələrin əksəriyyəti “camaat” mənsubudur. Hətta deyim ki, son 10 ildə Polis Akademiyasının məzunları sadəcə Fətullah Gülən camaatına yaxın şəxslərdir. O məzunların əksəriyyəti hüquq-mühafizə orqanlarında işlə təmin edilib. Ən böyük problem FETÖ-nün Türkiyə dövləti tərəfindən tam olaraq terror təşkilatı kimi tanınmamasıdır. Digər problem isə bu təşkilatlanmanı yaxşı tanıyan insanların elə Gülənə yaxın məmurların əli ilə çıxdaş edilməsidir. Xüsusən, siyasi olaraq Güləndən xeyir-dua alan, ona yaxın olan məmurlarla bu mübarizə effektiv ola bilməz. Bu səbəbdən də Türkiyədə məqsədli olaraq FETÖ ilə mübarizədə çaşqınlıq yaradılıb, faktiki olaraq, hazırki vəziyyətdə Türkiyənin önü FETÖ ilə mübarizədə tıxanıb.

– Ərdoğanın kürəkəni və energetika naziri Berat Albayrak Fətullah Gülənə məxsus məktəblərdən birinin məzunudur. Türkiyənin hazırki ədliyyə naziri Bəkir Bozdağ iki il öncə Türkiyə parlamentində Fətullah Gülən haqqında çox yüksək fikir səsləndirdi. CHP-dən olan mərhum deputat Kamer Gəncin Fetullah Güləni təqid etməsindən sonra spikerden söz istəyib Fətullah Gülənin Türkiyənin yetişdirdiyi çox dəyərli və möhtərəm şəxslərdən biri olmasını qeyd etdi və bildirdi ki, Gülən haqqında Türkiyə parlamentində mənfi fikir səslənə bilməz. Bu gün həmin şəxs Türkiyənin ədliyyə naziridir. Bu günlərdə isə Gülənin ekstradisiyası üçün ABŞ-a yollanan türk heyətinin başında idi. Bu özlüyündə bir az qəribə deyilmi? Sizcə bu şəkildə mübarizə alınacaqmı?

– Siyasətçilərlə Gülənə qarşı mübarizə heç bir zaman effektiv olmayıb, olmayacaq da. Dediyiniz kimi, dünən bu sözləri deyən adam bu gün ona qarşı mübarizə aparsa belə ictimai rəyi qane etmir. O adamlar həqiqətən səmimi idilərsə niyə çevrilişə cəhdə qədər Gülənlə bağlı xarici dövlətlərə, xüsusi ilə ABŞ-a Gülənin ekstradisiyası üçün lazımi sənədləri göndərmirdilər? İki ildir bu hüquqi prosedur yubanır və bunun özü çox ciddi bir sual yaradır.

Gülən məktəblərinin məzunları ilə bağlı məsələlərdə isə mənim mövqeyim tam fərqlidir. Məsələn, Qafqaz Universitetindən məzun olan şəxslərin diplomlarının Türkiyədə tanınmayacağı qərarı mənim üçün təəssüfləndirici bir haldır. Türkiyəyə növbəti səfərlərimdə əgər məsul şəxslərlə görüşmə imkanım olsa, bu yanlışı onlara da deyəcəm. Çünki Qafqaz Universitetinin bütün tələbələrini ucdan tutma Fətullahçı elan etmək düzgün addım deyil. Bizə FETÖ ilə bağlı informasiya verənlərin əksəriyyəti bu universitetin, liseylərin məzunlarıdır. Onların bir çoxu FETÖ təhlükəsini vaxtında görüblər və digər vətəndaşlardan bu mövzuda daha ayıqdırlar. O məktəblərdən məzun olub Fətullah Gülənə bağlı şəxslərin nisbəti beş faiz ancaq olar. Həmin kəsimin də ifşa edilməsi artıq dövlətlərin işidir.

– Uzun müddətdir Fətullah Gülən təşkilatlanması ilə bağlı məqalələr yazır, araşdırmalar aparır, bu yazıları mətbuatda dərc etmisiniz. Bir neçə il öncəyə qədər Fətullah Gülənlə Ərdoğan hökumətinin çox yaxın münasibətdə olduğu da heç kəsə sirr deyil. Bu dəfələrlə hazırki Türkiyə prezidenti tərəfindən də dilə gətirilib. Sizin yazılarınıza baxdıqda görürük ki, Ərdoğanla Gülənin münasibətləri yaxşı olduğu vaxtlarda belə, Ərdoğan haqqında bir cümlə olsun tənqidi məqalə yazmamısınız?

– Biz hələ o zamandan Türkiyə hökumətini tənqid edirdik. Mənim 2007-ci ildə Türkiyədəki ümumrespublika televiziya kanallarından birində bu barədə çıxışım da var. Mən orada üzümü Türkiyə hökumətinə tutub deyirəm ki, Azərbaycanı Türkiyənin gününə salmayın, Azərbaycana Fətullahçıları göndərməyin. Biz həm “Ergenekon” əməliyyatları başladığı zaman bunun Fətullahçıların işi olduğunu və Türkiyə dövlətinin səhv yolda olduğunu bildirmişdik. Həmçinin “erməni açılımı” məsələsinin memarı da Fətullah Gülən idi. Bu mövzu birinci dəfə Abant Platformunda gündəmə gəlmişdi. Daha sonra Türkiyə hökumətinin o zamanki xarici işlər naziri Əli Babacan və eyni zamanda o zamanki prezident Abdullah Gülə qarşı bizim çox sərt yazılarımız olub. Ərdoğana qarşı isə içimizdə bir intuitiv hiss var idi ki, onu səhv yönləndirirlər.

Azərbaycanda Fətullah Gülən camaatını dəstəkləyən, arxasında dayanan, gedib Qafqaz Universitetində qırmızı lenti kəsən Abdullah Gül idi. Biz gördüyümüzü deyirdik və buna görə də hesab edirdik ki, Azərbaycandakı Fətullahçı təşkilatlanmanın arxasında Abdullah Gül dayanmışdı.

Biz mübarizəyə Ərdoğanla birgə başlamamışıq. Mübarizəyə başladığımız vaxtlar Türkiyədə hər kəs Fətullah Gülənlə eyni tərəfdə idi. Bu gün gəlinən nöqtə budur ki, biz yerimizdəyik, hər hansısa bir tərəfə keçməmişik, bizim tərəfimizə keçən Türkiyə rəhbərliyidir. Biz də bu gün Türkiyə hökumətini buna görə dəstəkləyirik.

Biz intuisiyamızla bilirdik ki, Ərdoğan nə vaxtsa Fətullah Gülənə qarşı çıxacaq. Elə buna görə də Ərdoğanın şəxsini tənqid etmirdik. Bu yaxınlarda mənim müəllimim Türkiyənin Maarif Fondunun idarə heyətinin sədri seçildi. Biz universitetdə təhsil alarkən onu yaxından tanıyan müəllimlərimizdən aldığımız məlumatlar bu idi ki, eyni siyasi təşkilatdan olsalar da, Ərdoğan nə Abdullah Güldür, nə də Bülent Arıncdır. Elə bu səbəbdən də mənim Ərdoğanın şəxsinə simpatiyam olub.

– Şəxsi həyatınızla, ailənizlə və ya işinizlə bağlı açıq təhdid almısınızmı?

– Dəfələrlə olub. Sadəcə azərbaycanlılardan yox, Azərbaycanda çalışan türk iş adamlarından da üstüörtülü və açıq təhdidlər almışam. Təhdidlərin bir çoxunu da reallaşdırmağı bacardılar. Məsələn, demişdilər ki, məni dövlət qurumları yanında etibarsızlaşdıracaqlar. Uzun müddət, daha dəqiq desəm 2014-cü ilə qədər belə də oldu. Türkiyədə öz hesabımıza, dostlarımızın dəstəyi ilə, Qarabağı, Azərbaycan həqiqətlərini təbliğ edən tədbirlər keçirirdik, Azərbaycanın dünyaya demək istədiyi mesajları çatdırırdıq, ancaq buna baxmayaraq bizim bu fəaliyyətimizin üstü örtülür, heç bir şəkildə qiymətləndirilmirdi. Bizə həm də dövlət mətbuatı tərəfindən qadağa qoyulmuşdu. Mənə açıq şəkildə çatdırılmışdı ki, Fətullah Güləndən yazmadığın təqdirdə önündə yaşıl işıq yandırılacaq. Hətta mənə Fətullah Gülənə yaxın insanlar tərəfindən böyük bir məbləğ qarşılığında “Yeni Çağ” qəzetini və saytını onlara satmağı təklif etmişdilər.

2014-cü ildə məni “A Haber” televiziya kanalına efirə çağırmışdılar. Həm ailəmə, həm də özümə qarşı ən böyük təhdidləri də bundan sonra aldım. Türkiyədə olduğum həmin bir həftə ərzində psixoloji sarsıntılar keçirdim. Çünki, hər an təhlükə var idi. Hətta mənə xəbər çatdırılmışdı ki, Bakıya getdiyimdə həbs olunacağam.

– 17-25 dekabr hadisələrindən sonrakı prosesdə Azərbaycanda da müəyyən məmurların işinə son verildi, yaxud daha passiv bir vəzifəyə təyin edildi. Ərdoğanın Azərbaycana səfəri zamanı bir siyahı ilə gələcəyi mətbuatda yazılır. Sizin Türkiyədəki hökumət nümayəndələri ilə yaxın əlaqələriniz var, ümumiyyətlə belə bir siyahı hazırlanıbmı?

– Bu siyahılar çox müzakirə edilir. Türkiyə Azərbaycana siyahı verdi, Azərbaycan Türkiyəyə siyahı verdi. Azərbaycan və Türkiyə bu məsələlərdə hər zaman mümkün qədər birlikdə hərəkət edib. Bu əlaqələrin bəziləri mətbuata açıq olub, bəziləri isə gizli saxlanılıb. Mən inanmıram ki, siyahı ilə kimsə işdən çıxarılıb.

– 17-25 dekabr hadisələrindən sonra “Yeni Çağ” qəzetində şəxsən sizin imzanızla bu barədə məqalə oxumuşam. Orada həmin bu siyahılardan bəhs edilir…

– Siyahılar ola bilər. Ancaq məsələnin siyahılara fokuslanmasını yanlış hesab edirəm. Hər bir dövlət öz içindəki çürükləri bilir, bilmirsə, deməli dövlət deyil. Ərdoğan həmkarlarına siyahı təqdim edə bilər. Bu da sadəcə adların dəqiqləşdirilməsi üçün ola bilər. Siyahıların daha çox hüquq mühafizə orqanları arasında olması ehtimalı böyükdür. Hər iki dövlətin təhlükəsizliklə bağlı qarşılıqlı anlaşmaları var və bu əməkdaşlıq çərçivəsində belə siyahılar gündəmə gələ bilər.

Söhbətləşdi: Məmməd Gülməmmədov

Qeyd: Müsahibədə adı keçən hər bir şəxsin və təşkilatın mövqeyini dərc edə bilərik.

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv