ARDNŞ-də təlimlərə başlanılıb

ARDNŞ-də təlimlərə başlanılıb

Müəllif: Manager

Baş Redaktor

14120040181746763144_600x400Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) işəgötürənlə işçilər arasında məlumat mübadiləsinin beynəlxalq təcrübəyə uyğun şəkildə operativ və effektiv həyata keçirilməsinin təmin olunması, işçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə “ARDNŞ-in insan resursları portalı”nın tətbiqinə dair təlimlərə start verilib.

ARDNŞ-in mətbuat xidmətindən  bildiriblər ki, sentyabrın 26-sı və 29-da insan resursları departamentində şirkətin birbaşa tabeliyində olan kadr xidmətlərinin rəhbərlərinə bu mövzuda təlimlər keçirilib. Təlim zamanı iştirakçılara portalın məqsədi, funksionallığı və faydalarını əhatə edən slaydlar təqdim olunub, kadr xidmətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat verilib.

Bildirilib ki, portal vasitəsilə işçilər tələb olunan məlumatlar və sənədlərlə yanaşı, iş yerindən elektron qaydada arayış alacaq, məzuniyyət günləri və əmək haqqının hesablanması kimi bir çox əməliyyatları həyata keçirə biləcəklər. Bundan əlavə işçilər özləri haqqında sistemdəki məlumatlarla tanış olmaq və orada yol verilən səhvin düzəldilməsi ilə bağlı müraciət etmək, rəhbər şəxslər isə tabeçiliyindəki işçilər haqqında istənilən məlumatı almaq imkanı qazanacaqlar.

Təlim zamanı gələcəkdə portal xidmətlərinin icrasında birbaşa iştirak edəcək kadr xidmətləri işçiləri praktiki tapşırıqları birgə yerinə yetirərək portaldan istifadə qaydalarına yiyələniblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və təkliflər dinlənilib.

Növbəti mərhələdə isə ARDNŞ-in kadr xidmətlərinin digər işçilərinə müvafiq təlimlərin keçirilməsi, daha sonra isə portalın istifadəyə verilməsi nəzərdə tutulub. Portalın effektivliyini artırmaq məqsədi ilə daha geniş auditoriyanı əhatə edəcək istifadəçi qrupları üçün də təlimlər təşkil olunacaq.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti