AŞPA-da görünməmiş saxtakarlıq – Deputat şok faktlar açdı

Müəllif: Redaktor

Editor

fazilmustafaesas1232“Avropa Şurasının Parlament Assambleyasında görünməmiş saxtakarlıq baş verdi”.

Bunu hazırda Strasburqda olan Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib. Deputat AŞPA-dakı saxtakarlığı ifşa edən məlumat yayıb:

“Volter Böyük Britaniya parlamentinə seçilmədiyinə görə onun məruzəsini ermənilərin dəstəkçisi sayılan Yansen təqdim edirdi. Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı idi və Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkildə sövdələşərək bu qətnamənin qəbulunu əngəllədilər. Demək iclası AŞPA-nın prezidenti Aqramunt aparır, səsvərməyə yaxınlaşanda qəfildən Aqramuntu çağırdılar və yerinə Vitse-prezident keçdi və səsvermənin gədişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nəfər səsvermədə iştirak etmədiyinə görə səsverməni uzadırıq. Nəticədə Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə rədd edildi.

İki faktı deyim ki, Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər. Aldığımız dəqiq məlumata görə Polşa və başqa ölkələrdə hətta din xadimləri deputatları çağırıb xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər. Volterin məruzəsi siyasi xarakterli olduğuna görə və işğalı birmənalı vurğuladığına görə Avropa dövlətləri ciddi lobbiçilik göstərərək qətnamənin qəbul olunmasının qarşısını aldılar.

Sərsəng su anbarı ilə bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yər alırdı, ancaq mahiyyətcə ekoloji xarakterli sənəd idi, ona görə də balans saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edildi. Hər halda ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması da bu şərtlərdə müsbət addım sayıla bilər” – deyə o əlavə edib.(Azvision)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır