yenicag.az
yenicag.az

Astanaya qədər Rusiya Suriyada nə qazandı, nə itirdi? - Analiz

Astanaya qədər Rusiya Suriyada nə qazandı, nə itirdi? – Analiz

Müəllif: Baş Redaktor

Baş Redaktor

Suriya böhranına hərbi-siyasi müdaxilə sayəsində regiondakı əsas müttəfiqi olan Bəşər Əsəd rejimini qorumağı bacaran Rusiyanın bu prosesdən əldə etdiyi dividentlər və itkilər ciddə şəkildə təhlil olunmaqdadır.

Yeniçağ.Az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana İranla birlikdə Əsəd rejiminin əsas müdafiəçisi olan Rusiya 2015-ci il sentyabrın 30-da bu ölkədə hərbi hava əməliyyatlarına başlamaqla, münaqişənin tərəflərindən birinə çevrildi. Rusiyanın bu müdaxiləsi sayəsində Suriya ilə bağlı qarşıya qoyduğu məqsədlərə böyük mənada nail olduğu bildirilir.

Rusiyanın Suriya prosesində əsas uğuru kimi Bəşər Əsəd rejimini hakimiyyətdə saxlaması və əvvəl Tartusdakı hərbi dəniz bazasında, daha sonra isə Lazkiyə hərbi aviabazasında yerləşməsi qeyd olunur. Bundan başqa, Rusiya Suriyada əldə etdiyi uğurla özünün qlobal siyasətdə əsas oyunçulardan biri olduğunu dünyaya qəbul etdirdi. Eyni zamanda, Moskva çevik siyasəti ilə Ukrayna və Krım hadisələrindən sonra salındığı beynəlxalq təcrid vəziyyətindən də qismən çıxmış oldu. Hər halda, İrandan tutmuş İsrailə, Misirdən tutmuş Türkiyəyə qədər bir çox ölkələrin Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığı genişləndirməyə hazır olmaları bu fikirləri təsdiqləyir.

Daxili siyasi balans

Suriya böhranına fəal hərbi müdaxilə Rusiyadakı daxili-siyasi vəziyyət baxımından da  Putin hakimiyyətinə yeni imkanlar qazandırdı. Qərb ölkələrinin məlum sanksiyaları və neftin ucuzlaşması səbəbindən Rusiya iqtisadiyyatının 2015-ci ildə  3,7, 2016-cı ildə isə 0,5 faiz azalmasına baxmayaraq, xalqın mütləq əksəriyyəti Putin hakimiyyətini dəstəkləməkdədir. Keçirilən sorğulara əsasən, 2014-cü ildə Krımın ilhaqından sonra reytinqi 80 faizə yüksələn Putinə xalq rəğbətinin azalmadığı müşahidə olunur. Qərbin sorğu şirkətləri isə Putinin reytinqinin 52 faizə düşdüyünü iddia edirlər.

Hərbi və iqtisadi xərclər

Rusiya ictimai rəyinin Putin hakimiyyətinin Suriya siyasətini dəstəkləməsinin əsas səbəblərindən biri də Kremlin sözügedən ölkədəki proseslərə hərbi müdaxiləsinin ciddi maliyyə hesabına başa gəlməməsidir. Məlumata görə, hazırda Suriyada yerləşdirilmiş Rusiya hərbi kontingentinin 4 min əsgərdən ibarət olduğu bildirilir. Bu zaman Putin administrasiyasının 40 il əvvəl SSRİ-nin Əfqanıstana hərbi müdaxilə zamanı buraxdığı səhvləri təkrarlamadığı da xüsusi vurğulanır. Ona görə də Rusiyanın Suriyada cəmi 23 hərbçi itirməsi bu siyasətin nəticəsi kimi qiymətləndirilir. Lakin o da qeyd olunur ki, Rusiyanın Suriyadakı hərbi kontingentinin bir hissəsini muzdlu əsgərlər təşkil edir və onların nə qədər itki verdiyi açıqlanmır. Hesablamalara görə, Rusiyanın Suriyadakı mövcudluğunun bir günü Kremlə 3-4 milyon dollara başa gəlir. Bu hesabla Rusiyanın Suriya kampaniyasına 1,5-2 milyard dollar sərf etdiyi bildirilir. Rusiyanın 2016-cı il hərbi büdcəsinin 60 milyard dollar olduğunu nəzərə alsaq, bu məbləğ heç də böyük görünmür.

Müsəlman aləmindəki reaksiyalar

Suriyaya müdaxilədən sonra Rusiya İraq-Şam İslam Dövləti (İŞİD) və Fəth Əl-Şam (əvvəlki Əl-Nüsra) kimi terror təşkilatlarının hədəfinə çevrildi. Bununla belə, adları çəkilən şəbəkələr Rusiyada hər hansı səs-küylü terror hücumu həyata keçirə bilmədilər. Ancaq 2015-ci ilin oktyabrında Misirdən geri dönən Rusiyaya məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində 224 nəfərin həlak olması və 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi Moskvanın Suriya siyasəti ilə əlaqələndirilir.

Astana danışıqlarından gözləntilər

Qeyd olunanları nəzərə alsaq, Rusiyanın Suriyada cərəyan edən proseslərdə təşəbbüsü ələ almasından sonra münaqişə tərəflərini danışıqlar masası arxasında əyləşdirməsi də təəccüblü deyil. Bu çərçivədə Rusiyanın Suriyadakı hərbi kontingentini azaltmağa başlaması da ciddi məqamdır. Rusiya Suriya böhranının həllini özü üçün “ölüm-dirim” məsələsi hesab etməsə də, Astana danışıqlarına böyük əhəmiyyət verir. Analitiklərin fikrincə, Rusiyanın indiki şəraitdə əsas məqsədi Suriyada tələb olunan hərbi xərcləri Türkiyə və İrana “yükləmək”, öz maraqlarını danışıqlar masasında təmin etməkdir. Belə bir mövqe tutan Kreml Donald Tramp iqtidari ilə dialoqa başlamaq üçün zəmin yaratmağa cəhd göstərir.  Ehtimal edilir ki, Rusiya Qərblə münasibətlərindəki gərginliyi aradan qaldırmaq  üçün Suriyadakı hərbi kontingentini azaltmağa da hazırdır. Ancaq Rusiyanın Tartus və Lazkiye hərbi bazalarına nəzarəti ələ alması Moskvanın Suriyada uzun müddət əsas oyunçulardan biri kimi qalacağını söyləməyə əsas verir.

Yeniçağ.Az

Dünya, Manşet, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti