ATV-də rənglərin bayramı – FOTOLAR

Müəllif: Redaktor

Editor

photo_46987Sovet dönəmindəki qalereyalar qıtlığı müstəqillik illərində aradan qaldırılsa da, onların davamlı olaraq tamaşaçı diqqətində qalmasına hələ ki, nail olmamağımız da danılmaz həqiqətdir. Etiraf edək ki, bunu daha çox yaşadığımız sürət və texnika əsrində qalereyaların cəlbediciliyinə nail olmaq yollarının tapılmaması şərtləndirib. Qənaətimizcə, oktyabrın 12-də “Azad Azərbaycan” şirkətinin inzibati binasında açılan “ATV Qalereya” salonu və burada təşkil olunan ilk sərgi vurğuladığımız boşluğun aradan qaldırması yönündə uğurlu addım sayıla bilər. Bu münasibətlə şirkətdə təşkil olunan tədbirdə çıxış edənlər də yeni qalereyanın fəaliyyət rəngarəngliyi baxımından paytaxtdakı sərgi salonlarından fərqlənəcəyini əminliklə ifadə ediblər.

ATV-nin Bədii Şurasının sədri Etibar Babayev öz çıxışında yeni qalereyanın açılışının şirkətin efirdən kənar layihələri çərçivəsində gerçəkləşdiyini bildirdi. Layihənin maarifləndirici mahiyyətinin özəl xüsusiyyətlərinə toxundu. Qalereyada ilk olaraq tanınmış qrafika ustaları Mətanət və Etibar Aslanovun əsərlərindən ibarət sərgilənməsinin təsadüfi olmadığını söyləyən sənətşünas hər iki rəssamın illərdən bəri həyat və sənət yollarında bərabər addımladığını dilə gətirərək fərdi yaradıcılıq xüsusiyyətləri barədə açılış mərasiminin iştirakçılarına qısa məlumat verdi.

Qonaqları salamlayan “Azad Azərbaycan” şirkətinin prezidenti, əməkdar jurnalist Vüqar Qaradağlı yeni açılan qalereyanın fəaliyyət perspektivlərindən danışmaqla, başlıca məqsədlərinin maarifçilik, insanların zövqünün formalaşması yönündə əməli işlər görmək olduğunu söylədi. Yeni yaradılan qalereyanın özəlliyi ondan ibarətdir ki, sənətsevərlərin vaxt itirib bura gəlmələrinə ehtiyac qalmayacaq. “ATV Qalereya”da açılan hər yeni sərgi bir ay müddətində efirdə göstəriləcək. Orada nümayiş olunan əsərlər mütəxəssislərin şərhi ilə tamaşaçılara təqdim ediləcək. Bu da öz növbəsində milli incəsənətimizin təbliği işinə müsbət təsir göstərəcək.

Xalq rəssamı Arif Hüseynov öz çıxışında baş verənləri Azərbaycan mədəni məkanında yaddaqalan hadisə kimi dəyərləndirməklə, onun Azərbaycan təsviri sənətinin genişmiqyaslı təbliğində əhəmiyyətli vasitə olacağını bəyan etdi.

Azərbaycan Rəssamları İttifaqının katibi, Rəssamlıq Akademiyasının pro­rek­toru, xalq rəssamı Səlhab Məmmədov “ATV Qalereyanın” rəsm əsərlərinin təbli­ğində müstəsna rol oynayacağına əmin olduğunu bildirdi. Şirkətin bu addımını rəssamlar ittifaqının hamıdan çox dəstəklədiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Əməkdar incəsənət xadimi, görkəmli yazıçı Natiq Rəsulzadə də teleşir­kətdə qalereyanın açılmasını fərqli – özünəməxsus addım kimi qiymətləndirmişlər. N.Rəsulzadə gələcəkdə qalereyanın ekspozisiyasında rəssamlarla yanaşı şair və yazıçıların da yaradıcılığının təbliğinin yer almasını arzulamaqla, teleməkanda imzaetmə günlərinin keçirilməsinin ədəbiyyatın ictimaiyyətə çatdırılması üçün önəmli və çox operativ vasitə olduğunu etiraf etdi.

Sonda sərginin iştirakçısı Etibar Aslanov “Azad Azərbaycan” teleşirkə­tinin rəhbərliyinə onların yaradıcılıqlarına göstərdikləri diqqətə görə təşəkkürünü bildirdi. O, bu qalereyanın Azərbaycan təsviri sənət ustalarının ən müxtəlif nəsillə­ri­nin təbliğində önəmli rol oynayacağına dərin inamını ifadə etdi.

Çıxışlardan sonra sənətsevərlər sərginin ekspozisiyası ilə yaxından tanış oldular. Qeyd edək ki, əsərləri “ATV Qalereya”nın salonlarında nümayiş etdirilən Mətanət və Etibar Aslanovlar respublikada istedadlı qrafika ustası kimi tanınırlar. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan bu yaradıcılar uzun müddətdir ki, ölkəmizdə, eləcə də onun hüdudlarından uzaqlarda açılan nüfuzlu sərgilərin iştirakçılarıdırlar. Qrafikanın müxtəlif janrlarında işləməyə üstünlük verən rəssamlar yeni sərgilərində də ənənələrinə sadiq qalaraq, sənətsevərlərə rəngarəng qrafika texnikasında ərsəyə gətirdikləri əsərləri təqdim etdilər.

Mətanət Aslanovanın dəzgah və kitab qrafikası sahəsində yaratdığı əsərlər müasirliyi ilə seçilir. Azərbaycan ədəbiyyatının uzaq-yaxın dövrü əhatə edən nümunələrinə müraciət edən müəllif onların hər birində oxucu ilə mətn arasında inandırıcı dialoq qura biləcək illüstrasiyalar yaratmağa nail olmuşdur. Cizgi və rənglərdən duyulası dərəcədə qənaətlə istifadə edən rəssam, buna baxmayaraq qrafik əsərlərin hər birində tamaşaçını duyğulandıra biləcək bədii aura yarada bilmişdir. Bu təsvirlərdə zamansızlığa yüksəlmənin və bədii-fəlsəfi qatın mövcudluğu sayəsində şərh olunan, bədii münasibət bildirilən hər bir süjet və yaxud motiv oxucunu-tamaşaçını cəlb etməklə yanaşı, düşündürməkdədir.

Etibar Aslanovun kompüter qrafikası sahəsində yaratdığı lövhələr bütünlükdə Azərbaycan neftinə həsr olunmuşdur. Milli neft sənayesinin təzadlı inkişaf yolunun bədii salnaməsini yaradan müəllif, bütünlükdə əsərlərin kompozisiyasına daxil etdiyi cəlbedici və yaddaqalan detallarla bu sahənin təşəkkülünü tarixiləşdirməyə nail olmuşdur. Çox vaxt sənaye motivlərini şəhər mənzərəsi ilə əlaqəli əks etdirən rəssam, bununla həm də lövhələrin duyğulandırıcı-ovqatyaradıcı nəticəsini əldə etmişdir.

“ATV Qalereya” son illərdə ən müxtəlif tutumlu yeniliklərlə Bakı tamaşaçılarını və onun qonaqlarını təəccübləndirməkdə davam edən paytaxtımızda milli “mədəniyyət xəritə”sinə öz imzasını qoydu. İnanırıq ki, bu imza uzunömürlü olacaq, nəinki Bakıda, Azərbaycanda, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da tanınacaq, seviləcək, təqdirəlayiq hadisə kimi qiymətləndiriləcək.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir