“ATV Kitab” layihəsinə “Parlaq İmzalar”la start verildi

Müəllif: Redaktor

Editor

photo_47287Oktyabrın 17-dən etibarən “ATV kitab” seriyasına start verildi və layihə rəhbəri Səlim Babullaoğlu ilə “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq Əməkdaşlıq Memorandumu imzaladılar. Memorandumun mətnində deyilir:

““ATV Kitab” layihəsi “Parlaq İmzalar” nəşriyyatı ilə birlikdə həyata keçirilən intellektual-maarifçi layihədir, dünya xalqları ədəbiyyatlarının elə nümunələrinin tərcüməsini, nəşrini ehtiva edir ki, həmin əsərlər oxucusunu insan kimi böyüdəcək, vətəndaş kimi məsuliyyətini daha da artıracaqdır. Layihə zamanı indiyədək Azərbaycan oxucusuna tanış olmayan, yaxud az tanış olan müəlliflərin əsərlərinə üstünlük veriləcək, başqa sözlə çağdaş ədəbi mühitdə, milli tərcümə sənətindəki mövcud boşluqlar dəyərli əsərlərin tərcüməsi, nəşri ilə əvəzlənəcəkdir.İnanırıq ki, layihə ölkəmzin mədəni mühiti üçün az da olsa yaddaqalan hadisəyə, töhfəyə çevriləcəkdir.”

Əməkdaşımızla söhbətində “Parlaq imzalar” nəşriyyatının direktoru əməkdaşlıq və layihə haqqında bunları qeyd elədi:

“Məlumdur ki, bir millətin millət kimi formalaşıb dünya ilə ayaqlaşa bilməsi üçün kitabı əvəz edəcək faktor mövcud deyil. Ölkə kitabçılığını isə o qədər də xoş olmayan durumundan, əlbəttə, tək nəşriyyatlar xilas edə bilməz. Bunun üçün bütünlüklə mövcud qurum və təşkilatlar əl-ələ verməlidir. Sevindirici haldır ki, artıq bu istiqamətdə ATV rəhbərliyi örnək bir addım ataraq “Parlaq İmzalar” nəşriyyatı ilə qarşılıqlı əməkdaşlıq şəklində həyata keçiriləcək kitab layihəsinə başlayıb. Ümumiyyətlə, ATV rəhbərləyinin son illərdə mədəni-sənət layihələrinə dəstək olması diqqət çəkir. Bu yaxınlarda gerçəkləşən “ATV Qalereya” layihəsi, “Kitabçı” kimi yerigörünən jurnalın nəşri bu qəbildən olan əvəzsiz işlərdir”.

Ümid edirəm ki, bu kitab layihəsi ümumilikdə bütün ölkə kitabçılığı üçün faydalı olacaq və nəşr olunan bir-birindən maraqlı kitablar oxucuların zövqünü oxşayacaq.”

Səlim Babullaoğlu da layihənin uğurlu olacağına inamını ifadə elədi:

“İnanıram ki, layihə hər baxımdan uğurlu olacaq, birgə nəşr edəcəyimiz kitablar öz oxucusuna çatacaq və onları sevindirəcək. Artıq konkret kitabların nəşriyyat prosesi də başlayıb. “Parlaq İmzalar” Nəşriyyatı kitabsevərlər və kitabçılar arasında öz dəsti-xətti ilə seçilən, ciddi, peşəkar bir nəşriyyatdır. Gənc, amma olduqca işlək, professional kollektivi var. Ən başlıcası isə indiyədək nəşr elədiyi kitabların seçiminə, öz nəşriyyat planına böyük həssaslıqla yanaşıb…”


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir