yenicag.az
yenicag.az

“Avropa İttifaqı ilə əlaqələrimiz yüksək səviyyədədir” – Prezident

“Avropa İttifaqı ilə əlaqələrimiz yüksək səviyyədədir” – Prezident

Müəllif: Redaktor

Editor

“Çox şadam ki, sabah biz Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlara başlayırıq”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Aİ-Azərbaycan əlaqələri çox məhsuldardır və yüksək səviyyədədir: “Əməkdaşlığımızı genişləndirmək üçün böyük potensial var. Aramızda çox aktiv siyasi dialoq mövcuddur, mütəmadi görüşlər keçirmişik. Ölkəmizdə siyasi məsələlər və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik”.

Dövlət başçısı Azərbaycanın Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirak etdiyini qeyd edib. “Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə davam edir. Avropa əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik”.

“Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır” deyən Prezident bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib: “Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri hələ də yerinə yetirmir. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, işğal 25 ildən çoxdur davam edir. Mən Avropa İttifaqına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm”.

Dövlət başçısı bildirib ki, Asiya ilə Avropanı birləşdirən xəttin bu il istifadəyə verilməsi gözlənilir: “Bu dəmir yolu xətti “Şərq tərəfdaşlığı” və Avropa ölkələri üçün cəlbedici ola bilər. Bu xəttin istifadəsi yüklərin daşınması baxımından zamanın qısalmasına səbəb olacaq”.

Prezident qeyd edib ki, tərəflər arasında mədəniyyətlərarası dialoq əməkdaşlığın vacib istiqamətlərindən biridir: “Azərbaycan Avropa Şurası və eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz coğrafi olaraq sivilizasiyalar arasında körpü rolunu oynayırıq. Bizim insan kapitalına və mədəniyyətlərarası dialoqa qoyduğumuz səylər öz nəticəsini verir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Aİ-yə üzv 9 ölkə ilə artıq strateji tərəfdaşdır: “Bu, gələcək razılaşma üçün vacib bazadır. Bu gün əhəmiyyətli gündür. Biz əməkdaşlıqda yeni səhifə açırıq. Mən yeni saziş üzrə danışıqları aparanlara uğur arzulayıram. Ümid edirəm ki, onlar vaxt itirməyəcəklər, dərhal sabah işə başlayacaqlar və bizə tezliklə iki tərəf arasında strateji tərəfdaşlıq haqqında sənəd təqdim edəcəklər”. (APA)

Yenicag.az

Xəbərlər, Gündəm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti