!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqının Qafqaza təsir imkanı məhdudlaşır - Fransa "əngəli"

!Reklam – Yazi

Avropa İttifaqının Qafqaz və Xəzər regionunda yüksək iqtisadi maraqları olsa da, qurum regionda siyasi hadisələrin inkişaf axarının müəyyən edilməsində hələ də passiv mövqedən çıxış edir. Bu passivliyi onun Dağlıq Qarabağ konfliktinə münasibətində də görmək olar. Aİ nədənsə Rusiya və ABŞ-dan fərqli olaraq, Qafqaz regionunda, o cümlədən burada yaşanan münaqişələrin həlli prosesində aktiv deyil. Görəsən, Aİ-nin Qafqazda siyasi cəhətdən aktiv olmasına maneə olan amillər hansılardır?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy Yenicag.az-a açıqlamasında Aİ-nin Qafqazda, o cümlədən Qarabağ konfliktinin həllində aktiv mövqe sərgiləməsinə bir çox amillərin manə olduğunu bildirdi:

“Avropa İttifaqının Qafqaz regionuna yönələn ümumi yanaşmasını təhlil etmək üçün bir neçə amili nəzərə almalıyıq. Birincisi odur ki, Qafqaz regionunda iki əhəmiyyətli aktyor var ki, onlar da ABŞ-la Rusiyadır. Avropa İttifaqının Qafqaza yönələn fəaliyyətindən bəhs ediriksə, həmin birliyin ancaq bu iki ölkədən geri qalan sahədə manevr imkanları mümkündür. Düzdür, uzun müddətdir ki, Aİ ABŞ-la əməkdaşlıq şəraitində Qafqazda fəaliyyət göstərir. Onların indi də bölgədə demokratiya, iqtisadi inkişaf və regionun Moskvanın təsirinə düşməməsi sahələri üzrə ortaq maraqları var. İkinci bir tərəfdən, Qafqaz regionu bütün postsovet məkanında olduğu kimi daha çox gücün təsirli olduğu bir coğrafiyadır. Burada sərt gücü olmayan dövlət və qurumların manevr imkanları da zəifdir.

mtu3zmexmtc5nzfkytm
Nazim Cəfərsoy

Bu çərçivədə də Aİ ABŞ və Rusiya ilə müqayisədə geri planda qalıb. Belədə Aİ-nin regionla bağlı maraqları ciddi şəkildə məhdudlaşır. Üçüncü bir tərəfdən, Aİ Vaşinqton və Moskva ilə müqayisədə daha çox kollektiv qərarvermə mexanizminə sahib olan bir qurumdur. Burada 27 dövlət bir araya yığışıb, qərarları ancaq konsensusla qəbul edirlər. Bu da xarici işlərlə bağlı məsələdə Aİ-nin manevr imkanlarına ciddi problemlər yaradır. Xarici siyasət daha operativ və çevik qərarların verilməsini tələb edir. Həmçinin, Aİ-nin aparıcı ölkələrinin qlobal və regional, habelə, Qafqaza yönəlmiş siyasətlə bağlı ziddiyyətli maraqları var. Almaniya və Fransanın qlobal və regional siyasətə baxışlarında Moskva ilə sərt siyasi kursa ciddi önəm verilmir. Yəni onlar Moskvaya münasibətdə ehtiyatlı davranan siyasət yürüdürlər. Polşa, Rumıniya və Baltik ölkələri isə Rusiyaya münasibətdə daha sərt siyasi kurs yürüdülməsinin tərəfdarıdırlar.

Digər tərəfdən, Aİ-nin xarici siyasətində geosiyasi maraqlardan daha çox, insani dəyərlər daha öndə durur. Onlar məhz bu cür maraqlara daha çox əhəmiyyət verirlər. Bunun özü də Aİ-nin Qafqaza təsir etmək imkanlarını məhdudlaşdırır. Aİ enerji məsələsində hələ də müəyyən dərəcədə Rusiyadan asılıdır. Ona görə də Qafqaz ölkələrilə münasibətlərdə enerji amilinə yetərincə əhəmiyyət verə bilmir, üçüncü aktyorun gücü ilə burada fəaliyyət göstərmək məcburiyyətindədir. Bildiyiniz kimi, Qafqaz ciddi etnik münaqişələrin olduğu regiondur. Ona görə də burada güc məsələsi əsas önəm daşıyır. Bu mənada isə Aİ-nin ordusunun olmadığını görürük. Ona görə də prosesdə fəallığı aşağı səviyyədədir. Onlar regionumuza bu fonda əsasən iqtisadi motivlərdən çıxış etməklə təsir etməyə çalışırlar. Amma siyasi fəallığın olmaması fonunda qurumun regionda fəallaşmaq imkanları daha da daralır. Düzdür, Aİ ara-sıra Qarabağ məsələsində aktivlik nümayiş etdirməyə çalışır. Ancaq Aİ-nin üzvü olan Minsk qrupunun həmsədr ölkəsi Fransanın bölgədəki mövqeyi Vaşinqtonla Moskvanın burada həyata keçirtdiyi mövqelərindən obyektiv mənada heç nə ilə fərqlənmir. Fransa da Qarabağ məsələsində işğalçı ilə işğala məruz qalana fərq qoymur.

Nəticədə, Fransanın tutduğu bu mövqe Aİ-nin siyasi anlamda bölgədə təsir imkanlarının genişlənməsinə əngəl törədir. Aİ-nin başqa nümayəndəsi Almaniyaya getdikdə onun da Bakı ilə bəzi siyasi problemləri olduğu üzə çıxır. Bunun özü də Aİ-nin siyasi mənada Qafqazda mövqeyinin yüksəlməsini əngəlləyən məqamlardan biridir. Bütün bunlara əsasən deyə bilərik ki, nəzəri baxımdan Aİ regionda siyasi mənada fəallıq göstərmək üçün potensial imkanlara malikdir. Ancaq praktik baxımdan onun həyata keçirilməsini əngəlləyən ciddi maneələr mövcuddur ki, bu da Aİ-nin Qafqazda siyasi mənada aktiv olmasına imkan vermir”.

ELÇİN
Yenicag.az

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv