Yazı İçi 468×60

Kataloniyadakı referendumda qəbul edilən müstəqillik qərarı hələ ki təxirə salınıb. Lakin Kataloniya Avropadakı müstəqillik meyillərinin artdığı tək nümunə deyil. Bu ərazilər arasında İspaniyada Kataloniya və Bask bölgəsi, Almaniyada Bayern əyaləti, Belçikada isə Flamanlar yer alır.

Sovet İttifaqı və Yuqoslaviyanın dağılması Avropanın şərqində bir sıra dövlətlərin yaranmasına yol açdı. Avropanın qərbində bir sıra dövlətlər qədim, möhkəm quruluş imici yaratsalar da, sağlam görünən o bünövrələr artıq silkələnməyə başlayıb. Bəzi ölkələrdə bu özünü silahlı münaqişə şəklində göstərir. Bəzi Qərbi Avropa dövlətlərində isə hələ də danışıqlar apararaq, muxtariyyət ələdə edilməsinə dair ümid var. Bu bölgələrin müstəqillik qazanmaq şansları da fərqlidir.

Yenicag.az Avropada parçalanma yönümlü hərəkatların araşdırmasını təqdim edir:

Kataloniya

İspaniyada muxtar Kataloniya bölgəsi Avropada müstəqillik tələbinin ən yüksək səslə dilə gətirildiyi yerdir. Franko diktaturası zamanı güclü təzyiqlərə məruz qalan muxtariyyət hazırda siyasi və mədəni baxımdan çox inkişaf edib. 7,5 milyon əhalisi olan Kataloniya öz parlamentinə sahib olmasına baxmayaraq, tam müstəqillik əldə etmək istəyir. Müstəqillik tələbi bölgə iqtisadiyyatının İspaniya tərəfindən məsimsənilməsi iddialarıyla əlaqədardır. Kataloniya muxtariyyatının rəhbəri Karles Puigdemont referendumdan sonra Kataloniyanın müstəqillik qazanmaq hüququ əldə etdiyini düşünsə də, İspaniya sözügedən referendumun heç bir hüquqi əsası olmadığını bildirib.

Bask bölgəsi

İspaniyanın digər problemi Bask bölgəsidir. Burada müstəqillik uğrunda mübarizə illərdir davam edir. Muxtariyyat öz vergi sisteminə malikdir, İspaniyaya yalnız kiçik məbləğdə ödəniş edilir. Lakin bu bölgə Kataloniya kimi güclü iqtisadiyyata malik deyil.
50 ilə yaxın davam edən qanlı mübarizə 800-dən çox insanın ölümü ilə nəticələnib. 2011-ci ildə silahlı mübarizə dayandırılıb. Lakin nə siyasi müzakirələr, nə də qanlı münaqişələr muxtariyyatı müstəqillik referendumuna apara bilməyib.

Şotlandiya

Birləşmiş Krallıqla Şotlandiya arasındakı bağlılıq 300 illik tarixə malikdir. Öz müstəqil parlamenti olan Şotlandiya uzun illərdir daha çox azadlıq tələb edir. Şotlandiya Milli Partiyası isə tam müstəqillik tərəfdarıdır. 2014-cü ildə rəsmi London referenduma icazə verdikdən sonra əhalinin əksəriyyəti müstəqilliyə qarşı səs verib. Lakin 2016-cı ildə Avropa Birliyindən çıxmaq barədə proses başladıldıqdan sonra (Brexit) Şotlandiyada müstəqillik ruhu yenidən canlanıb. Burada 2018-ci ilin payızında yeni seçkilərin keçirilməsi planlaşdırılsa da, nəticənin 2014-cü il seçkilərilə eyni olacağı proqnozlaşdırılır.

Flaman

Flaman bölgəsi Valon və Brüssel də daxil olmaqla müstəqilliyə meyil edən ərazidir. Belçikada yerləşən bu bölgənin ölkə iqtisadiyyatının inkişafında olduqca böyük rolu var. İllərdir müstəqillik düşüncəsi ilə yaşayan flamanlar Belçikadan ayrılmaq istəyirlər. Bu halda isə ölkə əhalisinin yarısını və iqtisadi gücünü itirə bilər. Belə bir parçalanma olacağı təqdirdə mübahisəli məsələ həm Avropa İttifaqı, həm də NATO-nun mərkəzlərinə ev sahibliyi edən Brüsselin statusuyla bağlı olacaq. Bu halda gündəmə Valon bölgəsiylə bağlı bir sıra ehtimallar gələcək. Bu bölgənin Fransa, Lüksemburq, hətta Almaniyadan asılı olacağına dair fikirlər də mövcuddur.

Padanya

İtaliyanın şimalında yerləşən Padanya bölgəsində parçalanma meyillərinin başlıca səbəbi iqtisadiyyatdır. Sənaye müəssisələri və bankları olan Padanya ölkə iqtisadiyyatının döyünən ürəyi hesab olunur. Əhali cənubda yaşayan italyanların onların əziyyətlə qazandıqlarını israf etdiyini iddia edir. 1990-cı ildə Şimali Liqa Partiyası Padanyanın İtaliyadan tamamilə ayrılmalı olması fikriylə çıxış edib və diqqətləri öz üzərində cəmləyib. Hazırda partiya bu qədər sərt mövqedə olmasa da, yerli əhali tərəfindən qazanılan pulun bölgədə qalmasını və buradan idarə edilməsini tələb edir.

Cənubi Tirol

I Dünya Müharibəsinin sonuna qədər Avstriya-Macarıstan imperiyasının bir parçası olan Cənubi Tirol müharibədən sonra İtaliya torpaqlarına daxil edilib. Mussolini dövründə muxtariyyət qazanan bölgə əldə edilən gəlirlərin böyük bir hissəsini əlində saxlamaq kimi bir fərqliliyə sahib olub və əhali rifah içərisində yaşayıb. Lakin İtaliyanın iqtisadi böhran vəziyyətində olması əhalinin əksər qisminin Romadan ayrılmaq istəməsinə səbəb olur.

Korsika

Korsikalılar uzun illər boyunca Fransanın təzyiqlərinə məruz qalıblar. Burada başda Korsika Milli Qurtuluş Cəbhəsi olmaqla dövlət nümayəndələrinə və simvollarına, hətta adada yaşayan fransızların evlərinə hücumlar təşkil edilib. 2014-cü ildə qanlı mübarizə dayandırılsa da, bu təhlükə indiyə qədər qalmaqdadır.

Bayern

Almaniyanın ən zəngin əyaləti olan Bayerndə əhali müstəqilliyə meyilli olmasa da, belə bir vəziyyətdə əyalətin təkbaşına ayaqları üzərində dura biləcəyinə heç kimin şübhəsi yoxdur. 13 milyonluq əhalisiylə Bayern iqtisadi baxımdan da diqqət çəkir. Almaniyada varlı və yoxsul əyalətlər arasında fərqi azaldacaq maliyyə bərabərliyi sisteminin yaradılması əhalini ən çox narahat edən məsələdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1125
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."