yaqland_2erdfy6756754656Avropa Şurasının baş katibi Torbörn Yaqland yanvarın 26-da Strasburqda açılan AŞPA-nın qış sessiyasının iştirakçılarına müraciətində “bəzi ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoymamasından ciddi “narahat olduğunu” bildirib. “Avropa İnsan Hüquqları Konvensiyası Avropa Şurasının bütün üzvləri üçün kompasdır, bu standartları qəbul edənlər ona əməl etməlidirlər”, – deyən baş katib önə çəkdiyi standartlar sırasında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına hörmətlə yanaşılmasının vacibliyinə xüsusi yer ayırıb. Məhkəmənin qərarlarına sayğısızlıq göstərilməsini, paralel olaraq Konvensiyaya göstərilən sayğısızlıq kimi şərh edib. Fikrinin davamı kimi həbsdə olan “siyasi məhbusların” azadlığı yönündə AHİM-in qəbul etdiyi qərarların icrasının yubadılması üzərində dayanıb. Yaqland bu cür halların Avropa məkanında təhlükəli tendensiyalara yol açdığını vurğulayıb.

İnsan hüquqları üzrə Konvensiyanın prinsip və dəyərlərinin “erroziyaya uğraması” səbəblərinə gəlincə, AŞ baş katibi “terrorizm və miqrasiya kimi problemlərin təsirini” önə çəkib. Deyib ki, sonuncu iki fakt aktual və ağır problem olaraq o qədər baş qatıb ki, Konvensiyaya qarşı hörmət göstərilməsi unudulub. Amma çox maraqlıdır ki, sadaladığı problemlərin ortaya çıxmasını isbatlamaq üçün nümunə axtaranda Yaqland miqrasiya problemini qabardan ölkələrin deyil, Azərbaycanın üzərində dayanıb. O, AHİM qərarlarına məhəl qoyulmamasından yaranan təhlükənin ciddiliyini önə çəkmək üçün “nümunə olaraq” Azərbaycanı göstərib, ölkədəki “siyasi məhbus” mövzusunu qabardıb.

Avropada insan haqları böhranının, xüsusilə miqrantların yaratdığı və miqrantlara qarşı yaranan problemlərin haradan başladığı hər kəsə bəllidir. 2015-ci ildə Avropada zəlzələ effekti verən miqrant böhranını həll etmək Avropa ölkələri üçün təkcə Avropa İnsan Hüquqları Konvensiyasının yaratdığı mənəvi-hüquqi hal deyil, həm də Avropa ölkələrinin rəsmi müqavilələrlə üzərlərinə götürdükləri öhdəlikdir. Amma Avropa təşkilatları bu faktı nəinki qabartmırlar, əksinə, onun hətta xatırlanmaması üçün çeşidli variantlar qururlar. Yaxın Şərqdə yaşanan bütün bəlaların, o cümlədən miqrant probleminin kökündə dayanan səbəblərdən birinin məhz “Avropa Qonşuluq Proqramı” olduğu isbata yetirilmiş haldır ki, proqramın müəllifləri sırasında Yaqlandın rəhbərlik etdiyi qurum da xüsusi paya malikdir. Proqram çərçivəsində Yaxın Şərqdə demokratiyanı bərqərar etmək adı altında çaxnaşma başladılıb, qarşıdurmalar alovlandırılıb, insanlar ev-eşiklərindən didərgin salınaraq miqranta çevriliblər. İndi miqrant problemini həll edə bilməyən Avropanın məsuliyyəti bir kənara qoyularaq, miqrant probleminin qabarması ilə “Avropa İnsan haqları Konvensiyasının yaddan çıxması, arxa plana keçməsi” tezisi ortaya atılıb. Konvensiyanın unudulmasının “bariz nümunələrindən” biri kimi isə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına sayğısız yanaşılması göstərilir.

Qəribə səslənməsinə baxmayaraq, AŞ baş katibinin bu tezisi hətta reallıq kimi qəbul edilsə belə, tezisin isbatlanması üçün nümunə seçimində qərəzə yol verildiyi aşkar görünür. AHİM qərarlarına sayğısız yanaşıldığını isbatlamaq üçün Yaqland daha geniş mənbələrə istinad edə bilərdi. Məsələn, bir milyona yaxın azərbaycanlının yurd-yuvalarından didərgin salınmalarını, mülkiyyətlərindən məhrum edilmələrini, humanitar fəlakətə məruz qalmalarını və AHİM-in bu kateqoriyaya daxil olan insanlar haqqında qərarını önə çəkmək mümkün idi. Yada salaq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası 2015-ci il iyunun 16-da “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar çıxardı. İş Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın Laçın rayonundan zorla qovulmuş 6 nəfər Azərbaycan vətəndaşı tərəfindən verilmiş iddiaya əsaslansa da, ümimilikdə erməni təcavüzü nəticəsində yurd-yuvasını, mülkiyyətini itirmiş bir milyona yaxın azərbaycanlıya şamil edilə bilər. 6 aprel 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan Respublikasına qarşı iddia irəli sürən şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalının davam etdirilməsi ilə əlaqədar Laçın rayonunda öz evlərinə qayıtmaqdan məhrum edilib və beləliklə, orada yerləşən mülkiyyətlərindən istifadə edə bilməyiblər. İddiaçiların müraciətində bunun “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə mülkiyyət hüquqları, o cümlədən, Konvensiyanın 8-ci maddəsi ilə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasının davam etdirilməsi olduğu bildirilib. Yekun olaraq, yuxarıda qeyd olunan bütün şikayətlər ilə bağlı onlar etnik və dini mənsubiyyət baxımdan ayrı-seçkiliyə məruz qalaraq, Konvensiyanın 14-cü maddəsinin pozulması ilə əlaqədar şikayət irəli sürüblər. Məhkəmə iddiaçıların xeyrinə qərar qəbul edib, Konvensiya əsasında onların bir sıra hüquqlarının Ermənistan tərəfindən pozulmasının davam etməsini tanıyıb. Amma Ermənistan bu qərara heç bir əhəmiyyət verməyib. Maraqlıdır ki, heç Yaqland da onu xatırlatmağa səy göstərməyib. Hansı ki o, ümumi prinsipi təsvir edərkən: “Əgər ayrı-ayrı dövlətlər öz öhdəliklərinə məhəl qoymursa və ya qaydalara əməl edib-etməməklə bağlı seçimə cəhd göstərirlərsə, bu, yolverilməzdir”, – deyib.

Məlumat üçün bildirək ki, Strasburqda AŞPA-nın qış sessiyası çərçivəsində Azərbaycana qarşı neqativ halların yaşanması tendensiyası ilk gündən özünü göstərib. Azərbaycan tərəfi sessiya çərçivəsində iki mühüm sənədin qəbuluna hazırlaşmışdı. Bunlardan biri “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabat idi. Qurulmuş kombinasiyalar nəticəsində birinci sənədin qəbulunun qarşısı alınıb. Azərbaycan nümayəndə heyətinin üzvləri baş verənləri Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) “görünməmiş saxtakarlıq” kimi ifadə edərək, Avropa Şurası rəhbərliyinin ATƏT-in Minsk Qrupu ilə gizli sövdələşməyə gedərək, sənədlərin qəbulunu əngəllədiklərini bildirdilər: “Avropa Şurası rəhbərliyi Minsk Qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəllədi. İclası AŞPA-nın yeni prezidenti Aqramunt aparırdı. Səsverməyə yaxınlaşanda qəfildən Pedro Aqramuntu çağırdılar və yerinə vitse-prezident keçdi. O isə səsvermənin gedişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nəfər iştirak etmədiyinə görə səsverməni uzadırlar. Nəticədə Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə olmaqla rədd edildi”. Ehtimal etmək olar ki, saxtakarlıq üzərində çox dayanılmasın deyə, Yaqlandın bəyanatı ilə “AHİM-in siyasi məhbuslarla bağı qərarları icra olunmur” formasında mübahisəli mövzular gündəmə gətirilib.

Xatırlatmağa dəyər ki, AŞ baş katibi bundan az öncə də gözlənilməz manevrləri ilə diqqət mərkəzinə gəlmişdi. 2015-ci ildə Azərbaycanda “İnsan haqlarına dair birgə işçi qrup”unun bərpa edilməsini alqışlayıb onun sıralarında təmsil olunmağa başlayan Torbörn Yaqland bir müddət sonra, oktyabrın 7-də, müəmmalı şəkildə qrup tərkibində fəaliyyətini dayandırdığını açıqladı. Həmin dönəmdə siyasi ekspertlərdən biri bununla bağlı maraqlı tezis irəli sürdü: “Onlara Azərbaycanda insan haqları ilə bağlı problemlərin aradan qalxması yox, süni formada uzadılması lazımdır. Çünki Azərbaycana təzyiq üçün əllərində olan vasitələri itirmək istəmirlər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."