Avropa yenidən Türkiyənin qapısına qayıdır - Fransanın qondarma “soyqırım”a görə cəzanı ləğv etməsinin şərhi

Müəllif: Redaktor

Editor

Fransa qondarma “erməni soyqırımı” ilə bağlı cinayət məsuliyyətini özündə əks etdirən qanunla bağlı qərar qəbul edib. Belə ki, Fransa Konstitusiya Məhkəməsi “erməni soyqırımı”nı inkar etməyin kriminallaşdırılması haqqında qanunu ləğv edib. Belə bir addımın atılması nədən xəbər verir?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu deyib ki, Fransanın belə bir addım atması ilk növbədə baş verən proseslər fonunda Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir:

“Diqqət etsəniz görərsiniz ki, daha çox daxili auditoriya üçün çıxışlar edən ABŞ prezidenti Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı olduğunu göstərir. Halbuki, Avropanın indiki məqamda Rusiya ilə münasibətləri ziddiyyət təşkil edir. Digər tərəfdən biz Avropa ilə münasibətləri son dərəcədə kəskinləşən Türkiyənin Rusiya ilə əlaqələrinin normallaşmasının, hətta bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmə cəhdlərinin şahidi oluruq. Bütün bunlar təbii ki, Avropanı bəzi qərarlarından vaz keçmək məcburiyyətində qoyacaq. İlk addımlar da elə qoca qitənin iki lider ölkəsindən gəldi: paytaxtında PKK-ya siyasi çadır qurmasına icazə verən və hətta onu polisi ilə mühafizə edən Almaniya iki gün əvvəl, 2013-cü ildən bu terror təşkilatının Almaniyadakı fəaliyyətinə rəhbərlik edən liderlərini həbs edir. Bu həbsdən bir gün sonra, Fransa Konstitusiya Məhkəməsi “erməni soyqırımı”nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edir. Təbii ki, Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək. Məqsəd, ən azından Rusiya ilə münasibətlərinin normallaşması üçün Türkiyədən bir vasitəçi kimi istifadə etməkdən tutmuş, Yaxın Şərq siyasətində daha aktiv və qalib tərəf kimi görünən Əsəd-İran-Rusiya üçlüyünə qarşı müəyyən üstünlüklərə qədər geniş spektri əhatə edir. Bütün bu məqamlarda Türkiyə, qoca qitə üçün yeganə, alternativsiz müttəfiqdir. Artıq Türkiyə, bu atılan addımlarla kifayətlənərək, ondan gözlənilənləri edəcəkmi, bu, bir qədər mübahisəlidir”.

V.Zifəroğlu deyib ki, Türkiyənin Avropadan gözləntiləri bəllidir:

“Bunlar terror məsələsində ikili yanaşmaya son qoyulması, Avropa Birliyinə üzvlük məsələsinə obyektiv yanaşma, viza problemlərinin həlli, NATO ölkəsi olaraq, Yaxın Şərq siyasətinə dəstək və s. nüanslardır. Hər halda indiki dönəmdə, Avropanın sadalanan məsələlərdə müəyyən qədər güzəştə gedəcəyini düşünmək olar. Təbii ki, Türkiyənin Avropaya münasibətdə qarşılıqlı olaraq hansı addımlar atacağı da indi çox maraqlıdır”.

 

BƏXTİYAR
Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir