!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ayaqqabısı cırılmışdı, corabları suyun içində idi” – Kasıbların ali təhsilli pinəçisi

!Reklam – Yazi

Yenicag.az-ın “Sadə peşə adamları” rubrikasının qonağı pinəçi Hacı Əli Mehralıyevdir.

Sənətkarlar çox maraqlı insanlar olurlar. Belə sənətkarlardan biri də 8-ci mikrorayon, Nizami Nərimanov küçəsində yerləşən olduqca kiçik bir emalatxanada ayaqqabı təmiri ilə məşğul olan Hacı Əli Mehralıyevdir. Hacı Əli ilə çəkməçiliyin sirləriylə yanaşı, günümüzdə baş verən maraqlı hadisələrdən də danışdıq.

27 ildir ki, çəkməçiliklə məşğul olan usta peşəsinin çətinliyindən şikayətçi deyil:

– Əvvəllər müəllim işləyirdim. Amma sonradan işsiz qaldığımdan bu sənəti öyrənməyə başladım. Dədəm, babam… hamımız halal zəhmətlə məşğul olmuşuq. Rayon adamıyıq. Uşaqlığım Əlibayramlı (indiki Şirvan) şəhərində keçib. Gənc yaşlarımdan idmanla məşğul olmuşam. Orta məktəbi bitirdikdən sora sənədlərimi S.M. Kirov adına Bakı Dövlət Universitetinə verdim (indiki Bakı Dövlət Universitetinə).

Tarixçi olmaq istəyirdim. Amma aşağı bal topladığımdan universitetə daxil ola bilmədim. Həmin il əsgər getdim. Qayıtdıqdan sonra 1979-cu ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul oldum, güləş ixtisası üzrə təhsil aldım. Ali məktəbi bitirdikdən sonra təyinatla Bakıdakı Əmək Ehtiyatları Cəmiyyətinə göndərildim, bir müddət orada ixtisasım üzrə müəllim işlədim. İş elə gətirdi ki, 20 yanvar hadisələri zamanı Bakıya hücum çəkən “Qırmızı ordu” mənim işlədiyim cəmiyyətə məxsus obyektləri və idman zallarını ələ keçirtdilər. Yuxarıların göstərişi ilə cəmiyyətə məxsus olan güləş zalları hərbçilərin ixtiyarına verildi və burada çalışan müəllimlərin hamısı işsiz qaldı. Bundan sonra məcbur qalıb, özümə iş axtarmağa başladım. Qərara gəldim ki, ailəni dolandırmaq üçün ayaqqabı təmirinə başlayım. Elə o vaxtdan bu sənəti öyrənməyə qərar verdim. İndi özümü bu sənətin ustası hesab edirəm”.

– Tanınmış adamlardan kimin ayaqqabısını yamamısız?

– Vallah, yanıma o qədər adam gəlib-gedib ki, onun hansının vəzifəli, hansının tanınmış şəxs olduğu yadımda qalmayıb. Yalan deyə bilmərəm. Amma bir onu bilirəm ki, vəzifə elə bir şeydir ki, bu gün var sabah yoxdur. Yanıma imkanlı adamlar az gəlir. Gələnlər adətən, yaşlılar, bir də uşaqlardır. Varlı adamın pinəçidə nə işi? Onlar ayaqqabını bir az geyinir, rəngi solmamış atır qırağa. Bu sənət olduqca maraqlıdır. Hər tipdə olan insanlarla rastlaşırıq. Bizim işimiz müştərini yola vermək bacarığıdır. Allaha çox şükür ki, bu günə qədər elə bir problemlə üzləşməmişəm. Biz iman əhliyik. Güvəndiyimiz Allahdır. Əlimdən yaxşılıqdan başqa bir iş gəlməz.

Atam həmişə deyir ki, oğlum, nə qədər bacarırsan yaxşılıq elə. Mən də kasıbların pinəçisiyəm. Bir də görürsən, yaşlı qadındır, gəlir ki, ay oğul, ayaqqabım cırılıb, cibimdə də 1 manat var. Demişəm, eybi yoxdur, gətir. Eləsi də var ki, o qədər kasıbdır ki, heç qara qəpiyi də yoxdur.

Heç yadımdan çıxmaz: bir dəfə möhkəm yağış yağırdı. 12-13 yaşlarında oğlan uşağı gəldi. Baxdım ki, ayaqqabısı cırılıb, corabları da su içindədir. Onun ayaqqabısını pulsuz yamadım. Hətta tikiş yerlərindən gördüm ki, ayaqqabı bir-neçə dəfə usta yanında olub. Uşağa isti çay verdim. Dedi, atam yoxdur, anam peraşki bişirib satır. Ürəyim sızıldadı. Uşağın ayağının ölçüsünü götürdüm, dedim gələn həftə gəl, sənə təzə ayaqqabı tikib verəcəm. Həmin ayaqqabını o uşağın ayağına geyindirdiyim gün məndən xoşbəxt adam yox idi.

Məhəbbət Orucov

www.yenicag.az

2634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv