www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında yerləşən və bu günlərdə bağlanan “26” adlı kafe ilə bağlı deyəsən, sözügedən qurumun başı dərdə düşüb. Belə ki, gəzən söz-söhbətə görə, hadisə AYB-in ləğv olunmasına gətirib çıxaracaq.

Hətta AYB-nin mətbuat katibi Xəyal Rzanın Modern.az-a məsələ ilə bağlı verdiyi açıqlaması qurumun bağlana biləcəyi versiyasının real olduğunu düşünməyə əsas verir:

“Hazırda AYB-də məsələ ilə bağlı iclas başlayıb. Hardasa günorta saatlarında bu barədə bəyanat veriləcək. Bəyanatı mətbuata yayacağıq. O zaman Yazıçılar Birliyinin bağlanıb-bağlanmayacağı barədə cavabı həmin bəyanatda tapacaqsınız. İndi heç nə deyə bilmərik”.

Görəsən şair və yazıçılarımız bu barədə nə düşünürlər? Ümumiyyətlə, AYB-nin fəaliyyətini qənaətbəxş hesab edirlərmi?

Yazıçı Əkrəm Əylisli Yenicag.az-a açıqlamasında Yazıçılar Birliyinin öz “qətlinə” fərman verəcəyini istisna etdi:

“Belə bir halın olacağını, Yazıçılar İttifaqının – indi adını Birlik qoyublar – özünü buraxacağını ağlınıza da gətirməyin. İndiki rəhbərlik büdcədən maliyyələşən, sovurub-sümürdükləri bir təşkilatı hara buraxırlar?

Hamı bilir ki, Yazıçılar Birliyi buraxılsa, büdcədən maliyyələşmə kəsilsə, təşkilat bir ay sonra məhv olub gedər. Ümumiyyətlə, Birlik rəhbərliyinin öz kürsülərindən birbaşa Fəxri Xiyabana getməsi daha realdır, nəinki təşkilatı buraxması.

Məncə, belə xəbərlərin yayılması jurnalistlərin şişirtməsidir, ağır topudur (gülür)”.

Ə. Əylisli Yazıçılar Birliyinin adı keçən “26” kafesinin bağlanmasına da münasibət bildirib:

“O müqavilənin mətbuatda dərc olunmuş surətinə baxdım. Mənə hələ də çox qaranlıqdır ki, həmin müqaviləni niyə Anarın özü yox, Çingiz Abdullayev imzalayıb.

Çünki qaydalara görə belə hallarda müqavilə müəssisə rəhbərləri tərəfindən imzalanır. Çingiz Abdullayev isə kurator olduğu halda, müqaviləyə imza atıb. Niyə, nə məqsədlə, bu, mənə aydın deyil”.

Yazıçılar Birliyinin buraxılması ehtimalını Yenicag.az-a dəyərləndirən şair Baba Vəziroğlu belə bir addıma ehtiyac olmadığını deyib:

“Əvvəla, qeyd edim ki, Yazıçılar Birliyinin Nizamnaməsinə əsasən, təşkilatın buraxılması səlahiyyəti qurultaya məxsusdur. Yəni İdarə Heyətinin belə bir səlahiyyəti yoxdur. İdarə Heyətinin iclasında qurultayın çağırılması məsələsinə baxılıb-baxılmayacağını bilmirəm.

Şəxsi fikrim budur ki, Yazıçılar Birliyinin buraxılmasına ehtiyac yoxdur. Sovetlərin süqutundan sonra Azərbaycanın öyünəcəyi məsələlərdən biri də yaradıcılıq birliklərinin yaxşı mənada qorunub saxlanmasıdır.

Yazıçılar Birliyi büdcədən maliyyələşir və ayrılan dövlət vəsaiti hesabına bəzi dövri ədəbi nəşrlərin çap xərcləri ödənilir, gənclərin yaradıcılığına dəstək verilir və sair. O baxımdan, Birliyin buraxılması məqsədəuyğun deyil”.

B. Vəziroğlu Yazıçılar Birliyinin buraxılması məsələsinin gündəmə gəlməsində təşkilat rəhbərliyinin kommersiya münasibətlərində olduğu “26” kafesinin bağlanmasına yönələn qalmaqalın rol oynadığını düşünmür.

Yazıçı Seyran Səxavətin də məsələyə münasibəti birmənalıdır:

“Mən başa düşmürəm, Yazıçılar Birliyi niyə bağlanmalıdır ki? Yenə arada gedirik, tədbir keçiririk, kitab təqdimatlarında iştirak edirik. Ora biz yazıçıların evidir”.

Şair Şəhriyar Del Gərani isə AYB-nin qalmasına tərəfdar olduğunu bildirdi:

“Yazıçılar Birliyinin bağlana biləcəyi məsələsindən ümumiyyətlə, xəbərsizəm. Azərbaycan elə bir yerdir ki, hansısa nazirliyin bağlanaraq, digərinə birləşməsi fantastik hadisə deyil, gözümüzün qabağında olur. Bu mənada Yazıçılar Birliyi bağlana da bilər, bağlanmaya da. Amma bağlanmasa daha yaxşıdır. Yazıçılar Birliyinin olması vacibdir. Yuxarı eşalonda oturan məmurlar arasında AYB ilə əlaqədar hansı söhbətlərin getdiyindən xəbərim yoxdur. Amma bir oxucu kimi qurumun qalmasını istərdim”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1346
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."