!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aydın Mirzəzadə: “Müxalifət təklif vermir, hakimiyyəti dəyişməyə çağırış edir”

!Reklam – Yazi

aydinmirzezadeHakim partiyanın təmsilçisi müxalifətin irəli sürdüyü təkliflərin iqtidar tərəfindən nəzərə alınmamasına dair iradları əsassız hesab edir.

Yeniçağ.Az xəbər verir ki, müxalifətdə olan bir qrup partiyanın dünən keçirtdiyi geniş toplantıda ölkənin mövcud iqtisadi durumu müzakirə olunub. Toplantıda çıxış edən müxalif liderlərin iqtidara yönələn tənqidlərindən biri də onların irəli sürdükləri iqtisadi xarakterli təkliflərə əhəmiyyət verilməməsi olub. Partiya sədrləri onların ölkədəki iqtisadi böhranın aradan qaldırılmasını ehtiva edən təkliflərinin nəinki qəbul olunması, heç müzakirəyə də çıxarılmamasından narazılıqlarını bildiriblər.

Müxalifət nümayəndələrinin bu iradı ilə bağlı Yeniçağ.Az-a danışan Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə bildirib ki, siyasi rəqiblərin təklif adlandırdıqları fikirlər yalnız söz yığınından ibarətdir:

“Müxalifət partiyalarının toplantıdakı çıxışlarını mətbuatdan izləmişəm. Mən onların təkliflərinin guya hakimiyyət tərəfindən nəzərə alınmaması haqda iradlarını əsaslı saymıram. Çünki onların nə çıxışlarında, nə də təklif adlandırdıqları fikirlərində heç bir konkretlik yoxdur, dedikləri ümumi sözlərdən ibarətdir. Digər tərəfdən, müxalifət partiyalarının əksər sədrlərinin çıxışında isə təklif səsləndirilmir, hakimiyyəti dəyişməyə çağırışlar edilir. Yəni qarşı tərəfdən hər hansı konkret və aktual bir təklif olarsa, hakimiyyət əlbəttə ki, onu nəzərdən keçirər. Ancaq unutmaq lazım deyil ki, hakimiyyətə gələn istənilən siyasi qüvvə öz iqtidarı dönəmində seçkilər ərəfəsində xalqa verdiyi vədlərə əməl edir. Bu gün Azərbaycan hakimiyyəti də dövlət və xalq üçün lazım olan vacib işləri, kompleks proqramı uğurla həyata keçirir. Müxalifətin yanaşmasındakı bir çox məqamlar isə hakimiyyətin uğurlu fəaliyyət tezisləri ilə ziddiyyətlidir. Belə olan halda, hakimiyyət nəyə görə xalqın dəstəklədiyi, uğurla həyata keçirtdiyi fəaliyyətinə müxalifətin əks məzmunlu təklifləri əsasında yenidən baxmalıdır? Ancaq bununla belə, hər hansı aktual, ciddi və konkret təklif olarsa, onu müzakirə etməkdə problem yoxdur. Lakin belə təkliflərin şahidi olmuruq”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv