Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrində sərnişinlər üçün yemək və içki sifarişinin ödənişində analoqsuz təcrübə tətbiq edilib.

Yenicag.az xəbər verir ki, AZAL-ın təyyarələrində sərnişinlərə təklif olunan menyüdə qiymətlər manat yox, avro ilə göstərilib.

Azərbaycanın dövlət aviaşirkəti olan AZAL-ın fəaliyyətindəki nöqsanlarla bağlı dəfələrlə yazılıb. Media və sosial şəbəkələrdə AZAL-ın əsaslandırılmamış tarif siyasətindən tutmuş xidmət səviyyəsinın yarıtmazlığına qədər az qala hər gün yeni faktlar açıqlanır.

Adıçəkilən dövlət şirkətini tənqid hədəfinə çevirən növbəti məqam AZAL-ın təyyarələrində sərnişinlərə təklif olunan yemək və içkilərin qiymətinin avro ilə hesablanmasıdır. Azərbaycan qanunvericiliyinə əsasən, ölkə ərazisində ödənişlər istisnasız olaraq manatla aparılmalıdır. AZAL-ın öz menyu hesablarını xarici valyuta ilə göstərməsinin Azərbaycan qanunlarına uyğunsuzluğunu hələlik bir kənara qoyaq.

İş ondadır ki, AZAL təyyarələrində yemək sifariş edən sərnişinlər hesabı avro ilə ödəsələr də verdikləri pulun qalığı onlara manatla qaytarılır. Azərbaycan vətəndaşlarına münasibətdə bu taktikanı haradasa başa düşmək olar. Bəs ömründə cəmi bir dəfə Azərbaycana işgüzar səfərə gələn, yolu bir daha Bakıya düşməyəcək ABŞ və ya Braziliya vətəndaşlarına manatla qalıq qaytarmaq hansı məntiqlə izah olunur?

Bu məsələyə aydınlıq gətirmək üçün əlaqə saxladığımız AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski hər zaman olduğu kimi sualımızı yazılı formada göndərməyimizi istədi. Lakin aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, AZAL-a göndərdiyimiz sorğuya heç bir cavab verilmədi. Absurdun nə izahı ola bilər ki?

Mövzu barəsində Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, AZAL belə bir “menyü siyasəti” nə qanunlara, nə də beynəlxalq praktikaya uyğun deyil:

“Əslində, müasir dünyada nəinki yerdə, obrazlı desək, hətta göyün yeddinci qatında – yəni təyyarələrdə də sərnişinlərin elektron qaydada ödəniş edə bilmələri üçün bütün şərait yaradılıb. Bu halda sərnişinlər heç bir əziyyət çəkmədən öz ödənişlərini edirlər.

Ancaq təəssüf ki, AZAL bu və digər proqressiv məqamların tətbiqi haqqında düşünmür. Əvvəla, AZAL təyyarələri də Azərbaycan ərazisi sayıldığı üçün orada yeməklərin qiyməti də manatla göstərilməlidir. Şirkət qanunvericiliyin bu tələbini yerinə yetirməməsinin səbəbinə aydınlıq gətirməlidir.

Yaxşı, AZAL-ın çox sayda beynəlxalq reyslər həyata keçirtdiyini nəzərə alıb, qiymətlərin avro ilə göstərilməsini başa düşmək olar. Ancaq bu halda da yeməklərin qiyməti avro ilə bərabər, həmin günün məzənnəsinə uyğun olaraq, manatla da göstərilməlidir. Yəni bunu da etməyə ehtiyac görməyiblər.

Avro ilə nağd ödənişdən sonra əcnəbilərə pulun qalığının manatla qaytarılmasının isə ümumiyyətlə, məntiqi izahı yoxdur. Hər halda, söhbətin AZAL kimi bir şirkətdən getdiyini fikirləşəndə, təəccüblənməyə yer qalmır. Ancaq belə olmaz, dəyişmək lazımdır”.

A.Zeynalov
Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 131
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."